Həbs edilən tiktokerlər günahsızdır

Həbs edilən tiktokerlər günahsızdır
22 aprel 2024
# 15:00

Kulis.az Mirmehdi Ağaoğlunun tiktok və həbs edilən tiktokerlər haqqında yazısını təqdim edir.

Təxminən, üç il əvvəl idi. Qarabağa səfərlər zamanı özüm üçün çəkdiyim videoları yutub kanalıma yerləşdirirdim. Həmin vaxt bir tanışım məsləhət gördü ki, tiktokda səhifə yaradıb kiçik parçalar paylaşım, beləliklə, izləyicilər kanalıma yönəlsinlər. Bu şəkildə kanalda baxış sayı artar.

O vaxta kimi tiktok səhifəm yox idi. Düzü, tiktok məndə çox mənasız, avara adamların dolaşdığı sosial platforma təəssüratı yaratmışdı. Nə yalan deyim, içimdə qorxu kimi bir hiss vardı, elə bilirdim, tiktoka girsəm, əxlaqsız bir şey eləmiş olaram.

Xülasə, özümə səhifə yaradıb tiktok aləminin üzvü oldum. Oradakı baxışlar kanalıma abunə gətirdi, ya gətirmədi, bu, ayrı yazının mövzusudur. Sadəcə, tiktok haqqında onu deyə bilərəm ki, burada, doğrudan da, it yiyəsini tanımır. Nə istəsən, hansı məzmunda istəsən, material taparsan. Burada ağıllı, intellektual mövzuda məzmunlar da var, ən axmaq məzmunlar da.

Tiktok həyatda özünü təsdiq etməmiş, arzularını reallaşdıra bilməyən nə qədər adama imkan yaradır... Bu platformada gerçək həyatdan fərqli olaraq bacarıqlarla deyil, bacarıqsızlıqlarla məşhurlaşırsan. Elə bil küçənin ortasında bir dəli dayanıb gic-gic hərəkətlər edir, camaat da başına yığılıb ona çəpik çalır. Yaxud yol qırağında iki maşın yüngülvarı toqquşub, yüzlərlə sürücü də əyləcə basıb ona baxırlar, nəticədə, qəzanın olmadığı ikinci yolda da uzun tıxac yaranır. Sadəcə, real həyatdan fərqli olaraq tiktokda bu baxışlar qazanc gətirir. İnsanları məşhurlaşdırır.

Bir də, tiktokun çox pis cəhəti var. Bu sosial platformanın alqoritmləri sanki səni sınamaqla məşğuldur. Hərdənbir heç səni maraqlandırmayan bir məzmunda video təqdim edir. Görəndə ki, ləngiyib baxdın, eyni məzmunun atəşinə tutur. Onun üçün gərək mütəmadi şəkildə axtarış bölməsinə girib maraq dairənlə bağlı axtarışlar verib refreşləyəsən. Mən belə edirəm, başqalarını bilmirəm.

Tiktokda hər şey var. Ədəbiyyat, tibb, mədəniyyət, musiqi, kino, gülçülük, heyvandarlıq, rəssamlıq, inşaat işləri, avtomobil, tarix, əyləncə – hansı sahəyə aid istəsən, burada məlumat tapa bilərsən. Nəsə almaq istəyirsən, tiktokda axtar, satmaq istəyirsən, yenə tiktoka baş çək. Hələ mən həyatımızı asanlaşdıran müxtəlif layfhəkləri, faydalı məsləhətləri demirəm. Yəni tiktok deyildiyi kimi tərbiyəsizliyin, əxlaqsızlığın baş alıb getdiyi sosial şəbəkə deyil. Sadəcə, gərək istifadə edə biləsən. Əfəllik göstərib alqoritmə uydunsa, tiktok səni necə istəyirsə, o cür də fırlayacaq. Yəni tiktok ağıllı adamları daha da ağıllı edir, debilləri daha da debilləşdirir.

Tiktokda “Komedixana”nın bayağı “tamaşa”larına da baxa bilərsən, Cem Yılmazın stendaplarına da. Müqayisəni bu cür çeşidləyib nə qədər desən, uzatmaq olar.

Belə götürəndə tiktok bayağılığı ilə efirlərimizdən sən deyən kəskin fərqlənmir, sadəcə, efirlərdəki bayağılığı daha çox məşhurlar edir, burada isə tanınmayanlar.

Yəni tiktok, əslində, bizim cəmiyyətin güzgüsüdür. Biz necəyiksə, tiktokda o cür görünürük. Qüsuru güzgünü sındırmaqla düzəltməzlər. O Adəmi də, atasını da, Semkanı da, tutulan, xəbərdarlıq edilən digər tiktokerləri də biz məşhur eləmişik. Biz baxırıq onlara. Onlara baxıb əylənirik, şir atırıq, gül göndəririk. Paylaşırıq. Sonra öz aramızda müzakirə edirik.

Əgər onlara baxır, gül atır, şir göndərir, paylaşır, sonra müzakirə edir, obyektlərin açılışına dəvət ediriksə, deməli, təqsir bizdədir.

Baxılanı yox, baxanı islah etməliyik.

Yəni tiktoka girən istifadəçidən çox şey asılıdır. Əlbəttə, mənim dediklərim Quran ayəsi deyil. Bəlkə də, gəldiyim qənaətlər yanlışdır. Amma yazının sonunda çox tez-tez yadıma düşən və hər dəfə belə məsələlərdə mənə işıq tutan bir hədisi sizinlə bölüşəcəyəm. Amma ondan əvvəl deyim ki, bu yazını yazmaqda məqsədim son günlər tutulan tiktokerlərlə bağlıdır. Mən həmən tiktokerlərdə təqsir görmürəm, günahı özümüzdə görürəm. Özünü tərifləmək kimi çıxmasın, mən heç onların tiktokda “qapı”larını tanımıram. İşdir-şayət, qabağıma çıxanda da çevirirəm, gedir.

Hə, sonda hədis danışacaqdım.

Deməli, bir gün Kufədən bir nəfər gəlir. O dövrdə də internet yox, sosial media yox, təbii. Gəlir Həzrəti Əlinin yanına, gördüklərini danışsın, son məlumatları versin. Həzrəti Əli soruşur ki, de görüm, Kufədə vəziyyət necədir? Müsafir deyir ki, Kufə əhli batır, din-iman əldən gedib, məscidlər boşdur, hamı eyş-işrətdə, bazarlarda hamını aldadırlar və sair və ilaxır.

Üstündən üç gün keçmir, Kufədən başqa bir adam gəlir, o da Həzrəti Əliyə baş çəkir. Həzrəti Əli yenə soruşur ki, Kufədə nə var, nə yox?

Həmin adam deyir, ey imam, Kufə əhli dinli-imanlıdır, azan veriləndə bazarda, dükanda adam qalmır, hamı işini atıb məscidlərə qaçır, çox təqvalı, dinli-imanlıdırlar.

Bu qonaq da gedəndən sonra imam Əlinin köməkçisi Qəmbər dözmür. Soruşur ki, bu nə məsələdir, heç aradan üç gün keçməyib, Kufədən gələnlərdən biri elə danışdı, o biri belə.

İmam Əli də cavab verir ki, kim Kufədə hara gedibsə, oradan danışır.

Azad Mirzəcanzadə demiş, izah edə bildimmi?

# 2917 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #