Keçmiş sevgililərin köynəyi

Keçmiş sevgililərin köynəyi
1 dekabr 2023
# 15:00

Kulis.az Rəbiqə Nazimqızının "Keçmiş sevgililərin köynəyi" adlı yazısını təqdim edir.

Səndən mənə bir köynəklik xatirə,
Məndən sənə nə qalacaq, nə bilim…

Məmməd Arazın ruhu günahımdan keçsin, amma mətbuatda gedən bir fotosessiyadan sonra məşhur misraları məhz bu cür improvizə etməyə bilmədim.

Məsələ burasındadır ki, bir fotoqrafla bir yazıçı belə bir layihə həyata keçiriblər: bir çox qadınlara keçmiş sevgililərinin köynəyində poza vermək tapşırılıb. Deyilənə görə, dul qalmış və ya sevgilisindən ayrılmış qadınlar itirdikləri insanların köynəyində daha emosional görünüblər…

Layihə kimi uğurlu görünə bilər, bu mənada yazıçını da, fotoqrafı da başa düşürəm. Amma mənə çatmayan layihədə iştirak edən qadınların motivləridir.

Ümumiyyətlə, qadınlar kişi köynəyində maraqlı görünürlər, burası məlumdur. Yataq səhnəsindən sonra sevgilisinin köynəyində otaqda gəzişən qadın, bəlkə də, yer üzünün ən romantik və pozitiv mənzərəsidir. Bu, bir-birinin qanına-canına keçdikdən sonra da qadının sevdiyi kişidən ayrılmaq istəməməsi anlamına gələ bilər. Amma ayrılandan sonra…

Ayrılandan sonra kişinin köynəyini saxlayan qadınları başa düşmək bir az qəliz məsələdir. Məsələn, düşünmək olar ki, ağrımaq bu qadınların xoşuna gəlir. Onlar qəsdən vəziyyəti dramatikləşdirirlər. Tutaq ki, sevdiyin adamın qoxusunu daim burnunun ucunda saxlamaq, onun təmasını hiss etmək istəyirsən. Anlaşılandır. Amma qoxuların yaşama müddəti də çox deyil axı. Üstəlik, daim qoynuna sıxdığın geyimə getdikcə sənin öz qoxun hopur, hələ ayrılıqdan sonra onun üstünə axıtdığın göz və burun suyunu demirəm. Hərçənd, bunun fərqində olmursan. Sadəcə, beyninə ötürdüyün siqnal sayəsində sən özünü inandırırsan ki, burnuna dəyən onun qoxusudur. Sən hiss etmək istədiyini hiss edirsən, vəssalam…

Görünür, bəzi qadınlar hicran acısının ömrünü uzatmaq istəyir, bəlkə də, bu ağrımaq, ağlamaq, özünü olduqca bədbəxt hiss eləmək tələbatından irəli gəlir. Hamımızda olur belə məqamlar. Amma bir gün, üç gün, bir həftə. Lap olsun bir ay…

Ölüyə qırx gün ağlayırlar. Sonra… sonra hər şey keçir və normalda heç ölünün paltarını da evində saxlamaq istəmirsən. Qalsın ki, keçmiş sevgilinin köynəyini…

Köynək heç nə demək deyil. Kişilər tanıyıram ki, sevgililərinin onlara aldığı köynəkdə başqa qadınlarla görüşə gedir. Bir də ki, kişi yoxdursa, onun köynəyini neynirsən axı? Bundan sonrakı ömrünü xəyal və xatirə ilə yaşamaq istəyirsən? İslama görə də qadağandı, insana görə də…

Özü gedib, köynəyi təsadüfən qalıb? Ümid etməyin ki, bir köynəyə görə qayıdacaq. Bu qədər bəsit bəhanəylə geri qayıdacaq kişinin ümidinəmi qalmısınız? Hərçənd, elə bu bəsit bəhanədən sizə də pay düşür. Heç nə olmamış kimi, zəng edib “köynəyin məndə qalıb” deyə bilərsiniz. Amma eləməyin. Çətin ki, effekt verə. Ümid heç vaxt yeməkdən yaxşı deyil. Ən azı ona görə ki, ümidlə doymaq olmur.…

Adamla bağlı xatirələrdən sakitcə qurtulmaq istəyirsinizsə, evdə göz dağı saxlamayın. Sakitsinizsə, köynəyi ehtiyacı olana verin. Hirslisinizsə, yandırın, qayçıyla kəsik-kəsik edin, kreativ qadınsınızsa və ya başınızı qarışdırmaq istəyirsinizsə, biçib-tikib, dəyişdirib ondan özünüzə yeni kofta düzəldin, alınmırsa, o zaman ən yaxşısı, göz yaşına bələdiyiniz o köynəyi götürüb döşəməni silin. Onu da, onun köynəyini də, özünü də, öz göz yaşlarınızı da tapdalayın getsin. Sonra da gülümsəyin. Və darıxırsınızsa, yeni köynək sahibi axtarın. Bu qədər bəsit…

Ən gözəl xatirə belə, tənhalıqdan qorumur. Amma yenə də başqasının, ya vəlvələdən, ya zəlzələdən artıq sizə yad olan adamın köynəyini daşımaqdansa, gedin özünüzə yeni köynək alın. Onu çölə-bayıra geyinə bilərsiniz, göz repertuarınız üçün bir müddətlik yeni mənzərə açılar, uğurlu seçim və onu tamamlayan təbəssüm isə sizə yeni sevgi gətirə bilər…

Sevdiyiniz dünyasını dəyişibsə, vəziyyət xeyli dəyişir. Bununla belə, yenə onun köynəyini saxlamaq və xüsusən də geyinmək məsləhət deyil. Sadəcə, geyimi kiməsə bağışlayın, geyinsin…


Ömür bir köynəklik xatirəyə sığmayacaq qədər uzundur, xüsusən, ikinizin yaxası dar bir köynəkdə olmaq ehtimalı çox azdırsa…

# 3202 dəfə oxunub

Oxşar xəbərlər

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı vəfat etdi

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı vəfat etdi

18:38 22 aprel 2026
Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

18:15 22 aprel 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:18 22 aprel 2026
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

16:21 22 aprel 2026
“İliada” dastanına aid nadir papirus parçası tapıldı

“İliada” dastanına aid nadir papirus parçası tapıldı

15:50 22 aprel 2026
Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

14:20 22 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər