Kim daha çox xoşbəxt olar?! - Rəvan Cavid

Kim daha çox xoşbəxt olar?! - Rəvan Cavid
19 mart 2024
# 16:30

Kulis.az Rəvan Cavidin "Kim daha çox xoşbəxt olar?!" adlı yazısını təqdim edir.

Şairlərin, yazıçıların öz sevgililərinə məktublarını oxuduqca özüm üçün yəqin etdim ki, sənətçi bir dövrdən sonra artıq xoşbəxtliyini, sevincini tərif edə bilmir. Və onu boğan hüznlə əlləşərkən həyatının bütün müstəvilərinə dağılan kədəri daha yaxşı ifadə edir.

İçimizdəki narahatlığı mətnə daha asan çeviririk, nəinki xoşbəxtliyi. Xoşbəxtliyi paylaşmaqda isə sanki paxılıq. Bəlkə də mətnlərdə xoşbəxtliyin nazik üfüq xətti kimi görünməsinə səbəb də budur. Onu təqdim etmək bizə yaddır.

Mətnlərdə (ya da dostlarınıza danışdığınız sıradan bir əhvalatda) Qərb təfəkkürü ilə düşünmək və şərqli olmaq arasındakı seçiminiz sizin xoşbəxtliyi necə və nə qədər ifadə etmək bacarığınızı göstərir. Bu, xislətdir. İnsan xisləti təkliyi və qəhərlənməyi sevir. Buna onu məcbur ediblər. Birinci dəfə cənnətdən qovmaqla, ikinci, üçüncü... milyonuncu dəfə öldürməklə, öldürtməklə. Ona görə də o, xoşbəxtliyi tapanda qorxur. Xoşbəxt olmaqdansa, ümid etməyi seçir. Çünki ümid sonsuz gözləmədir. Darıxmaq və nəyəsə (bəlkə elə xoşbəxtliyə) çatmaq cəhdidir. Mübarizə etmək feilindən yoğrulan insan üçün - bizim üçün bundan gözəl nə ola bilər?!

Xoşbəxtliyin qərbli və şərqli sifətlərindən danışırdıq. Amma bu, bir o qədər də önəmli məsələ deyil. Ona görə yox ki, hər iki düşüncə sistemi üçün xoşbəxtlik mücərrəd və xəyali mənasını konkretləşdirib. Ona görə ki, biz hansı tərəfdə (hansı təxəyyüldə) olmağımızdan asılı olmayaraq onu yaşamağa tələsirik. Xoşbəxtliyə canlı orqanizm kimi baxa bilmirik. Onu əzizləmirik. Onu yaşayıb bitirmək, ardınca tez bitdiyi üçün təəssüflənmək istəyirik. Qərbli bu məsələni zamana hərəkət kimi deyil, faydalılıq əmsalı kimi baxmaqla həll edib. Onun üçün fərqi yoxdu, xoşbəxtdi, ya yox. O, kədərini də, sevincini də yaradıcılığa çevirməyə hazırdır. Onun üçün sənət mövzusunda toxunulmayacaq heç nə yoxdur. Belə olan halda o, nəyisə gizləmək məcburiyyətində də qalmır. Şərqli isə təbiət ananın qucağında bu həzzi yaşayır və bir gün bədbəxtlik baş verərsə, bunu son kimi dəyərləndirir. Şərq mədəniyyətində (məsələn, yaponlarda) hətta bu ölüm üçün alqoritm hazırlayanlar da tapılıb.

Xoşbəxtlik tərəfsizdir. Sevgi və nifrət arasında seçim etmir. Bu seçim onun üçün heç nə ifadə eləmədiyi üçün özü rahatdır. Sadəcə bizi gözləyir. Nifrət edən biri də xoşbəxt ola bilir. Necə deyib Kyerkeqor: "Nifrət uğursuzluğa məhkum olunmuş sevgidir".

Yəni nifrət sevginin şəkildəyişməsidir, yanlış seçimidir. Xoşbəxtlik sevgi sözü ilə sinonimdir. Deməli, həm də nifrətlə.

Alber Kamü məşhur "Hə ilə yox arasında" essesində xoşbəxtliyə bu cür bir izah verir: "O, tamamilə bizimdir. Biz bəzən ona əxlaqsızlığı da şamil edirik"

Görəsən, niyə əxlaqsızlığı?

Burada xoşbəxtliyin nə qədər xüsusi və nə qədər bizim olduğunu göstərmək istəyib müəllif. Bizim üçün o - xoşbəxtlik sadəcə özümüzün duyduğumuz bir həzdir. Kamyu nihilizmə də bu cür çarə tapmışdı. Bizim olmayanların yoxluğuna, bizim olanların varlığına sevinmək lazımdır. Düstur bu qədər sadə imiş, sən demə.

Ədəbiyyat öncə tərbiyələndirmək, sonra xoşbəxt etmək, sonra da göstərmək üçün özünü kitablara məhkum elədi. Hadisələrin özünün necəliyi deyil, onların müəllif tərəfindən nə cür danışılması daha önəmli oldu. Bu gün axı ədəbiyyat suallara cavab tapmır, o, suallar verir. Xoşbəxtlik bu suallar siyahısının ilk sətirlərindədir. Biz necə xoşbəxt ola bilərik?!

Yazıçı, təhkiyəçi həmişə alternativ olanı düşünür. Kədərlidirsə, xoşbəxt olmaq haqqında düşünəcək. Xoşbəxtdirsə, kədərli bir sükut axtaracaq (və buna ehtiyacı olduğunu da qeyd edəcək, amma xoşbəxtlik üçün bu ifadəni çox az işlədir). Deməli, bizim xoşbəxtlik haqqında səhifələri doldura bilməməyimizin bir səbəbi də kədərimizi, əzabımızı tanımamağımızdır. Ya da bütün hisslər bizim uydurduğumuz bir illüziyadır. Bizim düşündüyümüz an mövcud olur. Biz görmək istəyəndə görünür, sonra yoxa çıxır.

Həyatımızın bu qədər sürətli, bu qədər monoton, bu qədər rəngsiz olduğu bir zamanda nəyə görə balıq tutarkən zamanın sakitliyindən, kitab oxuyarkən yeni insanlar və yeni talelər kəşf etməyin marağından, retro mahnıların nostalgiyasından, filmlərin həzzindən, parklardakı uşaqların gülüşlərindən, dənizin mürgülü sahili oyatmaq istəyindən özümüzə xoşbəxtlik düzəltməyək? Buna ehtiyacımız var. Gülümsəmək üçün milyonlarla səbəbin olduğu dünyada hər kəsin qaşqabaqlı gəzməyi bir az qəribədir. Avtobus dayanacaqlarında, metrolarda, kassanın qarşısında uzanan növbədə, səkidə atdığınız hər addımda dodaqlarınızın azca yanağınıza tərəf sürüşməsi adamları nə qədər sevindirə, pozitivə kökləyə bilər.

Bəs ədəbiyyat? O, təkcə zövq formalaşdırmır axı. Həm də şüurun fərdi xarakterini kütləviləşdirməyə xidmət edir. Yazıçının fərdi üslubu kütlənin düşüncə tərzinə çevrilir. Ona görə də o - yazıçı ən kədərli hadisəni belə ümidli (heç olmasa ümidli) təqdim etməyi bacarmalıdır. Məşhur yazıçı Orhan Pamukun sevilən bir romanındakı kimi. "Məsumiyyət muzeyi" əsərində Füsun obrazının acı sonluğu oxucuya elə bir tərzdə təqdim olunub ki, sanki o səhnəyə qədər oxuduqlarımız elə bunun üçün imiş. Və biz o ölümə kədərlənmirik. Çünki ölümdən sonra böyük bir sevginin varlığını özündə saxlayan əşyaların sərgiləndiyi muzeylə bizi tanış edir yazıçı. Ya da Kazuo İşiquronun "Məni heç vaxt tərk etmə" dramında dostların taleləri bizi üzmür. Yazıçı onların daha ağır keçmişini bizə danışıb çünki. Bu kimi onlarla roman adı çəkmək olar. Bu romanlarda sevgi və xoşbəxtliyi axtarmaq da olar. Amma əllərimizin içindəki xoşbəxtliyə öncə o qədər doğmalaşmalıyıq ki, digərlərini də dost kimi bağrımıza basa bilək. Kiminsə xoşbəxtliyi bizi özümüzə acındırmamalıdır.Ya da kiminsə kədəri ilə təsəlli tapmamalıyıq.

Nə qədər qayğılardan, ağrılardan yazmaq asan olursa, xoşbəxtlikdən də eləcə rahat və ümidli bəhs etmək gərəkdi. Yağış yağırsa, çətir açmadan şəhərin payına düşən damcılardan ovcunuza yığıb damcılardakı əksinizə gülümsəyib baxın. Siz bu yağışın ən yaxşı hekayəçisi ola bilərsiniz. Bütün ağrılarımızı sentimental deyil, ümid rəngində yaradıcılığa çevirib yarışaq bəlkə?! Kim daha yaxşı xoşbəxtliyin şəklini çəkər, ya da hekayəsini qurar, ya da mahnısını oxuyar?! Kim daha çox xoşbəxt ola bilər?!

"525.az"

# 777 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #