Kişi niyə uşaqların gözü önündə həyat yoldaşını qətlə yetirib?

Kişi niyə uşaqların gözü önündə həyat yoldaşını qətlə yetirib?
14 may 2024
# 15:00

Kulis.az Ülvi Bahadırın "Nümunələri dəyişmək" yazısını təqdim edir.

Ölkədə yaşanan hadisələrdən uzaq qalıb qəfildən içinə düşəndə travma yaşayırsan. Elə bilirsən ki, vəssalam, ta belə hallar olmur. Keçmişdə qaldı bu düşüncələr...
Ancaq elə ki saytlarda beş dəqiqə gəzişirsən, hansısa kanala baxırsan, hər şey yenə əvvəlkiləşir, bozarır.

Eynilə bugünkü kimi... Həyat yoldaşı tərəfindən öldürülmüş daha bir qadın. Yetim qalan iki qız uşağı.

Və hadisə haman qız uşaqlarının gözünün qabağında olub. Yadıma Xocalıda anası gözünün qabağında öldürülən uşaqlar düşür.

Şəksiz ki, bu hadisə daha dəhşətlidir. Çünki digərində məsələ aydındır. Bunu eləyənlər düşməndir. Ancaq burda...

Belə hadisələrdə adəti üzrə “od olmayan yerdən tüstü çıxmaz” deyən bir güruh da olur: Ata boşuna eləməz. Yəqin ki, qadın nəsə başqa yolda olub. Yazıq kişi də gəlib görüb, neyləsin, qeyrəti əl verməyib.

Bu adamlar 5 deyil, 10 deyil, minlərlədir. Toplu olaraq belə şeylərə haqq qazandırmaq indiki vəziyyətə gətirib çıxarıb.

Hə, insan affekt vəziyyətində olub kimisə öldürə bilər. Bütün hallarda bu cinayətdir. Bizdə isə belə hadisələr cinayət yox, “namus təmizləmək” hesab olunur. Adam həbs olunsa belə, çoxluq onu qatil hesab eləmir.

Həbsdən çıxandan sonra da ətrafına xeyli adam yığışır. Hətta iş tapmasına-filan kömək eləyirlər. O adam da cinayətkar yox, az qala, qəhrəman kimi gəzir məhəllədə, kənddə, rayonda. Əl üstündə tutulur. Haman məhəllənin, kəndin, rayonun gəncləri çox vaxt onu nümunə götürürlər.

Onsuz da kriminala meyil gənclərdə azalmaq yerinə hər gün daha da artır. Di gəl ki, əvvəllər nümunə götürəndə də belə adamlardan götürmürdülər. İndi nümunələrimiz də dəyişilib, kiçilib, ucuzlaşıb.

Götürək elə bu hadisəni. Qız özü deyir ki, atam narkoman idi. Hər gün anamdan pul istəyirdi.

Məsələ aydındır, əslində. Aydın və tipik.

Belə hadisələr şəksiz ki, dünyanın hər yerində olur. Yəqin ki, hələ uzun müddət də olacaq. Ancaq əminəm ki, heç bir sivil ölkədə belə hadisələrə bizdəki qədər haqq qazandırılmır.

Sizə deyim ki, haqq qazandıranların heç də hamısı cahil, savadsız deyil. Aralarında kifayət qədər bilgili, savadlı adamlar var. Sadəcə, belə yetişiblər, böyüdülüblər.

Dəyişmək üçün isə nümunələrimizi dəyişməliyik.

Hər şeyin başlanğıcı budur – nümunələri dəyişmək.

# 5733 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər