Günəşi səmadan alın, qoparın...

Səkinə Xanəli

Səkinə Xanəli

27 may 2022
# 17:40

Kulis.az Səkinə Xanəlinin şeirlərini təqdim edir.

Beşik və tabut

Menə beşik verin, ya da bir tabut!
Ruhumu içində saxlamaq üçün.
Bəlkə əzizləyim, ya lay-lay çalım?!
Bəlkə də, oxşayıb ağlayıb keçim?!

Mənə beşik verin, kama yetməyən,
Həyata keçməyən arzularımı
O beşik içində bəsləyəcəyəm!
Mənə tabut verin, pis günlərimi,

Ağrılı-acılı, nəhs günlərimi,
Göz yaşı, qəlb odu, nisgillərimi
O tabut içində gizləyəcəyəm!
O tabut içində dəfn edəcəyəm!

Menə beşik verin, çünki dünyaya
Yeni bir körpəni gətirəcəyəm!
Eşq ilə sevgiylə dolu qəlbimi,
Haqqın-ədalətin qulu qəlbimi
O beşik icində bəsləyəcəyəm!
Dünyanın ən şirin laylasını deyib
Dünyani sevgiyə səsləyəcəyəm!!!

Körpənizi atmayın

Bu savab içində böyük günah var
Dünyaya bir körpə gətirən zaman
Göylərdə ən məsum mələklər ağlar
Yavrunuzu heç atmayın, analar!…

Ürəyinə daş bağlayıb atarsız,
Əşya kimi özgəsinə satarsız,
Gözlərinə yaş bağlayıb atarsız,
Körpənizi siz atmayın, analar!…

O yetimin bəlkə hər şeyi olar,
Analığı, atalığı tapılar,
Amma hər vaxt gözləri yolda qalar,
Körpənizi sız atmayın, analar!…

Bir gün tuppur-tuppur yeriyəcəkdir,
Dil açıb ana da söyləyəcəkdir,
Nə yazıq sevməyi bilməyəcəkdir
Sevənləri azaltmayın, analar!…

Sıxın köksünüzə ,gözəl paydır o,
Zülmət gecələrdə nurlu aydır o,
Min belə dünyaya, vallah taydır o,
Körpənizi ağlatmayın, analar!…

Kağız qayıqlar

Məsum küləklərlə,
Ulduzlu diləklərlə
Kənarına çəkdiyimiz
Uşaqca naxışlarla
Tələsdirdiyimiz
Yaz və qışlarla
Üzüb getdi
Kağız qayıqlar...

İndi həsrətlə
Arxasınca baxırıq
Şipşirin xəyallarda...

Bəzən isə
Kağız qayıqları
Görmək üçün
Nəhəng limanlara,
Vapurlara çıxırıq...

Niyə vəfasız oldunuz,
Uçan çərpələnglər?!
Saatlarla
Arxasınca qaçdığımız,
Zərli kəpənəklər...
Axı biz sizi
Balıq bilirdik,
ay çömçəquyruqları...

Ona kimi saymışdıq
Milyon-milyon
Ulduzları...

Qəlbinə köçdüm

Gəl oynama, ürək oyuncaq deyil
Yoxsa eşqi çiçək, böcək sanmısan?
Sevgi sənə odun, oduncaq deyil
Cəhənnəmdir, alovunda yanmısan?

Kənarda dayanıb gözləri yaşlı
Sınmış ürəyinə baxmısanmı heç?
Sınıb səpələnmiş qırıntıları
Eşqinlə toplayıb yığmısanmı heç?

Çatıb arzuların ən ümdəsinə
Düşdüm ürəyinin ayaq izinə
Dünyalardan böyük bir dünya seçim
Bu gecə mən sənin qəlbinə köçdüm...

Könül sındırmayın, Allah eşqinə!

Ən bahalı büllur qabları qırın
İnciləri, şüşələri sındırın
Göydə yanan ulduzları söndürün
Könülləri sındırmayın, nə olar?!

Günəşi səmadan alın, qoparın
Zülmət gecələrə siz pay aparın
Mümkünsə, bu sözü dünyaya yayın
Könülləri sındırmayın, nə olar?!

Çox kövrək qəlblərə heç toxunmayın
Dəyişin yönünü bu oxun, yayın
Ən böyük günaha sahib olmayın
Könülləri sındırmayın, nə olar?!

Hər şeyi yaradıb öz sənətkarı
Mahnı sənətkarı, söz sənətkarı
İnsanı yaradıb böyük Allahı
Könülləri sındırmayın, nə olar?!

***

Daha dağ vüqarım sınıbdır, gülüm,
Həmişə həyatda dağ olmaq olmur
Allahın yazdığı yazı beləymiş
Allahın üzünə ağ olmaq olmur

Bir də nə qalıb ki, dözümdən özgə
Çox da ki, taleylə barışmaq olmur
Sənin insafını Allah kəsibdir,
Allahın işinə qarışmaq olmur...

# 2237 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

15:10 1 avqust 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

14:35 1 avqust 2026
"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

13:40 1 avqust 2026
Azərbaycan Dili Günü ilə bağlı Britaniya səfirindən paylaşım

Azərbaycan Dili Günü ilə bağlı Britaniya səfirindən paylaşım

12:15 1 avqust 2026
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

11:20 1 avqust 2026
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Muğam Axşamı

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Muğam Axşamı

10:40 1 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər