“İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimatı olub

İlyas Əfəndiyev, Xalq yazıçısı

İlyas Əfəndiyev, Xalq yazıçısı

25 may 2022
# 19:00

Mayın 25-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq deyib: “Bu gün Milli Kitabxanada çox gözəl bir tədbirə – Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan, yaşadığı illərdən klassikləşən, böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin işığına toplaşmışıq. Bu gün təqdim etdiyimiz kitabda Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin uzun və şərəfli ömrünün ən yaddaqalan anları, görkəmli incəsənət və mədəniyyət xadimlərinin, yaxın dostlarının sənətkar haqqında fikirləri, maraqlı xatirələri, tanınmış şairlərin yazıçıya həsr edilmiş şeirləri yer alıb. Sənətkarın müxtəlif illərdə yazdığı, tanınmış aktyor və rejissorların iştirakı ilə səhnələşdirilən əsərlərindən fotolar verilib. Nəşrdə görkəmli yazıçıların öz müasirləri haqqında fikirləri də əksini tapıb. Biz İlyas Əfəndiyevin “Geriyə baxma, qoca”, “Geriyə baxmağa dəyər” adlı əsərlərinin adından ilhamlanaraq fotoalbomun adını məhz “Geriyə baxarkən” qoyduq”.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu gün ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biri, Azərbaycan tarixinin, məfkurəsinin, milli kimliyinin inkişafında müstəsna xidmətləri olan Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günü ərəfəsində böyük sənətkarın həyat və yaradıcılığının maraqlı anlarını fotoşəkillərin dili ilə canlandıran “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimat mərasiminə toplaşmışıq. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatı üçün çox önəmli irs qoyub gedib. O, sovet ideologiyası zamanı öz əsərlərində azərbaycançılıq, milli kimlik məsələlərini əks etdirib. Məhz bu gün milli mənlik – vətənpərvərlik ruhunda gənclərimizin yetişməsində onun əsərlərinin mühüm xidmətləri var.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan ədəbiyyatını tədqiqatçıların gözü ilə iki hissəyə: “Azərbaycan Sovet ədəbiyyatı” və “Sovet dövrü Azərbaycan ədəbiyyatı” ayırmaq olar. Məhz İlyas Əfəndiyev sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Sovet dövründə əsas olan sosializm, realizm kimi ideyalar onun əsərlərinə yaddır. Sovet ədəbiyyatı nikbin notlar üzərinə qurulsa da, İlyas Əfəndiyevin əsərlərində həm nikbin, həm də nisgili notlar hiss olunur. İlyas Əfəndiyev zamanı qabaqlayan bir şəxsiyyət olub. Onun yaradıcılığında lirik-psixoloji yanaşma özünəməxsus yer tutur.

Yeni kitab haqqında fikirlərini bildirən akademik vurğulayıb ki, nəşrdə ilk dəfə İlyas Əfəndiyevin öz müasirlərinə yanaşması da əks olunub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli İlyas Əfəndiyev haqqında xatirələrini bölüşüb: “Biz həmişə istəmişik ki, Azərbaycan teatrı müasir olsun və məhz İlyas müəllimin əsərləri sayəsində bunu əldə etmişik”.

Daha sonra o, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın son illər türkdilli ölkələrlə bağlı keçirdiyi tədbirlərdən bəhs edərək ona uğurlar arzulayıb.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirib ki, İlyas Əfəndiyevi hər kəs tanıyır, onun Azərbaycan ədəbiyyatına, eləcə də teatrına verdiyi töhfələrin qiymətinin dəyəri ölçüyəgəlməz dərəcədə çoxdur. Azərbaycan durduqca İlyas Əfəndiyevin xatirəsi daim yaşayacaqdır.

Təqdim olunan fotoalbom-kitabı bütünlükdə ədəbi həyatımıza hədiyyə, töhfə kimi dəryərləndirən Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, İlyas Əfəndiyev həm ədəbiyyatımızda, həm də teatrımızda məktəb yaratmış bir şəxsiyyətdir. Elçin müəllim də onun yolunu layiqincə davam etdirir.

S.Rüstəmxanlı qeyd edib ki, İlyas Əfəndiyev zamanın tələbələrinə əyilməyib, öz dəsti-xətti ilə seçilib, fərqlənib: “Görkəmli dramaturq İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında yeni cərəyan yaradıb. Azərbaycan tarixini, qadın azadlığı kimi məsələləri ədəbiyyatımıza gətirərək əsərlərində qadın baş qəhrəmanlarına daha çox yer verib”.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova, Milli Məclisin deputatları Vüqar İskəndərov, Aqil Abbas, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, professor Rüstəm Kamal, Əməkdar artist Məsmə Aslanqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Seyran Səxavət və başqaları görkəmli dramaturq İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığı ətrafında çıxış ediblər.

Kitabın hazırlanmasında xüsusi əməyi olan yazıçının nəvəsi Günay Əfəndiyeva deyib: “Bu kitabın ərsəyə gəlməsi o qədər də asan olmayıb. Çünki materiallar çox idi. Qarşımızda nəhəng bir irs, buraxdığı zəngin miras vardı. Kitabı hazırlayarkən biz sanki, İlyas Əfəndiyevin həyatını, həm də o dövrü yenidən yaşayırdıq. Ona görə də, kitab “Geriyə baxarkən” adlanır. Qarabağla bağlı əsərləri biz daha çox təbliğ etməliyik. Çünki bunlar ədəbi-bədii əsərlər olmaqla yanaşı, eyni zamanda tarixi faktlardır. İlyas Əfəndiyevin bütün yaradıcılığından Qarabağ mövzusu qırmızı xətlə keçir”.

Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Bədii fikir tariximizin fenomeni – Xalq yazıçısı İlyas Əfəndiyev” (http://anl.az/el/emb/I.Efendiyev/index.html) adlı Elektron məlumat bazası da təqdim olunub.

Qeyd olunub ki, Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Sənətkarın yaşamaq haqqı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında”, “Müdrik deyimləri”, “Ədəbiyyat və mədəniyyət xadimləri haqqında fikirləri”, “Əsərləri”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar birliyin təsis etdiyi “İlyas Əfəndiyev mükafatı"nı Milli Məclisin deputatı Aqil Abbasa təqdim edib.

Tədbirin sonunda görkəmli dramaturqun ailəsi adından Xalq yazıçısı Elçin çıxış edərək ilk növbədə fotoalbomun nəşri və tədbirin təşkilatçılığına görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz dərin təşəkkürünü bildirib. Fotoalbomun nəşrində əməyi keçən “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılovaya öz minnətdarlığını çatdırıb.

Sonda qonaqlar görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin əsərlərindən ibarət “Xalq yazıçısı İlyas Əfəndiyev” adlı geniş kitab sərgisi ilə tanış olublar.

# 2012 dəfə oxunub

Oxşar xəbərlər

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

18:40 10 dekabr 2024
Teatr Muzeyinin 90 illiyi qeyd olundu

Teatr Muzeyinin 90 illiyi qeyd olundu

17:56 10 dekabr 2024
# # #