Humanitar elmi düşüncənin miqyası - Ağamusa Axundov

Humanitar elmi düşüncənin miqyası - Ağamusa Axundov
2 fevral 2024
# 14:00

Bu gün görkəmli ədəbiyyatşünas, dilçi Ağamusa Axundovun doğum günüdür.

Kulis.az İsa Həbibbəylinin "Humanitar elmi düşüncənin miqyası" yazısını təqdim edir.

Görkəmli dilçi alim, akademik Ağamusa Axundov haqqında hələ orta məktəbdə oxuduğum illərdə müəyyən maraqlı məlumatlara malik idim.

Səhv etmirəmsə, keçən əsrin altmışıncı illərinin ortalarında “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş bir məqalədə oxumuşdum ki, elm tariximizdə ilk dəfə olaraq Ağamusa Axundov 32 yaşında doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi qazanıb. İllər keçəndən sonra elmi mühitin qayğıları ilə yaxından məşğul olanda 30-40 yaşda namizədlik dissertasiyası müdafiə edənlərin kəmiyyət göstəricilərini real olaraq gördükdən sonra cavan tədqiqatçının istedadının miqyasını daha dərindən təsəvvür etdim. Bu, təkcə Azərbaycan elmində deyil, keçmiş Sovetlər İttifaqı masştabında nadir hadisələrdən biri idi. Əslində Ağamusa Axundov namizədlik dissertasiyasını da aspirantlıq müddətində vaxtından əvvəl müdafiə etməklə də yeni rekord əldə etmişdi. Həm də bu rekordlar təkcə yaş göstəricisinə görə deyil, eyni zamanda, elmi yenilik və nəzəri səviyyə baxımından da etiraf olunan, de-fakto qəbul edilən böyük nailiyyətlər idi. Ağamusa Axundovun “Feilin zaman kateqoriyası” probleminə həsr olunmuş namizədlik dissertasiyası Azərbaycan dilçilik elmində hadisə kimi qarşılanmışdı. Dilçilik elmində ilk dəfə Ağamusa Axundov isbat etmişdi ki, “Azərbaycan dilindəki zaman formalarının əsasında qədim feili sifətlər və feili bağlamalar durur... Azərbaycan dilinin feil zamanları üslub cəhətdən çox zəngin olub, xüsusən keçmiş, qismən də indiki zamanda cərəyan edən hal və hərəkətləri bütün incəliklərinə qədər ifadə etməyə qadirdir”.

Qeyd edilən mühüm elmi nəticələr bir neçə cəhətdən xüsusilə əhəmiyyətli idi: Əvvəla, dilin əsas bel sütunu hesab olunan feil baxımından Azərbaycan dilinin zənginlikləri və funksionallığının dəqiq dil materialları ilə müəyyən olunması ana dilimizin möhkəm bünövrəyə malik olduğunu meydana qoymuşdur. İkincisi, Ağamusa Axundovun feil tədqiqatları Azərbaycanda digər qrammatik kateqoriyaların da elmi-nəzəri cəhətdən tədqiq edilməsinə yol açmışdır. Üçüncüsü, Ağamusa Axundovun feilin zamanları haqqında Azərbaycan dilinin daxili imkanları, milli özünəməxsusluqları əsasında formalaşdırdığı qrammatik təlim o vaxta qədər dilçilik elmində geniş yayılmış nəzəriyyəni hazır sxem kimi qəbul edib, milli ədəbiyyatdan təsdiqedici bədii nümunənin göstərilməsi kimi “ənənəvi axının” səmtini real elmə doğru dəyişmişdir. Bütün bunlar Azərbaycan dilçilik elminin milli konseptual əsaslarını yaratmaq baxımından da çox əhəmiyyətli idi... Ümumiyyətlə, Azərbaycan dilinin qrammatikası, xüsusən də morfologiya şöbəsi üçün son dərəcədə əhəmiyyətli olan bu elmi nəticələr Ağamusa Axundovu bu istiqamətdə görkəmli dilçi alimlər arasında xüsusi istedada malik elm adamı kimi tanıtmışdır.

Geniş mənada onu dilçilik elmi ailəsinin yeni nəslinin istedadlı nümayəndəsi kimi qəbul etmişlər. Bununla Ağamusa Axundov morfologiyaşünaslığa öz möhürünü vurmuşdur. Morfologiya sahəsində tədqiqatlarını davam etdirəcəyi gözlənildiyi halda, Ağamusa Axundov doktorluq dissertasiyası mövzusu kimi tamamilə yeni istiqamət seçmişdir. Onun morfologiyadan fonetikaya keçidi Azərbaycan dilçilik elmində yeni istiqamətin açılmasına səbəb olmuşdur. Ağamusa Axundovun 1964-cü ildə “Müasir Azərbaycan ədəbi dilinin fonetikası” mövzusunda böyük uğurla müdafiə etdiyi doktorluq dissertasiyası nəzəri qrammatikanın bu sahəsində mühüm yenilik kimi qəbul olunmuşdur. Ağamusa müəllim demək olar ki, bütün ömrü boyu fonetika ilə məşğul olmuş, bu sahədə böyük uğurlara imza atmışdır.

O, Azərbaycan dilçilik elmində fonetika məktəbi yaratmış görkəmli alimdir. Ağamusa Axundovun “Azərbaycan dilinin fonemlər sistemi” monoqrafiyası (1973) qrammatika elmində fonetikaşünaslığın nəzəri əsaslarını təşkil edən ən mötəbər elmi əsərdir. Görkəmli alimin “Azərbaycan dilinin tarixi fonetikası” əsəri (1973) milli ədəbi dilin reallıqlarına əsaslanaraq fonetik sistem yaratmağın əhəmiyyətli nümunəsidir. Ağamusa Axundov Azərbaycan dilinin tarixi fonetikası haqqında sistemli elmi təlimin yaradıcısıdır. Dəqiq və zəngin ədəbi dil tarixi materiallarına əsaslanaraq Azərbaycan dilində sait və samit səslərin elmi təsnifatını hazırlaması Ağamusa müəllimin böyük xidmətidir. O, Azərbaycan dilində alınma sözlərdəki sait və samit səslərin mövqeyini və inkişafla bağlı taleyi məsələsini müəyyən etmişdir. Azərbaycan dilçilik elmində dilarxası, arxa sıra, diftonq saitlər, ng samiti, yəni sağır nun hadisəsi, udlaq samitlər kimi anlayışların dərin elmi-nəzəri əsasları Ağamusa Axundov tərəfindən işlənilmişdir. Fonetik hadisələr haqqındakı dərin elmi konsepsiyası ilə o, türk dillərinin fonetikasının qiymətli yeni fəsillərini yazmışdır. Ümumiyyətlə, Ağamusa Axundovun dilçilik tədqiqatları, xüsusən də fonetika üzrə elmi təlimi böyük əks-səda doğurmuş, Sovetlər İttifaqının sərhədlərindən kənarda da yüksək qiymətini almış, öz müəllifinə yüksək ad-san qazandırmışdır. Ağamusa Axundovun XX əsrin yetmişinci illərində Almaniyada nəşr olunan “Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar” beynəlxalq elmi-nəzəri jurnalının redaksiya heyətinin üzvü seçilməsi öz dövrü üçün də, müasir dövr baxımından da əhəmiyyətli hadisədir.

Azərbaycan dilçilik elmində akademik Ağamusa Axundov “Ümumi dilçilik” istiqamətinin də inkişafında xüsusi rolu və böyük xidmətləri olan görkəmli elm xadimi hesab olunur. Uzun müddət Bakı Dövlət Universitetinin “Ümumi dilçilik” kafedrasına rəhbərlik etmiş Ağamusa Axundov bu sahənin ölkə modelinin yaradılmasında və həmin istiqamətdə yeni nəsil dilçi alimlərin hazırlanmasında mühüm rol oynamışdır. Onun “Ümumi dilçilik” adlı dərsliyindən qırx ilə yaxındır ki, ali məktəblərin filologiya fakültələrində əsas dərslik kimi istifadə olunur.

Akademik Ağamusa Axundov Azərbaycanda riyazi dilçilik elminin də ilk yaradıcısıdır. Onun 1979-cu ildə nəşr olunmuş “Riyazi dilçilik” kitabı ölkəmizdə bu sahəyə dair birinci elmi bələdçidir. Ağamusa müəllim bu istiqamətdə tədqiqatlarını genişləndirmiş, ilk dəfə olaraq məsələyə türk dilləri miqyasında baxmaq vəzifəsini uğurla həyata keçirmişdir. “Struktur və riyazi dilçilik metodlarının türk dillərinə tətbiq edilməsinin bəzi xüsusiyyətləri haqqında” adlı elmi məqaləsi modern türkologiyanın qiymətli səhifəsidir. Bu, dil tədqiqatlarına riyazi yanaşma baxımından meydana çıxan cəlbedici təlim idi. Son dövrlərdə formalaşmış “kompyuter dilçiliyi” həmin konseptual baxışlar əsasında yaradılmışdır.

Dilin estetikası anlayışı da Azərbaycan dilçilik elminə Ağamusa Axundov tərəfindən gətirilmişdir. Bununla dilçilik faktlarına fəlsəfi-estetik münasibətin əsası qoyulmuşdur. Azərbaycan dilinin orfoqrafiya qaydalarının müasirləşdirilməsi və nəşrləri Ağamusa Axundovun adı ilə bağlı olan mühüm xidmətdir. Akademik Ağamusa Axundov nitq mədəniyyətindən durğu işarələrinə, apostrofa, onomastik vahidlərə, alınma sözlərin yazılışına, neologizmlərə, əlifba, imla məsələlərinə qədər dilçilik elmində sanballı söz sahibi idi. O, bütün məqamlarda dəqiq dil faktlarına əsaslanmış, dilin daxili imkanlarından çıxış etmişdir. Dil hadisələrini nəzəri cəhətdən dərindən şərh etmək, dillə əlaqədar məsələni sistemləşdirən dilçilik elmi səviyyəsinə qaldırmaq bacarığı və elmi-nəzəri cəhətdən ümumiləşdirmək istedadı görkəmli dilçi alim kimi Ağamusa Axundovun yaradıcı simasını müəyyən edir. Buna görədir ki, dərin elmi-nəzəri təhlillər əsasında irəli sürülmüş mülahizələri qrammatik təriflər və qaydalar kimi səslənir. Ağamusa Axundovun özünün danışıq nitqi də son dərəcə elmi səviyyəyə malik olub, bütün qrammatik qaydaların qorunması və yaşadılması əsasında xüsusi intonasiya ilə ifadə olunan dilçi alimin danışığına klassik nümunə idi.

Akademik Ağamusa Axundov dilçilik elmi səviyyəsində də qüvvətli ədəbiyyatşünas alim idi. Azərbaycan ədəbiyyatına həsr olunmuş sanballı tədqiqatların müəllifi olan Ağamusa müəllim müraciət etdiyi mövzularda ən mötəbər ədəbiyyatşünas sözü demişdir. Ağamusa Axundovun ədəbiyyatşünaslıq fəaliyyəti Azərbaycan elmində ənənəvi olan dilçi-ədəbiyyatşünaslığın yeni səhifəsidir. Məlum olduğu kimi, dilçi-ədəbiyyatşünasların ədəbiyyat haqqındakı tədqiqatları daha çox ədəbi dil tarixi zəminində meydana çıxmış yazıçı və dil istiqamətinə aid olmuş, yaxud da ayrı-ayrı müasir yazıçıların əsərlərinin linqvistik poetika baxımından təhlilinə həsr edilmişdir. Ağamusa Axundovun ədəbiyyatşünaslıq tədqiqatları isə ədəbiyyat nəzəriyyəsinin ciddi problemlərinin həllinə aid olub, yüksək nəzəri səviyyəsi ilə fərqlənən əhəmiyyətli elmi əsərlərdir. Bu cəhətdən Ağamusa Axundovun ədəbiyyatşünaslıq fəaliyyəti əsasən ədəbiyyat nəzəriyyəsi məsələlərinə həsr olunmuşdur. Ağamusa müəllim ədəbi növlər içərisində şeirşünaslığa ardıcıl olaraq müraciət etmişdir. Ağamusa Axundov Azərbaycan şeirini təhlil edib qiymətləndirərkən həm dil faktorundan istifadə etmiş, həm də sənətşünaslıq, poetika istiqamətində sistemli tədqiqatlar aparmışdır. Bu, alimin tədqiqatlarının orijinallığını meydana qoyur.

Ağamusa Axundov Azərbaycan ədəbiyyatşünaslıq elminin aktual problemləri ilə ciddi məşğul olan, mühüm nəzəri problemlərin həllinə şərəflə xidmət edən görkəmli elm xadimidir.

Tədqiqatları göstərir ki, Ağamusa Axundov əsasən Azərbaycan şeirşünaslığının nəzəri problemlərinin öyrənilməsi ilə dərindən məşğul olmuşdir. O, nəinki Azərbaycanda, daha geniş masştabda şeirin sistemli linqvistik poetikasını yaradan nadir tədqiqatçılardandır. Ədəbiyyat nəzəriyyəçisi olan şeirşünaslar əsasən şeir texnologiyalarının ədəbiyyatda sabitləmiş ümumi normalarından, yaxud ayrı-ayrı şairlərin yaradıcılığındakı fərdi təzahür formalarından bəhs etdikləri halda, dilçi-ədəbiyyatşünas Ağamusa Axundov dilin daxili imkanları və qanunauyğunluqlarından çıxış edərək şeirşünaslığın linqvistik əsaslarını hazırlamışdır. Tərəddüdsüz demək olar ki, akademik Ağamusa Axundov Azərbaycanda linqvistik poetikanın əsas yaradıcısıdır. Azərbaycan şeirşünaslığının linqvistik poetika istiqaməti Ağamusa Axundovun adı ilə bağlıdır. Heç şübhəsiz, Azərbaycan dilinin fonetik sisteminə aid sanballı tədqiqatları onun “poetikası”nın möhkəm əsaslarını təşkil edir. Bununla yanaşı, Azərbaycan şeirinin çoxəsrlik təcrübəsini və müasir inkişaf xüsusiyyətlərini dərindən öyrənməsi, dil faktları ilə şeir nümunələrini üzvi əlaqədə izləməsi Ağamusa Axundovun şeirşünaslıqdakı fərqli yerini müəyyən edir. Bu mənada Azərbaycan şeirşünaslığında “dilin səs quruluşu və vəzn” problemini ilk dəfə və nəzəri şəkildə elmi problem səviyyəsində Ağamusa Axundov tədqiq edib, nəzəri cəhətdən əsaslandırmışdır. Akademik Ağamusa Axundovun Azərbaycan şeir vəznlərinin linqvistik əsasları haqqındakı aşağıdakı qənaətləri ədəbiyyat nəzəriyyəsi nöqteyi-nəzərindən də yeni və əhəmiyyətli müddəalardır: “Şübhəsiz, dilin fonetik quruluşu ilə vəzn arasındakı möhkəm qarşılıqlı əlaqə və vəznin dilin milli spesifikasından asılılığı faktdır. Azərbaycan şeirində məhz heca vəznindən ona görə geniş istifadə olunur ki, o, bizim dilimizin, ümumiyyətlə iltisaqi dillərin fonetik quruluşuna daha çox uyğundur. Azərbaycan şeirində əruz vəznindən, yəni ölçülü vəzndən uzun müddət ona görə geniş istifadə olunmuşdur ki, o, dilimizin fonoloji sistemində özünə istinad nöqtəsi tapa bilmişdir... Şeirimizdə fonetik vəzndən heç vaxt istifadə olunmaması isə yenə də dilimizin fonetik quruluşu ilə bağlıdır. Dilimiz üçün səciyyəvi olan sabit fonetik vurğu vurğulu və vurğusuz hecaların növbələşməsinə əsaslanan vəznin şeir dilinə yol tapmasına imkan verməmişdir”.

Ağamusa Axundov Azərbaycan elmində yeganə alimdir ki, hecadan həm dilimizin fonetik hadisəsi, həm də vəzni kimi müstəqil tədqiqatlar aparmışdır. Azərbaycan şeirində qapalı hecadan açıq hecaya, örtülü hecadan örtüsüz hecaya doğru inkişaf proseslərinə dair müşahidələri şeirşünaslığın Ağamusa Axundov nəzəriyyəsi adlandırıla bilər. Eyni zamanda, dil attraksiyası hadisəsindən həm sintaktik konstruksiyalar, həm də bədii dilin imkanları kimi bəhs etmək vəzifəsinin hər iki qütbünün mükəmməl nəzəri dərkini elmimizə Ağamusa Axundov gətirmişdir. O, özünün dəqiq müşahidələri əsasında isbat etmişdir ki, “hind-Avropa konstruksiyalı tabeli mürəkkəb cümlə formaları Azərbaycan dilinin ruhuna uyğun deyildir... Rus məktəblərində təhsil almış yazıçılar rus ədəbi dilinə məxsus sadəliyi, bədiiliyi dilimizə gətirməklə yanaşı, bəzən istər-istəməz onun forma xüsusiyyətlərini də gətirir, bu isə nəticə etibarilə iltisaqi dillərə daxil olan Azərbaycan dilinin təbiiliyinə xələl gətirirdi... Eyni dil xətaları təhsillərini fars və ərəb dillərində almış yazıçıların dillərində də nəzərə çarpırdı... Bu ondan irəli gəlirdi ki, fars və ərəb dilləri də rus dili kimi eyni dillər sisteminə, yəni inkisari dillər sisteminə daxildir. Bu dillərdə kəlmələrin kökləri dəyişilib şəkilçilər başa, ortaya və sonraya gətirilir. Bundan əlavə, Azərbaycan dili nəhvi dillər, rus, fars və ərəb dilləri isə sərfi dillər zümrəsindəndir... Azərbaycan cümlə quruluşu ilə rus, fars və ərəb cümlə quruluşunda olan fərq də buradan irəli gəlir.”

Akademik Ağamusa Axundovun “Şeir sənəti və dil” problemi işığında yazdığı “Heca vəzni”, “Sərbəst şeir”, “Əruz vəzni” silsiləsi Azərbaycan ədəbiyyatşünaslığında vəznşünaslıq istiqamətində meydana çıxmış və bütün vəznləri əhatə edən birinci tam vəzn təlimidir. Ədəbiyyatşünaslıq elmində Ağamusa Axundovdan başqa, vəznlərin hamısı haqqında elmi əsər yazmış ikinci bir tədqiqatçı göstərmək mümkün deyildir. O, vəznlərin hər birində professional vəznşünas alim olduğunu nümayiş etdirir. Ağamusa Axundov Azərbaycan şeir vəznlərinin linqvistik-poetik sistemini formalaşdırmışdır. Onun heca vəzni təlimində bu vəznin ənənəvi ölçü və bölgü kimi təməl prinsiplərinin müxtəlif təzahür formaları, fərqli əlamətləri, üslubi xüsusiyyətləri nəzəri sistem halında şərh olunur. Azərbaycan şeirinin çoxhecalı ölçülərində yaranan bədii nümunələrdə “təntənəlik, azhecalılarda oynaqlıq avazı və poetik melodiya”, bəzi hallarda birincilərdə “təhkiyəvilik intonasiyası”nın ifadə olunmasına dair müşahidələr şeirşünaslığın Ağamusa Axundova məxsus kompleks yanaşma prinsipinin elmi əks-sədasıdır. Bundan başqa, çoxhecalı şeirlərin bərabərhecalı bölgülər üzrə yaranmasını, məsələn, 16 hecalı şeirin əsasən 8+8 heca bölgüsü, yaxud 14 hecalının 7+7 heca bölgüsü əsasında yaranmasını nəzərə alan alim bu təməl heca bölgüsünü nüvə heca bölgüsü adlandırmışdır. Nüvə hecalı ölçülərin daxili bölgüsünə dair müşahidələri Ağamusa Axundovun şeirşünaslığa gətirdiyi yeniliklərdəndir. Eyni zamanda, şeirdə müxtəlif ölçüləri olan misraların vahid qaydada mövcud olmasını və daxili bölgünün fərqli ölçülərdə təşkilini texniki çatışmazlıq yox, poetikanın xüsusi halı, ipostasa hadisəsi kimi əsaslandırması və fikirlərini konkret bədii nümunələrlə təsdiq etməsi Ağamusa Axundovun şeirşünaslıq təliminin müddəalarındandır. Bölgüdən sərbəst istifadə etməklə ritmik xüsusiyyətləri olan şeirlərin yaranması halının normal proses olduğu da Ağamusa Axundov tərəfindən elmi şəkildə əsaslandırılmışdır. Azərbaycan vəznşünaslıq elminə “hibrid vəzn” anlayışını gətirən Ağamusa Axundov “heca vəznli şeirlə sərbəst şeirin eyni poetik parça daxilində qarışdırılması” əsasında yaranan belə bədii nümunələrin ədəbi təcrübədə çox olmadığını və heç də hər zaman lazımi səviyyədə alınmadığını, “vəzn aritmiyasını” doğrulda bilmədiyini nəzərə çarpdırır. Azərbaycan dilinin fonetik hadisəsi kimi sözlərdə səs artımı və səsdüşümü hallarının heca vəznli şeirdəki təzahür xüsusiyyətləri də Ağamusa Axundov tərəfindən elmi şəkildə araşdırılmış, nəzəri cəhətdən qiymətləndirilmişdir.

Ağamusa Axundovun vəznşünaslıq serialının xüsusi bir fəsli olan “Sərbəst şeir” Azərbaycan ədəbiyyatşünaslıq elmində bu şeir vəzni formasına həsr olunmuş ilk sistemli tədqiqatlardan biridir. Ağamusa Axundov şeirdəki sərbəstliyin konturlarını müəyyən etmiş, həddi və hədəfləri haqqında müşahidə etdiyi qaydaları nəzəri cəhətdən modelləşdirmişdir. Ümumiyyətlə, sərbəst şeirin poetikası, spesifikasının mahiyyəti, vəzn və qafiyə sistemi kimi çox mühüm məsələnin elmi izahı və cavabı Ağamusa Axundov tərəfindən verilmişdir. Ağamusa Axundov elmi cəhətdən əsaslandırmışdır ki, “Azərbaycan sərbəst şeirində vəznin əsasını ritmik vahidlər - taktlar təşkil edir. Necə ki, müxtəlif sayda hecası olan bölgülər heca vəznində əsasdır, sərbəst vəzndə həmin vəzifəni ritmika - intonasiyanın vahidləri olan taktlar yerinə yetirir”. O, haqlı olaraq qeyd edir ki, vəzn, qafiyə sərbəstliyi həmişə həqiqi poeziya yaratmır. Bəzən isə tamamilə əksinə, o yerdə ki, sərbəstlik vəzndən daha artıq fikrə, xəyala verilir, orada həqiqi poeziyadan danışmaq da çətinləşir”. Görkəmli elm xadimi nəticə etibarilə bu qənaətdədir ki, sərbəst şeir vəznlə, ölçü ilə sərbəstlik arasında olan qafiyəsizliyi yox, qafiyədə sərbəstliyi olan obrazlı şeir deməkdir.

Ədəbiyyatşünaslıq elmində mükəmməl əruz vəzni nəzəriyyəsinin mövcudluğunu nəzərə alan Ağamusa Axundov XX əsr Azərbaycan poeziyasında əruz vəznli şeirin yerini və rolunu, mövqeyini emi cəhətdən əsaslandırılmış şəkildə müəyyən etməklə kifayətlənir. Onun tədqiqatında əruzun arxa plana keçsə də, yaşaması, poetik dövriyyədə az yer tutmasının səbəbləri, xalq şeirində əruz vəzni kimi suallar özünün dəqiq elmi cavabını tapmışdır.

Akademik Ağamusa Axundovun “Azərbaycan sovet şeirində qafiyə”, “Şeirimizdə qafiyə meyilləri”, “Azərbaycan sovet şeirində bənd” kimi əsərləri, əvvəla, onun vəznşünaslıq nəzəriyyəsinin üzvi tərkib hissəsidir və poetika baxımından bu irsi tamamlayır. İkincisi, şeirdə qafiyə və bənd sisteminə həsr olunmuş elmi əsərlər o vaxtadək əsasən haqqında ədəbiyyat nəzəriyyəsi dərsliklərində ümumi şəkildə zəruri məlumatlar verilən bu anlayışlara aid ilk müstəqil elmi tədqiqatlardır. Üçüncüsü isə Ağamusa Axundovun vəznşünaslıq təlimi kimi, qafiyəşünaslığa və bəndləşməyə dair araşdırmaları da onun adı ilə bağlı olan linqvistik poetikanın qiymətli elmi-nəzəri örnəkləridir. Fikrimizcə, “Azərbaycan şeirinin fonetik təşkili” adlı iri həcmli tədqiqatı da Ağamusa Axundovun linqvistik poetikasının üzvi tərkib hissəsidir. O, Azərbaycan ədəbiyyat nəzəriyyəsi elmində ilk dəfə olaraq alliterasiya və assonası fonetik hadisə əsasında yaranan bədii təsvir vasitəsi kimi tədqiq etmişdir. Şeirşünaslığın əsaslarına daxil olan vurğu və intonasiya da Ağamusa Axundovun tədqiqatlarında canlı danışıq dilinin fonetik imkanları ilə şeir dilinin poetik təşkilinin vəhdəti əsasında qiymətləndirilmişdir. Beləliklə, Ağamusa Axundov Azərbaycan elm tarixinə həm də linqvistik poetika məktəbi yaratmış görkəmli elm xadimi kimi möhür vurmuşdur.

Bizim fikrimizcə, Ağamusa Axundovun “Dilin estetik məsələləri” tədqiqatı da geniş mənada görkəmli alimin linqvistik poetika məktəbinin əsas “iştirakçılarından” biridir. Həm də ona görə ki, Ağamusa Axundov dilin estetikasından danışarkən bədii dili əsas kimi alaraq təhlildən keçirmişdir. “Dilin estetikası” əsərinin tərkib hissələri olan “Bədii dil - yaradıcılıq məhsulu kimi”, “Bədii dildə tipiklik və surətlərin dili”, “Bədii dil və xəlqilik” kimi məsələlər geniş mənada ciddi poetika məsələsidir. Bu məqamda Ağamusa Axundov dilin poetikası ilə estetikasını bir yerdə dəyərləndirib, elmi qiymətini vermişdir.

Müşahidələr göstərir ki, Ağamusa Axundov həm Azərbaycan dilinin qrammatikasının, həm də ədəbiyyatşünaslıq məsələlərinin tədqiqində tarixilik prinsipinə ciddi əməl edir. Ən mötəbər tədqiqatlarından birinin adı olan “Azərbaycan dilinin tarixi fonetikası” əsəri geniş mənada Ağamusa Axundovun tədqiqatçılıq metodunun özünəməxsusluğunu özündə əks etdirir. Dilçilik və ədəbiyyatşünaslıq tədqiqatlarındakı “tarixilik” təcrübəsi onun sırf tarixi mövzuda sanballı müstəqil əsər yazmasına da səbəb olmuşdur. Alimin “Torpağın köksündə tarixin izləri” adlı əsəri dilçilik ağırlıqlı tarixi tədqiqatdır. Ağamusa Axundov dil hadisəsi olan toponimlərin tarixi mahiyyətini açaraq Azərbaycan tarixi üçün yeni elmi istiqamət yaratmağa nail olmuşdur. “Azərbaycan toponimiyasında omonim yer adları” və “Azərbaycan toponimiyasında sinonim yer adları”na həsr olunan tədqiqatları dilçilik üçün də, tarixşünaslıqda da yeni elmi baxışın ifadəsidir. Ən qiymətli cəhətlərdən biri də bundan ibarətdir ki, dilçilik istiqamətində isbat etdiyi yüksək elmi-nəzəri anlayışı akademik Ağamusa Axundov tarixşünaslıq baxımından da təsdiq edir. Beləliklə, Azərbaycan dilçiliyinə, ümumi dilçiliyə, ədəbiyyatşünaslıq problemlərinə, estetikaya, ictimai fikrimizin qayğılarına, tarixşünaslığa, nitq mədəniyyəti məsələlərinə həsr olunmuş sanballı əsərləri akademik Ağamusa Axundovun geniş elmi dünyagörüşə, böyük istedada, universal elmi düşüncəyə malik görkəmli elm xadimi olduğunu aydın surətdə nümayiş etdirir. Azərbaycan humanitar elminin bir dövrünü “Ağamusa Axundov mərhələsi” kimi adlandırmaq mümkündür. Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi kimi də Ağamusa müəllim ölkəmizdə bu istiqamətin dərin elmi əsaslar üzrə inkişaf etdirilməsinə sanballı töhfələr vermişdir.

Akademik Ağamusa Axundovun elmi-nəzəri irsi ölkəmizdə və onun hüdudlarından kənarda humanitar elmi idrakın yüksək miqyasını bütün reallıqları ilə parlaq şəkildə əks etdirən zəngin və qiymətli örnəklərdir.

# 615 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #