Kəfəndən özünə don düzəldən qızım... - Doğulduğu gün ölmüş qızı üçün ata ağısı

Kəfəndən özünə don düzəldən qızım... - Doğulduğu gün ölmüş qızı üçün ata ağısı
1 mart 2024
# 14:05

Kulis.az Miri Rəsulzadənin "Qızım" adlı yazısını təqdim edir.

Səhv etmirəmsə, yaponlar insanın yaşını ana bətnindən hesablayır. Yəni uşaq doğulanda artıq 9 aylıq olur... sonra 10 ayı, 11 ayı tamam olur.

Mənim üçün bu hesablama daha doğmadı, daha realdı. Çünki kədərli taleyimə ən yaxını, ən uyğunu bu hesablamadı. 6 il əvvəl ilk övladım oldu, qızım oldu. İlk dəfə ata oldum. Ata olmaq mənə baha başa gəldi. Qızım yarımçıq doğuldu, mən isə yarımçıq ata oldum. Mənə ata olmağı, sevməyi qızım öyrətdi. Onu da yarımçıq öyrətdi. Paxıl qızım.

Dünyaya gəlməyən qızım. Bəlkə də, bu ölkədə doğulmaq istəmədi. Bəlkə də, o balaca, işləməyən ürəyində dedi ki ,necə yaşayırsız e, bu həyatda?

Anasının bətnində xəstələnən qızım...

7 ay güclə yaşadı. Sonra həkimlər onu süni doğuşla dünyaya gətirdilər.

Ağıllı balam doğulanda heç ağlamadı da. Bu dünyaya heç gözünün ucuyla da baxmadı.

Kəfəndən özünə don düzəltdi.

Evcik-evcik də oynamadı. Xəstəxanadan anasını evə əliboş yola saldı insafsız qızım. Anasına yazığı gəlmədi, anasının qolunda uzanmadı, südündən içmədi. Dedi, mən yerlər qızıyam, göylər qızıyam, mən torpaq qızıyam.

Gözlərini birbaşa cənnətdə açdı qızım.

Yük olmadı anasına, dedi, sən yaşa, mən sənin üçün öləcəm.

Bu dünyanın havası düşmədi mənim gözəl qızıma. Yaşaya bilmədi.

Qüsl veriləndə gözünü məndən qaçırdırdı. Amma mən üzünə, gözünə çoxlu-çoxlu baxdım. İlahi, mənə necə oxşayırdı. Yumulu gözləri, dodaqları… Eyni özüm. Bəlkə də, özüm özümə heç elə oxşamıram…

Sanki mələk idi. Mən mələyin varlığına ondan sonra daha çox inanmağa başladım. Elə bil Allah işini-gücünü atıb bu qızın üstündə işləmişdi.

Səsini eşidirdim amma. Deyirdi, mənə olan sevgini qardaşlarıma saxla. Onları ikiqat çox istə. Mən öz payımı onlara verirəm.

Səxavətli qızım, ürəyi böyük qızım… Dedim, niyə belə tələsdin, gözəl qızım? Heç olmasa saçların uzanana kimi, atan saçlarını hörənə kimi, sənə bantik alana kimi yaşayaydın da, nolardı?!

Qardaşların doğulana kimi anana yoldaşlıq edəydin. Nə and-aman elədim, razılaşmadı.

Mənə ata olmağı sən öyrətdin.

Ata olan bəndə sevinər, qızına pal-paltar alar, oyuncaq alar. Mənim tədarükümə baxın; 3-4 metr ağ bez (kəfən), sabun, salafan, qara torpaq, baş daşı üçün qara daş.

Darıxanda qəbrinə gedirəm. Kim deyir, körpələrin qəbri itir, yadda qalmır?

Kim deyir, yalan deyir, inanma belə şeylərə, qızım.

Mən qızımın qəbrini əzbər tanıyıram. Dünyanın ən balaca qəbri mənim qızımın qəbridi. Ətir saçan qəbirdi. Məzarlığa girəndə gözəl ətri səni qəbrin yanına özü aparır.

Cehizi yarımçıq qalan qızım...

Atasını eşitməyən qızım...

Tərs qızım...

Niyə gəlmədin bizimlə? Niyə evimizi bəyənmədin?

Xəstəxanadan qəbirstanlığa atasının maşınında getdi.

Qızım arxada uzanmışdı. Atası şəhəri gəzdirirdi. Ölməsəydi, dünyanı gəzdirərdi. Yaşamağa ürək eləmədi, qorxdu ki, böyüyəndə anasından gözəl olar. Qorxdu ki, birdən onu anasından çox istəyərəm. Belə idi mənim qızım.

Bağışla məni, səni bağçaya apara bilmədim, parkda gəzdirə bilmədim. Məktəbli forması almadım sənə.

Rəngli kağızı, plastilini olmadı qızımın. Rəngli qələmlə divar kağızımızı yazmadı qızım. Heç beşiyi də olmadı, tortu da, şarı da…Çantası, darağı da olmadı. Saçlarını daramadı mənim qızım. Doğumu, ölümü bir gündə oldu qızımın.

Heç bir təsəlli səni unutdurmadı, unutdurmayacaq da. Çünki səni ürəyimə dəfn etmişəm...

# 2502 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #