“Kasıbdırsa, səhvi də bağışlanar” - Günahkar kimi düşən, qəhrəman kimi qalxan sürücü

“Kasıbdırsa, səhvi də bağışlanar” - Günahkar kimi düşən, qəhrəman kimi qalxan sürücü
17 aprel 2025
# 18:20

Kulis.az Elçin Zahiroğlunun "Mərhəmətin ictimai təhlükəsi" yazısını təqdim edir.

Bakıda “uçan taksi”… Körpüdən yerə düşdü, həm də elə bil cəmiyyətin emosional telinə çırpıldı.

Baş verən bu qeyri-adi qəza bir çox insan üçün sadəcə yol-nəqliyyat hadisəsi idi. Amma hadisədən sonra yaranan ictimai reaksiya — yardımlar, paylaşmalar, simpatiya dolu şərhlər — daha böyük və daha dərin bir problemi ortaya çıxardı: cəmiyyətin məsuliyyət hissi və qəhrəman anlayışının deformasiyası.

***

“Bolt” sürücüsü BYD markalı avtomobillə körpüdən yük maşınının üstünə, ordan isə yerə aşdı. Nəticədə dövlət əmlakına ziyan dəydi, digər sürücü xəsarət aldı və ən əsası, avtomobildəki qadın sərnişin həyati təhlükə ilə üzləşdi. O, qəzanın qurbanı ola bilərdi. Amma onun keçirdiyi stress, yaşadığı qorxu və ailəsinin narahatlığı heç bir yerdə ciddi müzakirə olunmadı.

Əvəzində qəzanın səbəbkarı olan sürücünün yazıq və çarəsiz görüntüləri yayıldı, sosial şəbəkələrdə empatiya dalğası başladı. “Uçan taksi pilotuna yardım” kampaniyaları, paylaşmalar, “qəhrəmanlıq” statusları bir-birini izlədi. Amma bu təəssüf fırtınasında əsas sual itib getdi: Bəs məsuliyyət?

***

İctimai reaksiyanın bu qədər yumşaq, hətta qoruyucu olması təsadüfi deyil. Bu, sosial ədalətsizlik və bərabərsizlikdən əziyyət çəkdiyini düşünən cəmiyyətin təbii refleksidir: kasıba avtomatik mərhəmət, imkanlıya isə avtomatik qəzəb, nifrət.

Burada çox təhlükəli bir xətt yaranır: “Kasıbdırsa, səhvi də bağışlanar” yanaşması. Əgər bu qəzanı bahalı avtomobil sürən, imkanlı bir şəxs törətsəydi, sosial şəbəkələrdə linç konvoyları günlərlə növbə çəkərdi. Bunun bir neçə nümunəsini görmüşük.

“Qanun zəifə qarşı güclü, güclüyə qarşı lal olanda, cəmiyyət mərhəməti ədalətə çevirir”.

Bu isə nə qanunun, nə də sağlam cəmiyyətin prinsiplərinə uyğundur. Hər kəsin törətdiyi əməl eyni ölçüdə qiymətləndirilməlidir.

***

Qəzanı törədən şəxsə dövlətin qayğısı təqdirəlayiqdir. O, dərhal xəstəxanaya yerləşdirilir, tibbi yardım alır, əməliyyata hazırlanır. Lakin bu mərhələdə sürücü dövlət xəstəxanalarını - əhalimizin böyük bir hissəsinin müraciət etdiyi tibb müəssisəsini bəyənmir, özəl klinikanı seçməkdə israr edir və müalicə aldığı xəstəxananı tərk edir.

Bu, sadəcə, seçim azadlığı deyil. Bu, həm də cəmiyyətin yardım etdiyi şəxsdən gözlədiyi davranışla ilk ziddiyyətdir. İnsanlar ona kömək edir, o isə sanki bu yardımı borc kimi yox, haqq kimi görür. ƏDALƏTİN XALQ VERSİYASI kifayət qədər təhlükəlidir.

“Mərhəmət ədalətin yerini tutanda, məsuliyyət kölgədə qalır”.

Qəzanın ardından sürücünün xəstəxanadan verdiyi açıqlamalar da ictimai reaksiyanın neqativ təsirini ortaya qoydu. Sanki o, hadisənin səbəbkarı yox, təsadüfi zərərçəkən idi. Danışığında nə səmimiyyət, nə peşmanlıq vardı, məsuliyyət hissi isə yaddan çıxıb.

Hər kəsin qanun qarşısında eyni dərəcədə cavabdeh olduğu bir cəmiyyət ideal görünür. Amma bizdə bəzən mərhəmət o qədər şişir ki, məsuliyyət havasız qalır.

Bəzənsə mərhəmət ədalətin qarşısında sipərə çevrilir. Zərərçəkənlərin səsi isə bu emosional qəhrəman obrazının kölgəsində itib gedir.

“Uçan taksi” bir daha göstərdi ki, emosiya ilə idarə olunan cəmiyyətdə səhvlər bağışlanır, məsuliyyət isə təxirə salınır.

Burada ictimai emosiyaların təsirinə düşən medianın da rolu var. Emosiyalarla deyil, prinsiplərlə hərəkət edilməlidir. Əks halda, məsuliyyətsizlik qəhrəmanlıq obrazına bürünər və gələcək üçün təhlükəli presedent yaradılar.

# 3002 dəfə oxunub

Oxşar xəbərlər

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

13:30 4 noyabr 2026
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr”  sənədli filminin premyerası oldu

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası oldu

13:10 4 noyabr 2026
Səməd Vurğunun  əmisi nəvəsi bıçaqlandı

Səməd Vurğunun əmisi nəvəsi bıçaqlandı

12:54 4 noyabr 2026
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

12:14 4 noyabr 2026
"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..."  - İngilis mütəfəkkirdən sitatlar

"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..." - İngilis mütəfəkkirdən sitatlar

12:00 4 noyabr 2026
Məşhur müğənni azadlığa buraxıldı

Məşhur müğənni azadlığa buraxıldı

11:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər