İki övladını itirdi, qızına vəsiyyəti ilə hamını təəccübləndirdi – Səməndər Rzayev “krasotka” ləqəbli aktrisamızı öpərkən ona nə demişdi?

İki övladını itirdi, qızına vəsiyyəti ilə hamını təəccübləndirdi – Səməndər Rzayev “krasotka” ləqəbli aktrisamızı öpərkən ona nə demişdi?
12 yanvar 2023
# 12:00

Kulis.az aktrisa, Xalq artisti Nübar Novruzova haqqında on maraqlı faktı təqdim edir.

Nübar Qulu qızı Novruzova 1958-ci ilin martın 8-də Naxçıvanda anadan olub. Uşaqlıqdan aktrisa olmağı arzulasa da, ailəsi onun bu istəyi ilə razılaşmayıb. Naxçıvanda, orta məktəbdə oxuyanda onu Naxçıvan Televiziyasının ekranlaşdırdığı bir filmdə kiçik rola çəkirlər. Həmin filmdən sonra müəllimləri ona deyirlər ki, səndən gözəl aktrisa olar.

***

Nübar müəllimlərinin istəyi ilə sənədlərini İncəsənət İnstitutuna verir və qəbul olunur. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirir.

O, 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilir. Az vaxt ərzində teatrın aparıcı aktrisası olur, baş rollarda müvəffəqiyyətlə çıxış edir. Aktrisanın ən uğurlu rolu Tariyel Vəliyevin quruluşunda hazırlanan “Geriyə yol yoxdur” tamaşası olur. Orada Kamal Xudaverdiyevin qızı rolunu canlandırır.

"Sən nə üçün yaşayırsan?", "Sən həmişə mənimləsən", "Aydın", "Oliver Tvistin macəraları", "Viktoriya", "Əcəl atı", "İtalyansayağı xoşbəxtlik", "Ağ ölüm", "Ana" tamaşalarında, "İmtahan", "Kuklalar", "Qəm pəncərəsi", "Qızıl uçurum", "Qəzəlxan" filmlərində maraqlı rollar ifa edib.

Bu tamaşadan sonra Nübar “Bir ailədə” adlı tamaşada oynayır və uğur qazanır. Xalq artisti Səməndər Rzayev bu tamaşadan sonra onu öpüb deyir: “Azərbaycan səhnəsinə yeni bir istedad gəlib”.

***

Aktyor Gənc Tamaşaçılar teatrına işə düzələndə, oranın binası sökülür, təmirə başlanır. O, "Aktyor Evi"ndə, Mədəniyyət Sarayında məşqlər edir. Əsasən də, qastrollara gedir və gecə-gündüz işləyir. O zaman teatrın bəzi aktrisaları analıq məzuniyyətində olduğundan teatrın bütün yükü onun üzərinə düşür. Ancaq onun əmri verilmir. Heç maaş da almır. Televiziya verilişlərinə çəkilir. Evi olmur, aldığı qonorarla kirayələrdə yaşayır. Düz bir il sonra isə maaş alır.

Nübar xanım çox gözəl olduğundan gəncliyində baş rollar ona həvalə olunur. Aktrisa həmin illəri xatırlayarkən deyir:

“1981-ci ildə Leninqradda keçirilən gözəllik fotomüsabiqəsinin qalibi olmuşam. O yarışmaya bütün ölkələrdən qızlar qatılmışdı. Onda indiki kimi gonbul deyildim. Dərzilər mənim bədən ölçülərimi götürəndə təəccüblənir və deyirdilər ki, sənin ideal ölçülərin var. İndi o günlərin həsrətini çəkirəm. Bizim qrimçimiz vardı, Sara xala, otağında bir mənim şəklimi vurmuşdu, bir də Ornella Mutinin. Mən onun otağına girəndə o şəkilləri dəyişik salırdım. Bilmirdim ki, hansı mənəm. Yaxınlaşan hər kəs məni “krasotka” deyə çağırırdı. O müsabiqədən sonra məni çox gözəllik müsabiqələrinə dəvət etdilər, amma getmədim”.

Aktrisa bir az gec ailə həyatı qurur və analıq məzuniyyətinə çıxır. Ana olmağa hazırlaşdığı günlərin birində səhnədə rolunu canlandıran zaman vəziyyəti pisləşir. Həkim müayinəsindən sonra məlum olur ki, aktrisanın bətnindəki uşaq tələf olub. Bir müddət sonra növbəti dəfə ana olmağa hazırlaşan aktrisa ağır qəza keçirir. Və ikinci övladını da itirir. Uzun illər analıq hissindən məhrum olan aktrisa bir də bu səadətə qırx yaşında çatır. Onun bir qızı dünyaya gəlir.

***

Övladı doğulandan sonra teatra qayıdanda ona qarşı birmənalı münasibət olmur. 45 yaşlı aktrisaya “niyə gəlmisən” sualını verirlər. Əvvəl oturduğu qrim otağında oturmasına imkan vermirlər.

***

Gənclik illərində teatrda hər kəsin həsrətində olduğu Kleopatra rolunu canlandırıb. Çəkiliş zamanı səbətdə üç ilan gətirirlər. Kənd qızı olmağına, at çapmağına baxmayaraq, Nübar xanım ilandan bərk qorxur. İlanları görəndə, onu əsməcə tutur, qorxuya düşür. Ancaq sonradan rolun təsirinə necə düşürsə, əl atıb ilanı götürür və sinəsinə qoyur. Aktrisa rolunu ifa edən zaman ilan onun sinəsini sancır, ancaq o, rolunu yarımçıq saxlamır, davam etdirir.

Bir dəfə isə Elçinin “Qar qız” tamaşasında o, Qar qızı canlandırır. Külək rolunu oynayan aktyor onu götürüb necə fırladırsa, Nübar xanım səhnə kənarındakı işıqların üstünə, ordan isə salona düşür. Əzilsə də, ayağa qalxıb roluna davam edir. Nübar xanımın sözlərinə görə, dünyasını dəyişən həmin aktyor bu hərəkəti başqa bir aktrisanın istəyi ilə yerinə yetirmişdi ki, Nübar zədə alsın.

***

Aktrisanın sözlərinə görə həsrətində olduğu rolların çoxunda iştirak etmək ona qismət olmayıb:

“Süküt divarı” adlı bir tamaşa var, həmişə o tamaşada oynamaq istəmişəm. Onda cavan qız idim, Naxçıvan Teatrı bu tamaşanı Bakıda Aktyorlar Evində göstərmişdi. Əsas rolda da Zemfira Əliyeva oynayırdı. Mən bu tamaşanı həm Naxçıvanda, həm də Bakıda görmüşdüm. 19 yaşım vardı və düşündüm ki, kaş müəyyən yaşa çataydım, bu ana rolunu oynayaydım. Artıq o yaşa çatdım, amma o tamaşanı teatrdan yox elədilər. Arzuladığım və möhür vura biləcəyim rollar çox olub, amma mənə verməyiblər”.

***

Xalq artisti, həmkarı Gülnar Salmanovanın yas mərasiminə qatılan zaman dediyi sözlərlə sanki həm də vəsiyyət edib:

“Dəyərli həmkarlarım Nuriyyə Əhmədova, Gülnar Salmanova vəfat etdi. Yəqin, növbə bizə çatıb. Mən vəfat edəndə heç kimin yas mərasimimə gəlməyini istəmirəm. Yanımda ancaq qızım olsun. Qızıma da tapşırmışam ki, gələnləri qapıdan qovsun. Baş daşı da qoyulmasını istəmirəm, məni sakitcə aparıb basdırsınlar”.

# 30083 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
# # #