Göz yaşı yeməyə qarışan qız - Sonuncu "Həyati" rəqsi

Göz yaşı yeməyə qarışan qız - Sonuncu "Həyati" rəqsi
22 may 2024
# 21:00

Bu gün qarmon ifaçısı Aslan İlyasovun doğum günüdür; ömrünü saysız-hesabsız məclislərdə keçirən, el dili ilə desək pulunun qədərini hesablamağa hövsələsi çatmayan, barmaqları ilə qarmonun dillərini inildədən, insanları öz ifası ilə zülüm-zülüm ağladan, özü də qarmondan çıxan nalələrə qoşulub ağlayan Aslan İlyasovun.

Aslan İlyasov gözəl sənətkar idi. Ömrünün sonlarında amansız xəstəliyi ilə çarpışması, ölmək istəməməsi, onu sevənlərin yadından yəqin ki, heç zaman çıxmaz.

O, həyatının, canının, ömrünün qədrini amansız xəstəliyə yaxalanandan sonra dərk etmişdi. Üzü qibləyə uzadılanda belə kəfəni yırtıb çıxmış, ağır xəstəliklə yaşamaq, yaşamaq, yenə də yaşamaq istəmişdi.

Mənim Aslan İlyasovu sevməyimin isə çox nisgilli tarixçəsi var.

Onun ifasını rəhmətlik atam çox sevirdi.

2010-cu ilin əvvəllərində Aslan İlyasovun “Həyati” rəqsi çox böyük məşhurluq qazanmışdı. Hansı kanalı açırdımsa, Aslan İlyasov eynəyi gözündə, qarmonu da dizinin üstündə gözləri yumulu halda bu mahnını ifa edirdi.

Ailəlikcə ağır və çətin günlər yaşayırdıq. Atam üçüncü dəfə insult keçirib yatağa düşmüş, biz isə ümidsizcəsinə həkimlərin "atanızın bir-iki aylıq ömrü qalıb" sözündən yapışıb qalmışdıq.

Yadıma gəlir, ilıq toyuq şorbasını qaşıq-qaşıq atama içirdiyim belə günlərin birində televizordan həmin musiqini eşidib ağlamışdım.

Atam yeməkdən, içməkdən kəsilmişdi.

O, yediklərini uda bilmir, hamısı ağzının kənarından yavaşca axıb anamın mənə cehiz verdiyi güllü çay dəsmalının üstünə tökülürdü.

Gözümün yaşı atama yedirtdiyim şorbanın içərisinə qarışmışdı. Yəqin ki, həmin vaxt bu dünyada gözünün yaşını şorbaya qarışdırıb atasına yedirdən yeganə qız mən idim.

Onda atam mənim ağladığımı görüb danışan baxışlarıyla yeyə bilmədiyi şorbadan imtina edərək üzünü divara çevirmişdi. Əlbəttə, o, başdan-ayağa əziyyət və iztirabdan ibarət yaşantısına, qaçqın taleyinə, ömrünün xəstə sonluğuna ağlayır, səssizcə göz yaşı tökürdü...

Atamdan sonra Cəbrayılda Hadrut ermənisindən alınan çarpayını, - atamın çarpayısını qardaşımla köməkləşib dəhlizə qoyanda onun hər dəfə məndən üz çevirdiyi divardakı əl izlərini, səngiməyən ağrılarla qovrula-qovrula cırmaqladığı divar kağızını gördüm. Dilsiz, ağızsız, sözlərini baxışlarıyla deməyə məcbur olan, xəstə, nisgilli insanın son nişanələrini...

Atam rəhmətə gedəndən bir neçə il sonra Aslan İlyasov da rəhmətə getdi. Ölməzdən əvvəl qarmonundan səslənən havalar kimi haray çəkdi. “Məni ölməyə qoymayın” dedi.

Amma öldü!

“Həyati rəqsi” isə lentlərdə qaldı.

Başqa atası xəstə qızları ağladıb, göz yaşlarını şorbalara qarışdırmaq üçün...

# 3244 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

20:00 19 oktyabr 2026
Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

18:00 19 oktyabr 2026
Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

16:30 19 oktyabr 2026
Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

16:00 19 oktyabr 2026
"Frieze" tənqid hədəfində:  müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

15:40 19 oktyabr 2026
35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər