Həyat yoldaşı qətlə yetirildi, həbs edildi, evlilik təklifini rədd etdiyi üçün Bağırov onu güllələdi...

Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbova

Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbova

27 oktyabr 2021
# 12:00

Bu gün Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbovanın doğum günüdür. Kulis.az bu münasibətlə Xədicə Qayıbova haqqında on maraqlı faktı təqdim edir.

Tiflisdə ziyalı ailəsində doğulan Xədicə Qayıbova ilk təhsilini Müqəddəs Nina Qızlar məktəbində alıb. 1911-ci ildə Tiflisdə yayılan vərəm xəstəliyi Xədicənin atasını, bacısını, və qardaşını əlindən alır. Ona görə, də o təhsilini yarımçıq qoymalı olur.

***

18 yaşında ailəsini itirən Xədicə Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu, mühəndis Nadir Qayıbovla ailə qurur. Bir müddət Tiflisdə yaşadıqdan sonra 1919-cu ildə Qayıbovlar Bakıya köçür.


Xədicə Qayıbova gənclik illərində

İctimai həyatda da fəal olan Xədicə Qayıbova Hacı Zeynalabdin Tağıyevin qadınlara təhsil verilməsi ilə bağlı keçirdiyi layihələrdə iştirak edir, qadınları təhsilə çağırırdı. Tağıyevin Xədicə xanıma xüsusi hörməti olub. Fəaliyyətinə görə ona üstündə öz şəkli olan servis və çox qiymətli brilyant qaşlı üzük də bağışlayıb.

***

Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olandan sonra Xədicə Qayıbova ikinci dəfə ailə qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşad Qayıbov da 1933-cü ildə həbs edilir, ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə Qayıbovanı 3 ay müddətinə həbs edirlər. O da həyat yoldaşı kimi casusluqda ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad etməli olurlar.


Pianoçu həyat yoldaşı ilə birlikdə

Çox keçmir 1937-ci ildə Xədicə Qayıbovanın həyat yoldaşını yenidən həbs edirlər. Amma bu dəfə geri qayıtmır. 1938-ci ildə qətlə yetirilir.

16 mart 1938-ci il tarixində Xədicə Qayıbova öz evində Müsavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizləməsi və onun qaçması üçün şərait yaratması ittihamı ilə həbs edilir. Qayıbovanın o vaxt 23 yaşlı Abdulkərim adlı oğlu və 12 yaşlı Alanqu adlı qızı var idi. Xədicə xanımın həbsindən qızı Alanqunun xatirələrində belə bəhs olunur:

"Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi. Bibim Nigarın əri general Şıxlinski qardaşım Əbdülkərimə gözəl bir şaşka bağışlamışdı. Əsl sənət əsəri idi. Divardan, xalçanın üstündən asılmışdı. Onu da götürdülər..."

***

1938-ci ildə 9 dəfə dindirilən Xədicə Qayıbova dindirmədə heç kimim əleyhinə ifadə verməyib və heç birində güllələnməyə rəvac verən ifadəsi də olmur. Ancaq mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir hesab edilir.


Xədicə Qayıbovanın son şəkli

Altı aydan sonra belə qərar çıxarılır: “Qayıbova Xədicə xanım Osman qızı – Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin!”

***

Onun dindirilmə prosesində o vaxt dövlətə rəhbərlik edən Mir Cəfər Bağırov da bəzən iştirak etdiyinə dair söhbətlər gəzsə də, bu barədə heç bir sənəddə və araşdırmalarda onun adı keçməyib. Hətta Mir Cəfər Bağırovun Xədicə xanımı sevdiyinə dair söz-söhbətlər də dolaşıb. Deyilənlərə görə, onun başına gələnlərin səbəbi Bağırovun evlənmə təklifini rədd etməsi olub. Xədicə Qayıbovanın qətlində Bağırovun bilavasitə iştirakı da iddialar arasındadır. Guya cəza kəsiləndən sonra Xədicə Qayıbovanın kamerasına gəlib, evlənməyə razılıq versə, azad olunacağını deyir. Xədicə Qayıbova razılıq vermir. Mir Cəfər Bağırov tapançasını çəkib onu vurur və sonra da meyitinin yanında çöküb, göz yaşı tökür.

***

Rəsmi sənədlərdə isə belə yazılır. Xədicə Qayıbova 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnib. 1956-cı ildə bəraət alması haqqında arayış Qayıbovanın ailəsinə təqdim olunur.


# 5053 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
# # #