"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu
10 aprel 2025
# 17:00

Bu gün mərhum alim, folklorşünas, türkoloq Arif Acaloğlunun doğum günüdür.

O, 15 noyabr 2023-cü ildə avtomobil qəzasında vəfat edib.

Kulis.az onun Paşa Əlioğluya məktubunu təqdim edir.

Günaydın, bəy!

Əvvəlcə oturub M.Arifə (Arif Əmrahoğlu – red.) bir uzuuun məktub yazdım. Yazdım ki, bəzi-bəzi mətləbləri Sizə çatdırsın. Yəqin ki, çatdıracaq da.

Sonra dedim ki, yaxşısı budu, əlimi qatmışam, elə hərənizə birini yazım. “Yarı gör, özüylə danış” üslubunda.

Götürüb birini İsmeyilə (İsmayıl Piriyev – red.) həkk eləyəndən sonra növbə gəlib çatdı SƏNƏ.

Qardaş nə istəyirsən? Çıxıb gəldim ki, canınız rahat olsun. Yenə bəs eləmir? Nədən narazısan? Niyə yazmırsan? Ya elə bilirsən ki dünya belə gedəcək. Bəs, o günü fikir eləmirsən ki, gəlib çıxajam və ciyərini çıxardajam?!

Əvvəlcə özüm xeyli susdum ki, bir az nəfəs dərəsən, istəyəndə də bir əlçim kağız göndərəsən. Olmadı. Mən də acıqca dillənmədim. Sonra Dəli Şeytan (ay görüm, Allah onun o biri gözünü də tutsun) vəsvəsə verdi ki, niyə sən burda dilxor olasan, Paşa orda kef eləsin? Götür, gündə bir məktub yaz, aşına soğan doğra. Daha bundan açıq fikir ola bilməz. İndi özünü gözlə.

Yoxsa məni hərif bilmişdin? Bakıdan tutmuş Ağbabaya qədər, ilin 12 ayını beynimi tökmüşdün ki, “dünya duracaq yer deyil, ey can, səfər eylə”. Belə deyə-deyə məni yoldan çıxardın, didərgin saldın. İndi oturub irişirsən, ləzzət alırsan ki, mənə verdiyin zülmlərin cəzasını çək, Acal. Hələ Məzə dağındasan. Amma canım-gözüm,

Türk mifologiyası möcüzədir. Onun Tövbə dağı da var. O dağdan Allah öz bəndələrini saxlasın.

Bir məsələni Arifə yazdım ki, sənə çatdırsın. Yadındamı, mənə yekə-yekə yazmışdın ki, “Gəl gedək dərd çəkməyə// Dizimizəcən torpağa batmağa və s.” bu kimi şairanə sözlər.

İndi mən bunları yadıma saldıqca necə inanmayım ki, “şair sözü, əlbəttə, yalandır”.

Bəy, ümumiyyətlə, özün bilən yaxşıdır. Nə sən körpəsən, nə də mənim səndən (qardaşımdan) sevgi və istilik dilənməyə həvəsim var. Hərə öz başının çibinini qoruyur. Məni yaradan Tanrı təskinlik payımı da verər.

Amma axı niyə belə olmalıdır? Mən bu şəkildə, bu tonda yadla danışmalıyam, səninlə yox! Sən də belə-belə mətləbləri hamıdan yaxşı duyursan. Onu da bilirsən ki, bura gələli mənim Azərbaycan deyilən məmləkətlə faktiki olaraq heç bir əlaqəm yoxdur. (Yalnız hərdənbir M.Ariflə danışa bilirəm). Nə baş verir, nə dəyişir, iş-gücünüz nədir, kim ölür, kim qalır?.. Nə yazırsan, nə düşünürsən, nə oxuyursan? Bəlkə, bir şey gərək olur? Daha demirəm ki, bəlkə, bir fikir bölüşmək lazım gəlir; deyəsən, buna ehtiyac yoxdur, iş belə getsə, olmayacaq. Yazıq o günə.

Həm də yazıq o günlərə ki, dünya-aləm məni əzib suyumu çıxaranda, Kəpənəkçi kəndinin yalqızlığına məhkum olanda hamı (daha çox da sən) yazardı. Onda ağır vaxtıydı, pis günüydü. Amma, o vaxt təklik mənə lazımıydı, ləzzət alırdım.

İndi... İndi işlər əla gedir. Faciəvi şəkildə əladır. Ən pisi odur ki, bu vəziyyətdə özümü hamıdan fərqli olaraq daha tək hiss eləyirəm. Sizinlə ömrümün bu uğurlu günlərini bölüşmək istəyirəm. Fakat nasıl!

Xəstələnəndə, yaxud pis günə qalandamı yazacaqsan? Gərəkməz, bəyim. Pis gündə, dərdli çağlarda könül şahid sevməz. Dərd tək çəkiləndə ağır da olsa, daha şirindir. Dərd kişinin özünündür. Mərd oğul sevinci bölər. Kimlə? Arkadaşlarlamı, dostlarlamı?.. V.Cəbrayılzadə demiş: “Ax, vəfasız dostlar, zalım qardaşlar”...
Yüz də burda otur, “mürüvvətsiz insanları çağır”, hara çatar, kimə yetər. “Göy iraq, yer qatı”.

Ən acısı da odur ki, heç cür unuda bilmədiyim, yuxumdan getməyən, inanıram ki, məni də ən çox istəyən iki bəylə (Abbas və Əbülfəz – Abbas Abdulla və Əbülfəz Elçibəy - red.) də əlaqə saxlaya bilmirəm. Telefonlar, elə bil, sizlə sözləşib. Əbülfəz bəyə heç cür zəng edə bilmirəm, Abbasla da cəmi bir dəfə danışa bilmişəm.
Oxu, oxu bütün bunları və görüm nə ləzzət alırsan. Doğurdanmı bizim üçün deyilmişdi ki:

Hilal qaşın əyrisi
Dərdin çəkməz qeyrisi.
Döy başına, hey ağla
Olluq illər ayrısı.

Kərimov, istəyirsən inci, istəyirsən incimə. Bütün bunlar kiməsə deyilməliydi. Mən üçüncü məktubda “cüşə” gəldiyim üçün sənin qismətinə düşdü. Görünür, təsadüfi deyil - sənə daha böyük ərkim var.

Əslində, bütün bunları yazmaya da bilərdim. Yəni, bir neçə belə bayatı göndərə bilərdim, özün də hər şeyi qanardın. O bayatılar nə təhər yaranıb? Kişilər hər şeyi görüblər, sınayıblar, minillərin, min sizin kimi arkadaşın təcrübəsini damcı-damcı yazıb düzüb-qoşublar. Başqa xalqlar haqda nə deyirlər desinlər, türkün klassik fəlsəfəsi elə buradadır. Bir az şüurumuz olsa onu “oxuyub” indiki terminlərə çevirə bilərik, bütün dünyaya görk olar.
Belə-belə fikirlər, acı-şirin anılar və dah nələr, nələr məni tək qoymur. Siz özünüz bilin.

Hətta qüdrətli Eros və Afrodita kimi gözəlçələr belə fikir-xəyalımı dağıda bilmir. Çoxu düşünür ki, belə şeylər baş qata bilər. Amma mən bütün səlahiyyətim və səmimiyyətimlə (sözlərə bax!) şəhadət verirəm ki, inanma, boş sözdür, uydurmadır. İnan o sözə ki, dədələr deyib:

Bu yol Qazağa gedər,
Dönər sazağa gedər.
Bir əlim yar qoynunda
Fikrim uzağa gedər.

İndi gəl mənim günümə bax! Anam da deyir, qurdürəkli oğul böyütmüşəm. Oğul bədbaxt neyləsin ki, Vətən deyəndə, arkadaş deyəndə dodağı dörd yerdən çatlayır.
Nə isə salamat qal. Əbülfəz bəyə salam de. Evdəkilərə də salam söylə. İndi də son vaxtlar tez-tez oxuduğum, ləzət aldığım, heç bir xalqda tayını tapa bilmədiyim bir-iki folklor örnəyi yazım, oxu, qan!

Vaxtilə Əbülfəz bəy deyirdi ki, bizim folklorumuzda qəriblik universal fəlsəfi konsepsiya səviyyəsində işlənib. Ona inanırdım, amma düz-əməlli baş açmırdım. Dediklərini anlamaq və həmin örnəkləri duymaq üçün Tartuya yox, lap Aya da getmək olar. Hətta bəlkə, sənin kimi şairlərin arkadaş vəfasızlığı da bunun üçün zəruridir.

Onu da deyim ki, bu şeirlər üzərində sən də düşün. Gələndə bir söhbət edərik. Çox maraqlı məsələdir.
Bu şeirləri seçməkdə mənim indiki psixoloji durumum müəyyən təsir göstərsə də, daha ciddi səbəblər var. (Bir də ki, mən onlarla hələ Bakıda məşğul olmağa başlamışdım.)

Haldan-hala düşən viran könlümün
Hər bir məhləsində cahan əyləşmiş.
Gah şah, gəda olur, gah dana, nadan,
Gah hər məhləsində zindan əyləşmiş.

Biri məhləsində yeddilər, beşlər,
Biri məhləsində bəzirgan işlər,
Biri məhləsində doqquz dərvişlər,
Biri məhləsində piran əyləşmiş.

Biri məhləsində canan can eylər,
Biri məhləsində gül fəğan eylər,
Biri məhləsində bülbül qan eylər,
Biri məhləsində gülşan əyləşmiş.

Biri məhləsində cəmalın görəm,
Biri məhləsində güllərin dərəm,
Biri məhləsində biçarə Kərəm,
Biri məhləsində canan əyləşmiş.

(Azərbaycan dastanları, II cild, səh. 41)

(“Əsli- Kərəm”. Kərəm deyir.)

Yalnız bir yerdə könüldəkilər zaman boyunca düzülür (gah, gah...) və eyni zaman daxilində bütün “məhlələrdə zindan əyləşə” biləcəyi göstərilir. Bu, anlaşılır.
Bəs eyni zaman içində könül “məkanının” (психологического пространство) bu qədər bölünməsi nə deməkdir. Axırıncı bənddəki misra (Biri məhləsində Kərəm əyləşmiş) necə anlaşılmalıdır? Bir halda ki, şeiri Kərəm özü deyir. Bu, müəlliflə lirik qəhramanın ayrılması, yoxsa daha dərin şeydir.

Ümumiyyətlə, bu şeir söz oyunudur, yoxsa fəlsəfi-poetik konsepsiyadır? Sonuncudursa, açarı haradadır, ona hansı tərəfdən yanaşmaq gərəkdir? Mənim üçün bu çox dolaşıq, ona görə də çox maraqlıdır. Bir başını işə sal. Bu yerdə deyərlər ki, “aşıqsansa, ver cavab”.

İkinci şeir çox uzundur. Bəzi bəndlərini yazıram. (Bax: Azərbaycan dastanları, II cild, səh. 56, əlavə bəndlər izahda verilib. Səh. 430)

Aldı Kərəm:

Qəlbi havaynan uçarsan,
Endirəydim, könül, səni.
Budaq-budaq gül dalına
Qonduraydım, könül, səni.

Uca dağlar uca olur,
Gündüz keçər, gecə olur,
Gör ayrılıq necə olur
Qandıraydım, könül, səni.

Uca dağdan aşıraydım,
Vətənindən köçürəydim,
Qürbət elə düşürəydim
Yandıraydım, könül, səni. (Bəs özünü?)

Ördəyi ovlarlar göldə,
Şahini bəslərlər qolda,
Bəzirgan keçdiyi yolda
Endirəydim, könül, səni.
(Niyə?)

Müştağam Əslim telinə,
Varaydım oba-elinə
Hərdəm ərəb at belinə
Mindirəydim, könül, səni.

Qurbanam Əsli adına,
Haqq yetirsin muradina, (Muradıma demir!)
Mənim kimi eşq oduna
Yandıraydım könül, səni. (Könlünü özündən nə dərəcədə ayırır!)

Hər halda, bu şeiri açmaq birinciyə nisbətən xeyli asandır. Daha doğrusu, bunun izahı elə birincidən asılıdır.

Birinci şeiri Əbülfəz bəylə məsləhətləş (yaxşı olar ki, kitabı tapasan). Görək burda sufilikdən gəlmə nə var, nə qədim türk görüşləri ilə bağlana bilər.
Məncə, burda maraqlı bir cəhət də var. Qəriblik yalnız sosial səviyyədə (fərdin cəmiyyətdən ayrılması) yox, bir fərd səviyyəsində belə gedə bilən proses (daxili psixoloji parçalanma) kimi anlaşılır. Belədirsə, bu cür örnəkləri toplayıb maraqlı etnopsixoloji və b. araşdırmalar yapmaq olar.

Nə isə! Adam boş duranda oxuyur, oxuduqca da ağıl bir az zayıllayır. Çox bənd olma.

Ayın axırında (daha doğrusu, Novruz bayramı üçün) gəlmək fikrim var. Görünür, baş tutacaq. Əgər sifətimdən bezikmisənsə, bəyə de, sənə bir ezamiyyət düzəltsin.

Salamat qal!

Öpürəm hamınızı!

P.S. Amma, kişisən, məktubu oxuyandan sonra bacardığın kimi söy.

Acal
02.03.1984

# 1257 dəfə oxunub

Oxşar xəbərlər

“Park”  Nəşriyyat Evinin təqdimatı oldu

“Park” Nəşriyyat Evinin təqdimatı oldu

20:24 12 aprel 2025
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

16:45 12 aprel 2025
Kənan Hacının 50 illik yubileyi keçirilib

Kənan Hacının 50 illik yubileyi keçirilib

15:45 12 aprel 2025
"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

15:00 12 aprel 2025
Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

12:51 12 aprel 2025
Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

12:00 12 aprel 2025
# # #