Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən

Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən
11 oktyabr 2024
# 14:46

Kulis.az Elmir Həsənin yeni yazısını təqdim edir.

Bu gün insanlar təhsilindən, dünyagörüşündən asılı olmayaraq fikir yürütmək hüququna sahib olduqları üçün əksər hallarda insan cəmiyyətində köntöy fikirlər ortaya çıxır. Və hər kəs özünü həmin fikirlərdə haqlı hesab etdiyi üçün, heç kəs fərdi baxımdan yanlış, yaxud həqiqət yolunda olduğunun fərqində olmur.

Mədəniyyət anlayışının sərhədlərindən geniş və əhatəli şəkildə danışmaq mümkündür. Anlamaq lazımdır ki, hər nəslin vaxtilə öz modern yaşam dünyası olub. Orta əsrlərdə yaşayan hər kəs özündən geriyə - keçmişə baxdıqda özünü müasir fikirli, meta təfəkkürlü şəxs kimi qəbul edirdi. Bu, tendensiyadır. Bu gün də belədir.

İnsanın hər dövrdə fərdiyyətini, mədəniyyətini, təfəkkürünü göstərən rəngarəng ölçülər var. Bu ölçülərin ən öndə gələni həm də geyimdir. Geyim insanların xarici görkəmini ifadə etməklə bərabər, həm də kənarda onun əxlaqi göstəriciləri barəsində ipucu şəklində (bəzən çox aydın şəkildə) ilkin anlayışlar yarada bilər.

Bir insanın geyimi onun cəmiyyətin qəbul və norma hesab etdiyi qaydalara nə dərəcədə hörmət etdiyinin göstəricisi kimi anlaşılır. Buna uyğun olaraq ictimai yerlərdə, rəsmi tədbirlərdə, dini məkanlarda, yaxud müxtəlif şirkətlərdə geyim əxlaqın, etikanın əsas tərkib hissəsi hesab olunur. Əksər hallarda bu etik çərçivələr, qaydalar gözlənilmədiyi üçün həmin sadalanan məkanlar və ya şirkətlər bəzən geyimlə bağlı müəyyən şərtlər tətbiq etməli olur.

Bununla yanaşı İslam dinində də mədəni, təvazökar geyim əxlaqın başlıca şərti kimi qəbul olunur. Qurani-Kərimin Nur surəsində(24-31) və Əhzab surəsində (33-59) geyimin əxlaqi əhəmiyyətindən bəhs olunur. Xristian dinində də örtülü geyim əxlaqın əsas dəyərləndirmələrindəndir. İudaizmdə isə “tzniut” adlı geyim əxlaqi təvazökarlığı ifadə edir. Bu yanaşmalar başqa dinlər üçün də əsas şərtdir.

Geyim insanın dünyagörüşünü, tərzini və onun şəxsi dəyərlərini ifadə edən ümdə məsələdir. Zövqlü, mədəni insanlar danışığa başlamamış əynindəki paltarla ətrafdakılarda ilkin təəssürat yarada bilirlər.

Dünyada da geyimə müxtəlif dövrlərdə xüsusi əhəmiyyət verilib. Qədim Yunanıstanda geyim əsasən sadə idi və təbiətdən əldə edilən materiallardan hazırlanırdı. Yunan kişiləri və qadınları “xiton” adlı uzun, düz tikilmiş paltar geyinirdilər. Bu paltarlar beldən kəmər ilə bərkidilirdi.

Yunan kişiləri əsasən sadə, bəzəksiz paltarlar geyinir, qadınlar isə bir qədər zərif və naxışlı paltarlar seçirdilər.

Romalı kişilər və qadınlar isə “toqa” və “stola” geyinirdilər. Toqa rəsmi vətəndaşlıq geyimi sayılırdı və adətən varlı kişilər tərəfindən geyinilirdi.

Roma qadınları “stola” adlı uzun paltarla, varlı qadınlar isə bahalı və zərif parçalarla özlərini fərqləndirirdilər.

Sosial status çox önəmli idi və geyim vasitəsilə açıq şəkildə nümayiş etdirilirdi. Məsələn, senatorlar və imperatorlar xüsusi rəngli toqalar geyinirdilər.

Qədim Roma və Yunanıstanda geyimlərin sadə və bol olması, bədənin çox hissəsini örtməsi adi bir hal idi. Lakin bəzi dövrlərdə və cəmiyyətlərdə açıq-saçıq geyimlər bir sıra hallarda qəbul edilirdi.

Beləki, Qədim Yunanıstanda bədənin gözəlliyi və fiziki gücü önəmli sayıldığına görə, bəzən açıq geyimlər də təbii qarşılanırdı, xüsusən idman və ya yarışlar zamanı. Yunan kişiləri Olimpiya Oyunlarında tamamilə çılpaq yarışırdılar, bu, bədənə verilən qiymətin və azadlığın göstəricisi idi.

Qədim Romada açıq-saçıq geyim, xüsusən ictimai yerlərdə əxlaqa zidd hesab olunurdu. İctimai əxlaq və qaydalara riayət etmək çox önəmli idi və rəsmi tədbirlərdə daha qapalı və təvazökar geyinmək tələb olunurdu. Ancaq teatr və bəzi festivallar zamanı bir qədər açıq geyimlər qəbul edilirdi.

Təbii ki, hər dövrün özünəxas geyim üslubları olub. İbtidai icma quruluşunda insanlar ilkin olaraq geyim istifadə etmirdilər və paltarın icadına ehtiyac duyulmurdu, çünki onlar əsasən təbiətlə birbaşa əlaqədə yaşayırdılar və geyimə olan ehtiyac çox az idi. Zaman keçdikcə insanlar paltar geyinməyə hava, fiziki müdafiə, mobil yaşam və s. səbəblərdən məcbur oldular.

Zaman ötdükcə isə cinslər arasında fərqlilik yaratmaq, ictimai davranış qaydalarına riayət etmək üçün geyimdən istifadə etmək əxlaqi və sosial normaların formalaşmasına gətirib çıxardı.

Ümumiyyətlə, açıq-saçıq geyimlər klassik dövrdə bədənin gözəlliyini vurğulamaq üçün bəzi xüsusi məqamlarda qəbul edilə bilərdi, amma bu, adətən, məhdud idi və cəmiyyətin əxlaqi dəyərlərinə zidd davranışlar arzuolunmaz sayılırdı.

Ancaq və hər şeydən əvvəl anlamaq lazımdır ki, mədəni geyim dəyişilməz tərbiyəvi ölçüdür. İnsan nitqi, qurduğu cümlələr və davranışları ilə mədəniyyətini necə ortaya qoyursa, geyimlə də bu göstəricini bəlli edir. Açıq geyim seçimi bəzən insanların öz fərdi azadlığını və şəxsiyyətini ifadə etmə cəhdi kimi görünür. Bəzi insanlar üçün geyim vasitəsilə cəsarətli və açıq fikirlərini nümayiş etdirmək özünü ifadə etmək üsuludur. Onlar cəmiyyətin qoyduğu sərhədləri aşmaq və fərqli olmaq istəyirlər. Bu da özgüvən məhdudluğu və emosional zəifliyin göstəricisi kimi qəbul oluna bilər ki, bu gün insanların əksəriyyəti(xüsusilə göstərməyə heç nəyi olmayan qadınların)bu cür problemlərdən əziyyət çəkirlər.

Azərbaycanda insanların geyimləri özündə qlobal dəb təsirlərinin xaotik üslubunu formalaşdırsa da, ancaq milli geyimlərin rəngarəng, simvolizmə əsaslanan detalların harmoniyası bütün dövrlərdə daimi göz oxşayır. Aksesuarlar, zərgərlik və kəlağayı kimi ənənəvi elementlər Azərbaycanda geyim estetikasında mühüm yer tutur. Xüsusilə qadınlar geyimlərini müxtəlif aksesuarlarla tamamlayaraq estetik dəyəri daha da artırırlar.

Sonda isə unutmamaq lazımdır ki, ətrafdakı insanlara danışıqlarına, geyimlərinə və davranışlarına görə ciddi və ya qeyri-ciddi münasibət göstərilməlidir.

# 938 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #