"Kəpənək donunu soyundu bir qız..." - Vidadi Həsənov

"Kəpənək donunu soyundu bir qız..." - Vidadi Həsənov
1 dekabr 2023
# 14:50

Kulis.az Vidadi Həsənovun yeni şeirlərini təqdim edir.

...Zalım gecələrdə
Ay şəkli çəkərəm
göy üzünə,
körpə təbəssümü ilə
doğular səhər günəşi -
xoşbəxtlik də belədi...

***

...Sərçə balası boyda
bir ürək çırpınır
kolların arasında,
yarpaq-yarpaq tökülür
payız yağışı -
qürub qorxudur məni...

***

...Qarğalar,
qara buludlar kimi
qara qarğalar,
ağ lələklər tökülür
tökülür göy üzündən -
xəzan vaxtıdı...

***

...Kəpənək donunu
soyundu
bir qız,
qəfil şahə qalxdı
vəhşi bir ayğır -
mart ayıdı...

***

...Yanımdan
mart səhərinə oxşar
bir qadın keçdi,
havalandı
günahların ağ yelkəni -
bu an, bir an çəkdi...

***

...Sən mənə
nifrət edəcək qədər
ağılsız,
mən səni
unudacaq qədər sərsəm -
göydən dəyənək yağacaq...

...Kirpiklərində
dünənki gecənin
şəhvəti,
dünənki sevgi
artıq keçmişdi -
vidalaşmadan getmə...

***

...Həqiqət
nə acıdı
nə də şirin,
yalanlarsa
sadəcə, gözəldi -
sevgi yoxdursa...

***

...Bu kədər
ərini itirmiş
qadın kimidi,
bu qadın necə də
öz kədərinə oxşayır -
bir körpə ağlayır...

***

...Sırğagülü rəngində
bir qız yanağından
öpüb qaçasan,
qaçıb baş vurasan
suqovuşana -
heyif, üzə bilmirəm...

***

...Şanapipik
uç get burdan
ağılsız quş,
yemişan qoxuyur
qara sevda rüzgarı -
yol saçını salxım söyüd...

***

...Qocalıq
ayaqdan başlayır
sən demə,
yaxşı ki,
balıq deyiləm -
corablarımı yuyum gərək...

***
...Burda
sükutdan başqa
heç kim yoxdu,
qaranlıqdı
bir də mən -
mən də ki, heç...

***

...Qorxunc dalğalarla
çarpışıb-vuruşan
tənha qayıq,
bu sıldırım qayalar
səni gözləyir -
sən qurbanlıqsan...

***

...Uçuş xəttində
çapalayan
yaralı bir quşa baxır,
təyyarəyə gecikən
bəxtsiz bir sərnişin -
taleyin kələfi dolaşıb...

...Bu boş kətil
bu sallanan kəndir
bu da kül olmuş əlyazmalar,
bu isə saman tayasına
od vurmuş qoca -
gedir dəstəmaz almağa...

***

...Qeyd oldu
bir cəlladın gözündəki
ani mərhəmət,
bir qadının qəlbində
nifrət doğuldu -
qan qusur qəddarlıq...

***

...Qadın ətri saçan
bir misraya
bürünüb Aylı gecə,
ürəyim ağzımdan gələnə gədər
şeir yazacam -
Ramiz Rövşən, nə var, nə yox?..

# 1917 dəfə oxunub

Oxşar xəbərlər

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu

18:07 3 aprel 2026
"Bu, birbaşa vandallıqdır!" - Nizami Kino Mərkəzinin divarlarına çəkilən cızma-qaraların məqsədi nə idi?

"Bu, birbaşa vandallıqdır!" - Nizami Kino Mərkəzinin divarlarına çəkilən cızma-qaraların məqsədi nə idi?

15:48 3 aprel 2026
İstanbulda azərbaycanlı qadın rəssamların sərgisi açıldı

İstanbulda azərbaycanlı qadın rəssamların sərgisi açıldı

15:35 3 aprel 2026
Elnarə Akimova:  "Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi vandalizmdir"

Elnarə Akimova: "Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi vandalizmdir"

15:00 3 aprel 2026
“Kompozisiyanın əsasları”  proqramının seçim mərhələsi yekunlaşdı

“Kompozisiyanın əsasları” proqramının seçim mərhələsi yekunlaşdı

14:00 3 aprel 2026
Sizin "əxlaq polisliyi"nizə görə "ətimiz əndamımızdan ayrılır"... - Vatsapda şəkil paylaşmaq əxlaqsızlıqdırmı?

Sizin "əxlaq polisliyi"nizə görə "ətimiz əndamımızdan ayrılır"... - Vatsapda şəkil paylaşmaq əxlaqsızlıqdırmı?

13:30 3 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər