İtdən qorxan şuşalılar

Aqil Abbas, yazıçı

Aqil Abbas, yazıçı

17 yanvar 2023
# 15:40

Kulis.az Aqil Abbasın yeni yazısını təqdim edir.

Bəhram Bağırzadə beş il bundan qabaq xoşagəlməz bir müsahibə verib və indi də hansısa sayt reytinq naminə yenidən həmin müsahibəni tirajlayıb. Və aləm dəyib bir-birinə. Sosial şəbəkədə təhqirin, söyüşün biri bir qəpik. Rayondan gələnlər şəhər camaatını, yəni bakılıları, bakılılar da rayondan gələnləri yaş yuyub quru sərir.

Və mənə də neçə qəzet, neçə sayt müraciət edib açıqlama almaq istəyir. Mən də açıqlama verməkdən imtina edirəm, deyirəm, Bəhramdı da, bir sözdü deyib, fikrini deyib. Hər sözün, hər fikrin başına ip salmaq, böyütmək lazım deyil. Necə şəhərin şəhər futbolu, kəndin kənd futbolu olduğu kimi, elə də şəhərin şəhər mədəniyyəti, kəndin də kənd mədəniyyəti var.

Vaxtilə şəhər futbolu ilə kənd futbolu sintez olunanda «Neftçi» kimi gözəl bir komanda yaranmışdı. İndi bu futbolu sintez edə bilmədiklərinə görə Azərbaycanda futbol ölüb.

Eləcə də şəhər mədəniyyəti ilə kənd mədəniyyəti ağıllı şəkildə sintez olunmalıdı, onda da ortaya bu söhbət çıxmaz.

Mən ağlım kəsəndən ilk gördüyüm şəhər Şuşa olub. Ağdam da şəhər idi, amma kənd şəhəri idi. Şuşa tamam fərqli idi, adamları da fərqli idi. Necə də olmasa xan nəsliydilər, bəy nəsliydilər. Əsl şuşalılar özlərinə şuşalılar yox, qalalı deyirdilər, sonradan ətrafdan köçüb gəlib burda yaşayanlara isə şuşalı deyirdilər. Əslində, yəni onlar da fərq qoyurdular. Yəni xan-bəy nəsli qalalılar idi. Gərək ki, «Qalalıyam» mahnısı da var, Rəşid Behbudov oxuyurdu. Sonradan köçüb Şuşaya gələnlər çalışırdılar ki, özlərini qalalılara bənzətsinlər. Bəzən alınırdı, bəzən yox.

Şuşa mənim gördüyüm yeganə şəhər idi ki, bu şəhərdə heç kim heyvan, qoyun saxlamırdı. Hətta it də yox idi bu boyda şəhərdə.

Şuşalılar itdən qorxan olurdu. Ağdamlılar da zarafatla onlara «İtdən qorxan şuşalı» deyirdilər.

Məşhur bir anekdot da vardı. İkinci Dünya Müharibəsində o vaxtın bizimkiləri, yəni Sovet əsgərləri mühasirəyə düşür. İçlərində iki şuşalı varmış. Komandir deyir ki, gedin kəşfiyyata, görün mühasirədən çıxa bilərikmi? Şuşalılar gedir, üç-dörd saatdan sonra dönürlər və komandirə raport verirlər:

- Yoldaş komandir, qarşıda tanklardı, bir babat hücum eləsək tankları vurub mühasirədən çıxa bilərik. Sağ tərəfdə artileriyadı, boş şeydi. Sol tərəfdə də əsgərlərdi, yarmaq olar.

Komandir:

- Bəs, arxa tərəf?

- Yox, komandir, o tərəfə getmək olmaz.

- Niyə?

- Komandir, nemeslər ora iki dənə it bağlayıblar, yerlə-göylə əlləşirlər.

Mejduproçim, Hacıbala Abutalıbov mer olana qədər Səməd Vurğun bağında inək otarırdılar, dəniz kənarına da palatka kafelərin əlindən getmək olmurdu. Bəyənmədiyiniz Hacıbala müəllim yığışdırdı, şəhəri şəhər halına saldı.

Elə ki yay gəldi, bütün Qarabağ axışırdı Şuşaya. Və Şuşanın şəhər mədəniyyəti itirdi. Bu da üç ay çəkərdi. Şuşalıların ən çox zəhləsi əlindəki maqnitafona bərk səs verib yellədə-yellədə küçələrdə dolaşanlardan gedərdi. Maqnitafonda da əsasən ya Rəmiş çalırdı, ya Qədir oxuyurdu, ya da Arif Babayev. Əslində o maqnitafon oxudanlar özləri heç musiqiyə qulaq asmırdı, forslanırdı ki, yəni maqnitafonumuz var, guya şuşalılar maqnitafon görməmişdi. Nə isə…

Sonra gördüyüm ilk böyük şəhər 70-ci ildə Bakı oldu, ali məktəbə daxil olanda. Gözəl şəhər idi, indi lap gözəldi, amma 70-ci ildə bir pis cəhəti vardı ki, hamı rusca danışırdı.

Heç indi də Bakı şəhəri mədəniyyətini itirməyib. Allah qoysa azad olunan torpaqlarımıza köçəndən sonra Bakı və bakılılar biz kəndçilərdən ötəri darıxacaqlar.

Sonda Şuşa ilə bağlı bir anekdot da yazım, kefiniz açılsın.

Bir bərdəli dostumun xalası Şuşadan gəlir bunlara qonaq. Bir həftə qalandan sonra xalası deyir, gedək Şuşaya. Anasını da, xalasını da qoyur maşına, gəlir Şuşaya. Bazar başında maşını saxlayır, düşür xalası oğlunu axtarmağa. Bir də görür ki, xalası oğlu bazardan çıxır.

Görüşüb-öpüşürlər. Bərdəli dostum xalası oğluna deyir:

- Qəzi, maşınımda iki dənə gözəl xanım var, kukladılar. Gir bir yaxşı bazarlıq elə aparaq İsa bulağına.

Xalası oğlu sevincək girir bazara, nə matah şey var alır, hər iki qucağı dolu gəlirlər maşına tərəf. Xaloğlu əlindəki kisələri qoyur kapotun üstünə, deyir görüm nətəhər candılar. Keçib maşının qapısını açır, görür biri öz anası, biri də xalası.

Deyir:

- Kişi deyil də.

Anası soruşur:

- Nə olub, a bala?

- Heç, utanmaz əclaf.

# 8883 dəfə oxunub

Oxşar xəbərlər

Zərifə Salahova:  "O şikayət məktunundan sonra atamı güllələdilər" - MÜSAHİBƏ

Zərifə Salahova: "O şikayət məktunundan sonra atamı güllələdilər" - MÜSAHİBƏ

11:40 23 oktyabr 2025
"Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında  məşhurlaşmışdı?

"Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında məşhurlaşmışdı?

10:35 23 oktyabr 2025
Tanınmış alim vəfat etdi

Tanınmış alim vəfat etdi

10:22 23 oktyabr 2025
"Özümdə heç kimə qohumluq duymamışam..."  - Banin niyə Parisi seçmişdi?

"Özümdə heç kimə qohumluq duymamışam..." - Banin niyə Parisi seçmişdi?

10:00 23 oktyabr 2025
Üzeyir bəy "Leyli və Məcnun"u Ceyhun Hacıbəyli ilə birgə yazmışdı? - Bir xatirə yazısının pərdəarxası

Üzeyir bəy "Leyli və Məcnun"u Ceyhun Hacıbəyli ilə birgə yazmışdı? - Bir xatirə yazısının pərdəarxası

18:25 22 oktyabr 2025
Şeyx Əbdül xəstəxanaya yerləşdirildi:  "Əsəb və qocalıq məni öldürdü"

Şeyx Əbdül xəstəxanaya yerləşdirildi: "Əsəb və qocalıq məni öldürdü"

18:00 22 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər