Kapitalist istismarçıların haqsızlığı - Taleyimiz əvvəlcədən müəyyənləşib?

Kapitalist istismarçıların haqsızlığı - Taleyimiz əvvəlcədən müəyyənləşib?
5 mart 2024
# 09:00

Kulis.az Simran Qədimin "GTTM+B" yazısının üçüncü hissəsini təqdim edir.

Əgər şəxsiyyətimiz gen, tərbiyə, təhsil, mühit və bəxt (GTTM+B) amilləri ilə, həmin amillər də bioloji, coğrafi, siyasi, iqtisadi, texnoloji və təsadüfi faktorlarla formalaşırsa, deməli, hər şey determinizmə – səbəb-nəticə əlaqəsinə bağlıdır? Bəs “azad iradə” hara getdi? Belə çıxır ki, motivatorlar, kouçlar, kapitalist istismarçılar haqsızdırlar, həyatımız öz əlimizdə deyil? Yəni doğrudanmı taleyimiz əvvəlcədən müəyyənləşib?

Bu sualları araşdırmaq üçün əvvəlcə “azad iradə” anlayışına nəzər salaq.

Əgər mövzuya elmin və determinizmin tərəfindən yanaşsaq, “azad iradə”nin varlığı şübhə altına düşür. Belə qənaətə gəlinir ki, bu anlayış sadəcə illüziyadır, yalandır. Hətta fəlsəfi mühakimələr aparmağımız, ağıllı, müdrik qərarlar verməyimiz də iradəmizin azad olduğunu sübuta yetirmir. GTTM+B formulunun bizi yaratdığını, məhz həmin formulun diktəsi ilə davrandığımızı nəzərə alsaq, ağıllı addımlarda da səbəb-nəticə əlaqəsi tapmaq olar.

“Mən heç vaxt kimsəni aldatmıram, çünki valideynlərim mənə dürüstlüyün nə qədər vacib olduğunu öyrədiblər”, “Dələduzlara inanıb pulumu batırmadım, çünki maliyyə piramidaları haqda çox oxumuşdum”, “Həyatda tez-tez ağılsız risklər edib uduzuram, nə deyim, bəlkə də, savadımın azlığından ehtimalları doğru-düzgün qiymətləndirə bilmirəm”...

Əgər dürüst olmağın, dələduzlara inanmamağın, ağılsız risklər etməyin arxasında müəyyən səbəblər dayanırsa, addımlarımızı Azad iradəmizlə, öz istəyimizlə atdığımızı əminliklə deyə bilmərik (hansısa səbəb müəyyən nəticə doğurursa, bunun harası azaddır?).
Söhbət istədiyimizi etməkdən gedirsə, məhz buna görə iradəmizin azad olduğu qənaətinə gəliriksə, Şopenhauerin sözünü yada salaq: “İnsan nə istəsə edə bilər, amma nə istəməyi istəyə bilməz”. Məsələn, mən su istəsəm, içə bilərəm, amma istəyə bilmərəm ki, su içmək istəyim (hərçənd duzlu peçenye yeyib bu istəyi yarada bilərəm). Qısası, içimizdəki istəklərə mütləq nələrsə təkan verir. Elmə görə, istəklər ya daxili (genlər, beyindəki biokimyəvi proseslər), ya da xarici (tərbiyə, təhsil, mühit) faktorlara, dolayısı ilə, determinizmə söykənir.

Əgər mövzuya elmin və determinizmin haradasa səhv etdiyini, nələrisə gözdən qaçırdığını düşünərək yanaşsaq, “azad iradə”nin varlığına şübhə duymağa ehtiyac qalmır. Sadəcə, başqa bir sual yaranır: bizim iradəmiz konkret nə vaxtdan (hansı gündən) və nə qədər (hansı dərəcədə) azadlıq qazanır?

Bu sualın konkret cavabı olmasa da, bir şey dəqiqdir: elmin tapıb göstərə bilmədiyi, filosofları çaşbaş salan “azad iradə”, bəlkə də, mövcuddur, ancaq onun həyatımızdakı rolu düşündüyümüz qədər böyük deyil.

Təsəvvür edək ki, “azad iradə”mizin səsini eşitmək, məhz onun başçılığı ilə qərar vermək istəyirik. Şübhəsiz, əvvəlcə bizi daim yönləndirən GTTM+B formulunun təsirindən çıxmağa cəhd göstərəcəyik. Beynimizi bütün yersiz düşüncələrdən, aldadıcı təbliğatlardan, çaşdırıcı emosiyalardan təmizləyirik, fikirləşirik, fikirləşirik və... budur, müəyyən bir qərara gəldik. “Əla, mən bu qərarı Azad iradəmlə verdim!..”

Yox, yox, yox! Gəlin özümüzü aldatmayaq...

Biz nə qədər beynimizi bütün yersiz düşüncələrdən, aldadıcı təbliğatlardan, çaşdırıcı emosiyalardan təmizlədiyimizi fikirləşsək də, buna əmin ola bilmərik. Bəlkə, uşaqlıq travmamız (istər psixoloji, istərsə də fiziki), keçən həftə oxuduğumuz məqalə, dünən dostumuzun söylədikləri qərarımıza təsir edib? Şüur təsir altına düşmədiyimizi söyləsə də, şüuraltını idarə etmək mümkündürmü? Ola bilərmi ki, hisslərimiz bizi xısın-xısın yönləndirib? (Diqqət: söhbət ağıllı-ağılsız, doğru-yanlış verilən istənilən qərardan gedir).
Digər tərəfdən, bir məqam da var: axı biz bütün addımlarımızı sakitliyə çəkilib saatlarla götür-qoy etmirik, edə bilmərik. Bir çox hallarda tələsik, dərhal qərar vermək məcburiyyətində qalırıq. Belə çıxır ki, üç-beş saniyə ərzində verilən kiçik qərarlara görə “azad iradə” məsuliyyət daşımır (yaxud da qismən məsuliyyət daşıyır).

Bəs uşaq beyninin ən azı fiziki baxımdan tam formalaşmadığını nəzərə alsaq, onlar nə dərəcədə sərbəst qərar verə bilərlər? Əgər hissi davranışları tənzimləyən prefrontal korteks (ön beyin) 20-23 yaşadək hələ tam formalaşmırsa, iradə ilə istəyin mübarizəsi nə qədər ədalətlidir? Lap 30, 40, 50 yaş olsun, hər kəsin “azad iradə”si eyni dərəcədə, eyni şəkildədirmi?

Əksər hallarda “azad iradə” ilə davranmağı bilərəkdən, qəsdən hərəkət etməklə bir tuturuq. Dostumu qəsdən acılamışamsa, deməli, bunu Azad iradəmlə etmişəm. Əslində, bu yanaşmada da xəta payı var. “Dostunu incit!” istəyinin yaranma səbəbini araşdıranda çox mətləblər ortaya çıxa bilər (məsələn, bir başqa dostum məni ona qarşı qızışdırıb). Əlbəttə, təsirə düşüb yanlış addımlar atmaq bizi məsuliyyətdən qurtarmır. Buna nə etik baxımdan yol vermək mümkündür, nə də hüquqi (əgər belə olsa, hər kəs bir bəhanə tapıb ağlına gələni edər). Odur ki bilərəkdən atılan addımlarda da bəlli təsirlərin mövcudluğu iradəmizin tam azad olmadığını göstərir.
İstənilən halda “azad iradə” anlayışı mücərrəddir, məcazi, eyni zamanda, nisbi xarakter daşıyır. Biri digərindən daha möhkəm, güclü iradəyə malik ola bilər, ancaq mütləq mənada, tam sərbəst, müstəqil iradə gözə görünmür.

Əslində, saf ağılın səsini eşitmək məsələsini beynimizə yüklənən (yaxud da yüklədiyimiz) məlumatların fonunda araşdırmaq daha məqsədəuyğundur. Belə ki, davranışlarımız beynimizin necə proqramlaşdırılmasından asılıdır. Tutalım, hər şeyi genlərlə əlaqələndirir, uğursuzluqlarımızın günahını daim tərbiyənin, təhsilin, mühitin və bəxtin üstünə atırıq: “Onsuz da “azad iradə” yoxdur”, “Mənlik nə var axı, əlimdən heç nə gəlmir”, “Kaş bəxtim olaydı, şans məndən üz döndərib”...

Təbii ki, özümüzü bənzər düşüncələrlə proqramlaşdırsaq, istər-istəməz, süstləşəcək, əl-ayağımızı bütün işlərdən soyudacağıq. Daim sadalanan faktorları əsas gətirib səbəbi kənarda görəcəyik (insan psixologiyasının bəhanələrə meyilli olduğunu nəzərə alsaq, təəssüf ki, çox vaxt elə bu cür də edirik).

Tutalım, hər şeyi genlərlə əlaqələndirmir, uğursuzluqlarımızın günahını daim tərbiyənin, təhsilin, mühitin və bəxtin üstünə atmırıq: “Fikirləşdiyimdən daha güclü iradəm var”, “Axı özümdən də çox şey asılıdır, çalışıb nəsə edə bilərəm”, “Gileylənməyin başını burax, real yollar axtar”...

Təbii ki, özümüzü bu cür proqramlaşdırsaq, istər-istəməz, aktivləşəcək, əl-ayağımıza güc gəldiyini görəcəyik. Saysız bəhanələrlə səhvlərimizin səbəbini kənarda axtarmaqdan əl çəkəcəyik (səbəb-nəticə əlaqələrini obyektiv şəkildə qura bilsək, hadisələrin gedişinə harada kənar faktorların, harada öz səhvlərimizin təsir göstərdiyini daha yaxşı anlayarıq).

Beyindəki dataların – məlumatların hamısı düşüncələrə az-çox yön verir. Hansısa fikir əks fikrin müqaviməti ilə üzləşəndə zəifləyir, şüurluluq səviyyəsinin aşağılarına düşür. Bir-birini dəstəkləyən oxşar fikirlər isə daim güclənir, şüurluluq səviyyəsinə doğru yüksəlir. Bu baxımdan beynimizə yüklənən (yaxud da yüklədiyimiz) informasiyaların əhəmiyyəti çox böyükdür. Tez-tez təkrarlanan, zehində özünə möhkəm yer tapan faydalı fikirlər zərərli düşüncələrə qarşı daha güclü müqavimət yaradır. Nəticədə, istəklər yox, ağıl, iradə qalib gəlir.

Ömrü iki əsas mərhələyə ayırmaq olar: kiminsə bizi formalaşdırdığı uşaqlıq, yeniyetməlik və öz özümüzü yaratdığımız gənclik, yetkinlik mərhələsi. Həyatın passiv obyekti yox, aktiv subyekti olmalıyıq. Müəyyən məqama qədər formalaşdırılmış şəxsiyyətimizi yenidən formalaşdırmaq məsuliyyəti yalnız bizim üzərimizə düşür. Ona görə də motivatorların, kouçların, kapitalist istismarçıların söylədiklərində mütləq həqiqət olmasa da, böyük həqiqət payı var.

# 1573 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #