"İstedadı yataqda sevişməklə də ötürmək olar" - Eminquey

"İstedadı yataqda sevişməklə də ötürmək olar" - Eminquey
17 iyul 2024
# 16:00

Kulis.az Eminquey Akifin “Bir faiz istedad, doxsan doqquz faiz əmək” adlı yeni yazısını təqdim edir.

Azərbaycanda ən çox istifadə olunan söz, bəlkə də, “istedad”, “istedadlı” sözüdür. Biri ayağını qulağının dibinə çatdırır, deyirlər istedadlıdır, o biri dombalaq aşa-aşa dönər yeyir, deyirlər istedadlıdır, bir başqası zurna çala bilir, deyirlər, istedadlıdır. Həyatda dombalaq aşa-aşa ayran içməkdən başqa heç bir uğuru olmayan bu adamın canına “istedad” sözü sərin ayran kimi elə yayılır, elə yayılır ki, bu ona bir ömür bəs edir.

Bəs istedad nədir?

İstedadla bacarığı səhv salmırıq ki?

Səhv salırıqsa, bacarıq nədir?

Bacarıqla istedadın fərqi nədədir?

İstedad – mədəni təkamül yolu ilə qazanılan xüsusiyyətdir.

Bacarıq isə bioloji təkamülün bəhrəsidir.

İstedad azərbaycanlıların leksikonunda fövqəladə, ilahi bir don geyinmiş sözdür. Bir adam şeir yazırsa, istedadlıdır, bu istedad ona ilahidən gəlib. İndi sizə demək istəyirəm ki, istedad ilahidən-filan gəlmir. İstedad bacarığın daha inkişaf etmiş halıdır. Çox təəssüflə qeyd etmək istəyirəm ki, heç kim də şair doğulmur. Bunu kim deyibsə, sizi möhkəm aldadıb.

“Mənə on uşaq verin, birini ədəbiyyatçı, birini hüquqçu, birini musiqiçi, birini fizik və s. kimi yetişdirə bilərəm” - Amerikalı filosof, psixoloq Frederic Skinner belə deyir.

Bir insan qələm tutmağı və oxumağı öyrənəndən sonra onu inkişaf etdirib əvvəlcə yazı yazmağı öyrənir, sonra oxuduqları nəticəsində “mən də yazaram” deyib şeir, hekayə, roman yazmağa cəhd edir. Bütün bunları isə artıq oxuduqları, mühitin ona ötürdükləri, dünyagörüşü kimi amillərin hesabına edə bilir.

Elə insanlar var ki, onların əli-ayağı yerində olanda heç bir istedadları yox idi. Hamı kimi günü-günə calayıb yaşayırdılar. Amma bir qəzada qollarını itirən adam bir gün ayaqları ilə yazmağı, rəsm çəkməyi öyrənir. O, öz bədəni ilə barışır, əllərinin yoxluğuna ilişib qalmır, ayağı ilə yaşayır. Əli-ayağı yerində olan insan üçünsə bu qeyri-adi bacarıq kimi görünür.

Əslində, istedad sözü insanın Allahı yaradan kimi qəbul etdiyinə görə “yaratmaq” və “yaradıcılıq” ilahiləşmiş bir funksiyaya çevrilib. O necə yoxdan var edirsə, şair də, bəstəkar da, heykəltaraş da, rəssam da yoxdan var edir. Əgər bir kimsə kasıb ailədə böyüyübsə, onun musiqi təhsili almağa imkanı yoxdursa, musiqi aləti almağa gücü çatmırsa, onda necə olacaq? Gedib mühafizəçi işləyəcək.

Demək ki nə imiş? Necə ki tarixən sinfi cəmiyyətlər zamanı yaratmaq ruhanilərə, aristokratlara məxsus idi, adi insan yaratmaq qabiliyyətinə malik deyildi, yaratmaq sinfi bir hadisəyə çevrilmişdi, indi də eynisi baş verir. Sadəcə o zamanlar bu birbaşa hökm idi – aşağı təbəqənin uşaqlarının istedadlı olmağa haqqı yox idi. İndi isə pulu yoxdur.

Məsələn, ən yaxşı rəssam daha çox çalışdığı, öyrəndiyi üçün istedadlıdır. Ən yaxşı yazıçı daha çox oxuduğu, daha çox araşdırdığı, nəyi yazsa, necə yazsa oxunacağını bildiyi üçün yaxşı yazıçıdır. Ən yaxşı idmançı daha çox məşq etdiyi üçün yaxşı idmançıdır. Bunun üçün isə zaman və maddi cəhətdən komfort zonası lazımdır. Buna gücü çatmayan nə qədər adam var dünyada.

İstedad fitri qabiliyyət hesab olunsa da, mən bunu qəbul etmirəm. Fitri qabiliyyət deyilən şey yoxdur. Kəşf olunmuş və inkişaf etdirilimiş qabiliyyət var. Biri haqqında “o, dünyaya şair olaraq gəlib, şair doğulub” demək elə insanları siniflərə bölmək, birini digərinin yanında aşağılamaqdır. Hətta deyərdim ki, birinə istedadlı demək faşistlikdir. Bunun irqi ayrıseçkilikdən heç bir fərqi yoxdur. Birinə dozanı artırıb “çox istedadlıdır” demək isə artıq birbaşa cəhənnəmlik əməldir. Guya kişinin oğlu anasının qarnında şeir yazırmış, anasının qarnından çıxanda ağlaya-ağlaya “inqə”ni də qafiyələndirib.

Ümumiyyətlə, istedadı hər cür ötürmək mümkündür. Məsələn, biri ilə bir gecə yatmaqla. Bəli, var belə "istedad"lar. Bir də görürsən, imkanlı birinin qoynunda istedadını kəşf edir. Məsələn, istedadlı şəxslə yeyib-içməklə onun istedad payından oğurlamaq mümkündür. Məsələn, istedadlı birinin yanında fırlana-fırlana da istedad sahibi ola bilərsən.

Bu istedad cəfəngiyatı ilə neçə-neçə insanlar məhv olub gedib. Ömürlərinin axırına kimi elə biliblər ki, şairdirlər, ilham pəriləri var, onlara səcdə olunmalıdır, onlar peyğəmbər-filandırlar. Əgər on ildir yazırsınızsa, yaradırsınızsa və sizə hələ də rəssam yox, şair yox, yazıçı yox, bəstəkar yox, istedadlı adam deyirlərsə, deməli, sizinlə məzələnirlər. İstedad yaradıcılığın primitiv mərhələsidir, yəni bir faizidir. Əgər sizə hələ də istedadlı deyirlərsə, gedin, özünüzə sənət tapın.

# 1486 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
#
#
# # #