Kərbəlaya gedənlər pulu hara xərcləməlidir?

Kərbəlaya gedənlər pulu hara xərcləməlidir?
28 avqust 2024
# 15:00

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

Hər Məhərrəmlikdə eyni hadisələrin şahidi oluruq; bir tərəfdə inancını son zərrəsinə qədər yaşamaq istəyənlər, bu yolda bəzən ifrata varanlar və bu biri tərəfdə onlara lağ eləyənlər.

Əslində, bu kimi şeylər təkcə Məhərrəmlikdə yox, il boyu baş verir. Çoxu da bir-birinin təkrarıdır.

İstər-istəməz sual yaranır ki, niyə hər il eyni hadisələr olur? Bu insanlar niyə bir-birinə qənim kəsiliblər? “Qənim kəsiliblər” ona görə ki, bir çoxunda bu söz davası zaman keçdikcə nifrətə çevrilir.

Belə vəziyyətin yaranmasında hər iki tərəf pay sahibidir.

Yəqin sizin də qabağınıza çıxıb o “din” adı altında danışılan söhbətlər.

Xüsusilə Həzrəti Əli və Həzrəti Hüseyn barəsində elə şeylər danışırlar ki, o söhbətlərlə hətta inanclı adamı belə ani şübhəyə sala bilərlər. Təbii ki, söhbət savadlı, ağlı başında müsəlmandan gedir.

Tort kəsirlər, bayağı mahnıların üstünə söz yazıb oxuyurlar.

Bir nəfər də çıxıb demir ki, bu nə biabırçılıqdır?

Maraqlısı budur ki, bu adamları hətta o savadlı, ağlı başında olan müsəlmanlar da qınamır. Əksinə, onlarla qol-boyun şəkillərini paylaşırlar.

Bu adamlar görmür ki, bu danışıqlarla insanlarda Əhli-beytə qarşı qıcıq yaradırlar?

Bu adamlar görmür ki, bu qeyri-ciddi söhbətlər müasir dünyada lağ hədəfidir?

Bu adamlar görmür ki, kimlərsə cibini doldursun deyə, onların inancının içi boşaldılır, etibarsızlaşdırılır?

Görürlər!

Özü də səndən, məndən yaxşı görürlər. Sadəcə, bu rəvayətbazların elə bir geniş əhatəsi var ki, onlara qarşı cəbhə almaq istəmirlər, çəkinirlər.

Elədir də, nağıllar həmişə daha çox adama nüfuz eləyir.

Halbuki hər şey olduğu kimi onsuz da gözəldir. Necə deyərlər, möcüzə aslanın “Allah” deməsi yox, elə aslanın özüdür.

Şişirtmələrə, əyib-bükməyə qəti ehtiyac yoxdur.

Kərbəla hadisəsi özlüyündə bir mənəviyyat hadisəsidir. İnanclı adam onsuz da qəlbən və ruhən çoxdan qapılıb, çoxdan əriyib-itib eşqin ən məhrəm yerində...

Əlavə şeylər qıraqdan olduqca qondarma görünür.

Hansısa bir əşyaya dəxlisiz bəzək vurmaq kimi...

O bəzək nə qədər bahalı olsa da, o əşyaya gözəllik verməyəcək, əksinə, onu bayağılaşdıracaq.

***
Bir də bu “Kərbəlaya getməkdənsə, o pulu ver kasıb-kusuba” deyənlər var. Eyni fikir Həcc ziyarətləri üçün də səsləndirilir. Bu, ilk baxışdan gözəl görünən, əslində, olduqca mənasız fikir, daha doğrusu, çoxdan gülünüb qurtarılmış bir zarafatdır.

Deyirlər ee, 2024-cü ildir, hələ də filan şey olur, bəhmən şey olur, bax, həmən söhbətdir.

Birincisi, sən hardan bilirsən ki, Kərbəlaya gedənlər heç kimə əl tutmur? 2-3 nəfərə baxıb ümumi danışmaq nə qədər düzgündür?

İkincisi, başqa ölkələrə gedənlərə də eyni şeyi deyirsinizmi? Məsələn, İtaliyaya istirahətə gedən adama da “ondansa kasıba əl tut” deyirsinizmi?

Üçüncüsü, adamların pulunu hara xərcləməsi sizi niyə bu qədər narahat eləyir? Rüşvətxor məmurlara sözünüzü deyə bilirsinizmi? “Bu qədər villa, bağ evi tikməkdənsə, ada almaqdansa, güzəranımızı yaxşılaşdırın” deyə bilirsinizmi? Bilmirsiniz! Amma müsəlman 4-5 min xərc çəkib ziyarətə gedir, o guya sizə toxunur da. Guya kasıb-kusub, yetim-yesir sizi çox narahat eləyir də. Niyə səmimi olmursunuz? Niyə sırf müsəlmanlara qarşı söz demək üçün kasıb-kusubdan istifadə eləyirsiniz?

Burda məsələ inanclı və ya inancsız olmaq deyil. Xarakter nədirsə, odur. Adam var inanclı olanda da keyfiyyətsiz idi, indi inancsızdı, yenə də keyfiyyətsizdi. Söhbət daha çox kitab oxumaqdan getmir. Oxuduqlarının heç biri mənəviyyatına nüfuz eləyə bilməyib. Məsələ budur. Ona görə də inanclı-inancsız, belə küyçülüklə məşğul olan, inancından və ya inancsızlığından reklam vasitəsi kimi istifadə eləyən adamları ciddi qəbul eləməyə, cavab verməyə dəyməz.

Kiminsə Allaha inanıb-inanmaması onun məhrəmidir. Bunun kiməsə dəxli yoxdur. Olmamalıdır da. Ölkədə onlarla adam var ki, tək “məziyyət”i inancsız olmasıdır. Ona görə də sosial media hesabında da ancaq eyni şeyləri paylaşır. Başqa nəyi var ki? Ortada ciddi bir şey yoxdur.

***


Bilirəm, yenə məni qatı dindar çıxaracaqlar.

İndidən deyim ki, hər hansısa bir inancım yoxdur. Sadəcə, müşahidələrimi yazıram. Nəticədə, birinə görə dindaram, birinə görə ateist. Məncə, elə belə yaxşıdır. Bir növ, balans qorunur.

Hər şeydən əvvəl vicdanı qorumaq lazımdır. Bütün problemlərin mərkəzində vicdanın qorunmaması dayanır. O olmayandan sonra inanclı olub-olmamağın heç bir əhəmiyyəti yoxdur.


# 4682 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #