Həyat yoldaşının ölümündən sonra ölkəni tərk etdi, xəstəliyinə görə ona qadağa qoyuldu – “Uşaqlığın son gecəsi” filminin Rüfəti

Tofiq Mirzəyev. Aktyor

Tofiq Mirzəyev. Aktyor

16 iyun 2023
# 21:00

Kulis.az rejissor, aktyor Tofiq Mirzəyev haqqında maraqlı faktları təqdim edir.

Tofiq İbrahim oğlu Mirzəyev 16 iyun, 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. Anası Bella İlyişina yəhudi əsilli olsa da, Azərbaycanda yaşayıb.

***

Tofiq Mirzəyevdə erkən yaşlarda musiqiyə maraq yaranıb. Müharibə illərində anası, qardaşı və bacısıyla atasının yurdu Gədəbəydə yaşamalı olduğundan o, klarnet ifaçılığı üzrə musiqi təhsilini 12-13 yaşlarından almağa başlayıb.

Orta məktəbi başa vurduqdan sonra Moskvada Konservatoriyanın nəzdində flarmonik məktəbdə, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasının klarnet şöbəsində təhsil alır.

***

Maestro Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edir və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayır.

***

Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q. Qarayevin, C. Hacıyevin, F. Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buradan qaynaqlanır. Amma Tofiq Mirzəyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb.

Tofiq Mirzəyev "Qaya" vokal qrupunun yaradıcılardan biri və solisti olan Teymur Mirzəyevin qardaşıdır.

***

Sənətə musiqiçi kimi gələn Tofiqin bir müddət sonra səhhətində ciddi problem yaranmağa başlayır. 1960-cı ildə ağır vəziyyətdə xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qəti qadağan edirlər.

Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. O, mərkəzi televiziyanın rejissorluq kurslarını bitirdikdən sonra rejissor peşəsinə yiyələnir.

***

Tofiq Mirzəyev “Uşaqlığın son gecəsi, "Ən vacib müsahibə", "İstintaq", "Nəsimi", "Üzeyir ömrü", "Təhminə" və s. filmlərdə maraqlı obrazlar yaradır. Tofiq Mirzəyevin iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir.

***

Tofiq Mirzəyevin kinoda ilk təcrübəsi olan "Uşaqlığın son gecəsi" filmi olub. Bu filmdə canlandırdığı Rüfət obrazı sayəsində tamaşaçı rəğbəti qazanıb və yaddaşlara əbədi həkk olunub.

Bundan sonra Tofiq Mirzəyev 35 filmə çəkilir, özü də təkcə "Azərbaycanfilm"də yox, həm də "Mosfilm"də, Dovjenko adına kinostudiyada.

***

Tofiq Mirzəyev portret filmlər çəkib, bəstəkar Fikrət Əmirov, dirijor Nazim Rzayev, müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar haqqında verilişlər hazırlayıb.

***

Aktyorun yaxın dostu yazıçı Anar xatirələrində qeyd edir:

"“Kinematoqraf” da Hollivud bənizli bu yaraşıqlı kişidən yan keçə bilməzdi. Amma, bununla belə, doğrusu, ona bir qədər gec diqqət etdilər. Tofiqi ilk dəfə kinoya Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Uşaqlığın son gecəsi" filmiylə Arif Babayev gətirdi. Tofiq danışırdı ki, kinostudiyanın Bədii Şurasının filmə baxışından sonra o, həyəcanlı imiş. Kinostudiyanın direktoru, incəsənət məsələlərində heç bir güzəştə getməyən Adil İsgəndərov onu kabinetinə çağırır.

"Hə, indi deyəcək ki, get, get öz işinlə məşğul ol, səndən aktyor çıxmaz". Tofiq belə düşünürmüş. Adil İsgəndərov isə cəmi bircə kəlmə deyib: “Sən çəkiləcəksən"".

Tofiq Mirzəyev "Mosfilm"də tanınmış rus aktyoru Vyaçeslav Tixonovla birlikdə çoxseriyalı "Cinahsız cəbhə" filmində çəkilib. Bu filmdə o, döyüş zabiti Əliyev roluyla öz yaxın dostu memar Rasim Əliyevin atası, müharibə iştirakçısı, akademik Həsən Əliyevin obrazını canlandırıb. Bakıda Arif Babayevlə yanaşı, Həsən Seyidbəyli, Rasim Ocaqov, Tofiq İsmayılov da ona öz filmlərində rol veriblər. Üzeyir Hacıbəyovdan bəhs edən “Uzun ömrün akkordları” filminə isə onu aparıcı roluna Anar çəkir.

***

Aktyor həm də Anarın həyat yoldaşı Zemfira xanımın bacısı Elmira Səfərovanın həyat yoldaşı olub. Ömrünün orta yaşlarında həyat yoldaşı Elmira Səfərovanın ölümü Tofiq Mirzəyevə dəhşətli sarsıntı yaşadır. Həyat yoldaşının vəfatından sonra Tofiq həmişəlik Bakını tərk edib İsrailə köçməli olur.

Özünü "dünyanın vətəndaşı" adlandıran Tofiq Mirzəyev hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğul olur. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvüdür. Oğlu Teymur isə Avropada yaşayır.

# 28521 dəfə oxunub

Oxşar xəbərlər

“Yatan peyğəmbər” ləqəbli məşhur medium - O, reinkarnasiya haqqında nə demişdi?

“Yatan peyğəmbər” ləqəbli məşhur medium - O, reinkarnasiya haqqında nə demişdi?

18:12 18 mart 2026
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

17:30 18 mart 2026
Barıt qoxulu dünyada bir ovuc sevgi - Əli Kərimin həsrət qaldığı o məktublar haradadır?

Barıt qoxulu dünyada bir ovuc sevgi - Əli Kərimin həsrət qaldığı o məktublar haradadır?

16:49 18 mart 2026
Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə

Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə

16:00 18 mart 2026
Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

14:25 18 mart 2026
Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

14:19 18 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər