İlahi, bu qızla işin olmasın - Eldar Baxış

İlahi, bu qızla işin olmasın - Eldar Baxış
2 noyabr 2023
# 15:45

Kulis.az Eldar Baxışın "Sərçə balası" şeirini təqdim edir.

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.

Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.

Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri…
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.

Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir gün məndə yoxdu.

Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.

Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?

Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.

Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.

O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.

Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.

…Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.

Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın…

# 3222 dəfə oxunub

Oxşar xəbərlər

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər