Kasıbın instaqramda nə işi var?

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

26 aprel 2023
# 11:24

Kulis.az Ulucay Akifin “Qatıq ağdır, yoxsa qara?” adlı yeni yazısını təqdim edir.

Yazıçılar Birliyinin Qurultayında Qulu Ağsəslə rastlaşdıq. Bir az söhbət elədik. O da feysbukdan çıxmışdı. Dedi, instaqrama girməyə başlayıb, çox məmnundur, ancaq şəkil, video paylaşır, ta feysbukda camaatın yazdığı gic-gic şərhlər, statuslarla əlləşmir.

Gördüm ki, Qulu müəllim halından xeyli məmnun görünür, nirvanaya çatıb, aydınlanıb. Alnının düz ortasından çıxan nur adamın gözünü qamaşdırır.

Çox keçmədi, mən də feysbukdan çıxıb instaqrama keçdim. Düzdür, orada uzun illərdir varam, amma son zamanlar daha çox istifadə edirəm.

Görürəm ki, yavaş-yavaş mən də aydınlanıram. Alnımın düz ortasından yüngülvari işıq sızmağa başlayıb.

İnstaqram tamam başqa dünyadır. Daha doğrusu, instaqram müasir dünyanın əsl güzgüsüdür. Dünyamız indi necədirsə, instaqram da elədir.

Feysbukdan tərki-diyar olandan daha çox instaqrama girirəm. Elə gün olur ki, saatlarla ordakı reelslərə, qısa videolara baxıram. Adamda asılılıq yaradır. Sıxılmağa imkan vermir. Elə baş barmağınla ekranı sürüşdürə-sürüşdürə bir də görürsən ki, saat olub gecənin ikisi.

İnstaqramdakı adamlarla feysbukdakı adamların da xeyli fərqi var.

Bayram günlərində qərara gəldim ki, elə bu fərqlərdən yazım.

Bayram demişkən... İnstaqramda Ramazan bayramı yox idi. Bir dənə də olsun bayramla bağlı paylaşım görmədim. Oranın camaatı bu bayramı qeyd etmir. Oruc-zad da tutmurlar.

Amma feysbukda elə deyil. Günün duası, imsakda paylaşım, iftar süfrəsindən şəkil, hədislər, ayələr... Ramazan ayında feysbukda kiminsə pivə, araqla şəklini də görə bilməzsiniz. Bu məsələlərə çox həssasdı feysbuk camaatı.

Ümumiyyətlə, tək Ramazan ayında yox, bütün aylarda feysbukda belədir. Din söhbətləri, qızğın müzakirələr, “Allah var, yoxsa yoxdur?” suallarına axtarış, ateistlərin dindarlara, dindarların ateistlərə lağ etməyi, İran, hicab, namaz, fitrə, zəkat, Həcc, Kərbəla, şeytana daş atmaq...

Aləm dəyib bir-birinə...

İnstaqramda bu söhbətlər yoxdur.

Allah keçsin günahımdan, instaqramda, ümumiyyətlə, Allah yoxdur. İnstaqram əhalisini bu məsələlər narahat eləmir.

Feysbukda olan çox şey instaqramda yoxdur.

Məsələn, instaqramda ədəbiyyat, şeir, yazıçı, şair də yoxdur. Ordakı adamların çoxu Ramiz Rövşəni tanımır. Uzağı, adını eşidiblər, ad tanış gəlir, amma bilmirlər Ramiz Rövşən kimdir, nəçidir?

Orda Mövlanadan sitat paylaşıb hansısa dostuna, qohumuna söz soxmaq da yoxdur. Başın buraxıblar belə söhbətlərin.

Qəribə yerdi.

Müharibə, Qarabağ, Laçın dəhlizi, Zəngəzur, pandemiya, koronavirus, quru sərhədlərinin bağlı olması, qətl, intihar, cinayət... Bunların da heç biri instaqramda yoxdur.

İndi soruşacaqsınız ki, ay Ulucay, bəs nə var bu instaqramda?

Deyim.

Əyləncə, pal-paltar, kafe-restoran, yeyib-içmək, deyib-gülmək, geyib-gəzmək, idman, yaraşıqlı, əzələli oğlanlar, gözəl və əsasən də silikonlu qızlar... Ümumi mənzərə budur.

İnstaqram camaatı bununla məşğuldur. Ordakı adamlar yaraşıqlı, gözəl, əyləncəli, əzələli və ən əsası, varlı adamlardır.

Kasıb adamlara orda yer yoxdur. Kasıb olsan da, ən azı yaraşıqlı, gözəl olmalısan. Yoxsa ucsuz-bucaqsız çoxluq içində gözə dəyməyəcəksən. Orda it-bata düşməmək üçün xeyli əziyyət çəkməlisən. Ən pis halda isə fitnesə yazılıb məşq zalından şəkillər, videolar paylaşa bilərsən.

İnstaqramda kədər də yoxdur. Orda pessimist adam tapa bilmərsən. Depressiyaya düşüb nəsə paylaşmaq, şikayətlənmək, deyinmək olmaz. Orda belə şey eləsən, adama gülərlər. Deyərlər ki, get özünə kədərlənməyə başqa yer tap.

Yəni feysbukdakı nömrələr orda keçmir. Dedim axı, tamam başqa dünyadır ora.

Bura girdinsə, buranın qaydalarına əməl eləməlisən.

Hə, bax belədir instaqramdakı vəziyyət.

Müasir insanın, dünyanın xüsusiyyətlərinə uyğun bir yerdir.

Yaxşıdır, yoxsa pis? Məndən soruşası olsanız, nəsə deməyə çətinlik çəkərəm.

Yaxşı olan tərəfi odur ki, burada camaat feysbukdakı kimi bir-birini qapmır. Hərə öz işiylə məşğuldur.

Yoxsa feysbukda...

Adicə status yazırsan ki, qatıq ağdır. Elə təkcə bunu yazırsan, beləcə: “QATIQ AĞDIR”.

Camaat tökülüşür üstünə. Hərə bir şey yazır:

“Bütün qatıqların adından danışma!”

“Bu da bizim yazıçımız! Ümumi danışmayın!”

“Yəqin sənin gördüyün qatıqlar ağdır!”

“Sənə nə dəxli var, qatıq ağdır, yoxsa qara?!”

“Qatıqdan danışma e, uşaqpulundan danış! Niyə uşaqpulu vermirlər?! Camaat qatıq ala bilir ki, bilsin nə rəngdədir?!”

“Ay camaat, buna fikir verməyin, gündəmə gəlmək üçün belə deyir!”

Təxmini belə şərhlər gəlir.

Axırda da bir el ağsaqqalı çıxıb nöqtəni qoyur:

“Özünsən qatıq!”.

# 2463 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #