Gənclər ədəbiyyatdan niyə uzaq düşüb? - Şəmil Sadiq

Gənclər ədəbiyyatdan niyə uzaq düşüb? - Şəmil Sadiq
30 noyabr 2024
# 15:00

Kulis.az Şəmil Sadiqin mütaliə vərdişinin formalaşdırılması ilə bağlı təkliflərini təqdim edir.

Azərbaycanda mütaliə vərdişi digər ölkələrlə müqayisədə çox aşağıdır. Təəssüf ki, bu, danılmaz faktdır. Di gəl, savadlılıq baxımından müqayisə aparsaq, heç də aşağı sırada olmadığımızı görərik. Yəni statistikalara inansaq, on beş yaşdan yuxarı əhalinin doxsan doqquz faizi oxuyub-yazma bacarığına malikdir. Bu göstərici Avropa ölkələrinin çoxundan yüksəkdir. Yəni, oxuya bilirik, amma oxumuruq. Onda necə olur ki, oxuyub-yazma bacarığı yüksək şəxslər dünyagörüşlərini artırmaq, intellektual kimi formalaşmaq üçün mütaliəyə vaxt ayırmırlar?

Bu sualın otuz illik tarixi var, itirdiyimiz illəri geri qaytarmaq da, bəlkə, daha otuz ilimizi alacaq. Adətən, bu mövzu səslənəndə ilk günahlandırdığımız zümrə gənclik, dövlət qurumu kimi isə Mədəniyyət Nazirliyi olur. Çünki kitab siyasətini formalaşdıran və idarə edən qurum, ilk növbədə, Mədəniyyət Nazirliyi, oxumağa daha çox ehtiyacı olan zümrə isə gənclikdir.

O da var ki, “Gənclər oxumurlar” deyəndə də onlara haqsızlıq edirik. Çünki azdan-çoxdan kitaba yaxın olan elə gənclərdir. Amma iş orasındadır ki, gənclər, əsasən, azərbaycanca yox, türkcə, rusca, qismən də ingiliscə oxuyurlar. Türk ədəbiyyatı, eləcə də türk dilində çap edilən orta statistik xarici ədəbiyyatı belə oxuyan gənclik nə Azərbaycan ədəbiyyatını, nə də azərbaycanca dünya ədəbiyyatını oxumağa meyillidir.

Təbii ki, yenə otuz ilin üst-üstə yığılan problemlərinin ucbatından gənclərin Azərbaycandilli ədəbiyyata inamı ciddi şəkildə zədələnib, yazıçılarımızla əlaqələri itib. Etiraf etməliyik ki, oxu vərdişləri daha çox məktəbdə formalaşır. Hazırkı mənzərə isə gənclərin mütaliə vərdişinin məktəbdə yox, sonradan öz imkanları hesabına yarandığını göstərir. Sözügedən vərdiş məktəbdə formalaşsa, müəllimlər onlara kitab tövsiyələri etsələr və gənc nəsil məktəb yaşlarından oxumağa başlasa, elə böyüyəndə də Azərbaycandilli ədəbiyyata maraq göstərərdilər. Ən azından klassik ədəbiyyatla tanış ola bilərdilər.

2004-cü ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə xeyli kitab latın qrafikası ilə nəşr edilib, məktəb kitabxanalarına verilib. Digər məsələ tərcümə ədəbiyyatının azlığı olanların da keyfiyyətsizliyidir. Son dövrlər nəşriyyatlar arasındakı rəqabətin formalaşması keyfiyyətsiz tərcümələrin, demək olar, bazardan çıxması mənasına gəlir. Çünki tərcümə edilən əsərlər sadəcə bir-iki köklü nəşriyyatın yox, ciddi şəkildə rəqabətə qoşulan yeni yaranmış nəşriyyatların da diqqət mərkəzindədir.

Bəli, gənclər ədəbiyyatdan uzaq düşüb, bu da o deməkdir ki, mütaliə vərdişi yaratmaq üçün gecikmişik. Amma gələcək öz əlimizdədir. Bəs nə etməli, haradan başlamalıyıq? Əlbəttə, məktəbdən. Bəs bunu kim etməlidir? Əlbəttə, Elm və Təhsil Nazirliyinin bu sahəyə məsul qurumları. Çünki oxu vərdişlərini məktəb dövründən inkişaf etdirməsək, gələcək nəsillər də eynilə indiki kimi olacaq. Axı “Kitab bilik mənbəyidir” ifadəsi birbaşa Elm və Təhsil Nazirliyinin fəaliyyətini ifadə edir. Onda biliyin mənbəyindən niyə uzaq düşək? Niyə oxu vərdişlərinin inkişafı üçün konsept hazırlayıb xüsusi layihələr həyata keçirməyək?

Hörmətli elm və təhsil naziri Emin Əmrullayevin bir neçə dəfə vurğuladığı oxuyub-anlama səviyyəsinin aşağı olması məsələsi mütaliə vərdişlərinin zəifliyi ilə birbaşa bağlıdır. Belə ki, PISA – 2018 nəticələrinə diqqət yetirsək, aşağıdakı fikrin əsassız olmadığını görərik:

- Azərbaycanlı şagirdlərin oxu üzrə orta balı 389 idi, bu isə OECD ölkələrinin orta balından (487) əhəmiyyətli dərəcədə aşağıdır.

- Azərbaycan bu nəticələrlə təxminən 79 ölkə arasında 67-ci yerdə qərarlaşıb.

Sözügedən nəticələr Azərbaycan məktəblilərinin mətni oxuyub-anlamaqda və təhlil etməkdə çətinlik çəkdiyinin göstəricisidir.

Uzun illər müəllim işlədiyim, orta məktəb təhsili ilə yaxından tanış olduğum üçün deyə bilərəm ki, prosesi müsbətə doğru dəyişmək üçün Elm və Təhsil Nazirliyinin məktəblərdə mütaliə vərdişini formalaşdırmaq istiqamətində atmalı olduğu addımlar çoxdur. Çünki indiki vəziyyəti köklü şəkildə dəyişə bilmiriksə, ən doğru addım sabaha köklənmək olar.

Bir neçə təklifi bu məqalə vasitəsilə tirajlamaqla ümumi konsepsiya hazırlanana qədər, heç olmasa, məktəb direktorları, müəllimlər öz təşəbbüsləri əsasında fərqli nələrsə etmək istəsələr, faydamız olacağını düşünürəm:

1. Müasir kitabxana infrastrukturunun qurulması və mütəmadi yenilənməsi

Hazırda Azərbaycanda 4500 məktəb kitabxanası fəaliyyət göstərsə də, etiraf edək ki, əksəriyyəti müasir tələblərə cavab vermir. Dövrün intellektual mirasından xəbərdar olmaq üçün zəngin məktəbli kitabxanalarına həmişə ehtiyac var. Bu mənada məktəblərdə oxucular üçün cəlbedici müasir kitabxana mühiti yaradıla bilər. Kitabxanaların uşaqların yaş qruplarına uyğun maraqlı, rəngarəng, tələbata cavab verən və müxtəlif mövzularda kitablarla təmini məqsədəuyğun olar. Düzdür, Elm və Təhsil Nazirliyi hər il məktəb kitabxanaları üçün kitab alır, amma düzünü desək, bu, birmənalı olaraq kifayət deyil. Üstəlik, kitab alışının həcmi və hansı meyarlarla, nə zaman həyata keçirildiyi ilə bağlı nəinki ictimaiyyətin, heç bu sahənin insanlarının da məlumatı olmur. Təklifimiz odur ki, kitab alışı ilə bağlı öncədən elanlar verilsin, nəşriyyatların bu işə cəlbi və təşviqi prosesi yaradılsın.

2. Məktəb kitabxanaçılarının inkişaf etdirilməsi

Məktəb kitabxanaçılarının təkmilləşməsi, kitabın təşviqi və təbliği istiqamətində görülməli işlər də vacib məsələdir. Təəssüf ki, məktəb kitabxanaçıları adətən dərsliklərin təhvil-təslimi ilə işlərini bitirmiş hesab edirlər. Amma onlara müəyyən imkanlar yaradılsa, kitabla bağlı daimi tədbir və layihələr həyata keçirilsə, seçilən oxuculara, kitabxanaçılara müəyyən stimulverici qiymətləndirmə ilə yanaşılsa, məktəblilərin mütaliə vərdişlərində ciddi canlanma baş verər.

3. “Məktəblinin oxumalı olduğu 100 vacib əsər” siyahısının müəyyənləşdirilməsi

Vahid mütaliə strategiyasının elan olunması üçün “Məktəblinin oxumalı olduğu 100 vacib əsər” siyahısının tərtibinə ehtiyac var. Siyahı klassik və müasir əsərləri ehtiva etməli, həm məktəb proqramına uyğun olmalı, həm də dövrün intellektual mirasına cavab verməlidir. Bu əsərlərin vaxtlı-vaxtında, təyinatı üzrə mütaliəsi üçün müxtəlif təşviq proqramları işlənə bilər. “Ayın kitabı” və “Oxu saatı” layihələri bu mənada effektiv olar.

“Ayın kitabı” kitabların siniflər üzrə metodiki əsasla aylıq seçildiyi və ayın sonu müzakirə olunduğu layihədir. Eyni zamanda, hər ay müəyyən vaxtlarda “Oxu saatı” təşkil edilə bilər. Bu çərçivədə bütün şagirdlər müəllimlərin rəhbərliyi altında kitab oxuya, müzakirə apara bilərlər. Həmçinin “Oxu saatı”nı interaktiv formatda keçirməklə şagirdlərə oxuduqları kitabları paylaşmaq imkanının yaradılması mümkündür.

4. Oxucu klublarının qurulması

Məktəblərdə şagirdlər arasında kitab müzakirələrini təşviq edən oxucu klubları yaratmaq mütaliə vərdişinin inkişafına kömək olar. Bu klublarda kitab müzakirələri aparıla, şagirdlərə kitab tövsiyələri verilə və hər ay müxtəlif mövzulara aid kitabların mütaliəsi təşviq edilə bilər. Bu klubların sistemləşməsi məktəb kitabxanalarında tələb-təklif prinsipini formalaşdırar, kitabxanaların effektiv təmininə töhfə verər. Eyni zamanda, bu klublar dövlətin illik mədəni və ictimai siyasətinə elastik reaksiya vermək, bu mənada tematik kitabların oxunmasını təmin etmək baxımından da önəmlidir.

5. Kitab festivalları və “Oxu Günü” kimi tədbirlərdə şagirdlərin iştirakına şərait yaradılması

Hər il Mədəniyyət Nazirliyinin təşkil etdiyi Bakı Beynəlxalq Kitab Sərgisi, o cümlədən Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkil etdiyi Bakı Kitab Sərgisi və Uşaq Kitab Festivalında paytaxt məktəblərində təhsil alan şagirdlərin sistemli iştirakına təşviq planları hazırlana bilər. Bölgələrdə təhsil alanlar üçün isə il ərzində ANAİB-in Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Naxçıvan və digər bölgələrdə mütəmadi təşkil etdiyi kitab sərgilərində iştirak tam effektiv təsir bağışlayar. Bir zamanlar start verdiyim “Oxu Günü” layihəsinə, 2018-ci ildən Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə elan etdiyi “Oxu Günü” tədbirinin keçirilmə formatına yenidən baxıla, daha praktik hala gətirilə bilər. İl ərzində müəyyən əlamətdar günlər münasibətilə Elm və Təhsil Nazirliyinin təşəbbüsü əsasında silsilə kitab sərgilərinin keçirilməsi bu istiqamətdə atılmış önəmli addım olar. Bu təşəbbüslər uşaqlarda kitab sevgisi yaradar və mütaliədən zövq almağa həvəsləndirər.

6. Hədiyyəli mütaliə yarışlarının və marafonlarının təşkil edilməsi

Məktəblərdə sistemli mütaliə yarışları təşkil edilə, ən çox kitab oxuyan şagirdlərə hədiyyələrin verilməsi, fərqlənənlərə sertifikatların təqdim olunması, aylıq “Ən yaxşı oxucu” mükafatının təsisi kimi motivasiya tədbirləri həyata keçirilə bilər. Həmçinin ilin əvvəli elan edilən kitablar əsasında siniflər üzrə oxuyub-anlama və sürətli oxu yarışlarının keçirilməsi, ölkə, şəhər, kənd üzrə qaliblərin müəyyənləşdirilməsi, mükafatlandırılması mümkündür. Bu mənada ANAİB-in mütəmadi təşkil etdiyi, hər dəfə coşqu və uğurla yadda qalan “Kitabqurdu” Oxu Marafonu formatı da tətbiq oluna bilər.

7. Yazıçı, şair və naşirlərlə şagirdlərin silsilə görüşlərinin təşkil olunması

Tədris ili müddətində müxtəlif layihələr çərçivəsində, yaxud əlamətdar günlərdə yerli yazıçı, şair və naşirlər məktəblərə dəvət oluna, onların şagirdlərlə görüşləri təşkil edilə bilər. Bu cür təşəbbüslər şagirdlərin həm yerli və dünyəvi intellektual tendensiyalardan xəbərdar olmasına, həm kitablarını oxuduğu ədibləri yaxından tanımasına, həm də şəxsiyyət kimi yetişməsində uğur qazanmış insanlardan müsbət nümunə götürməsinə səbəb olar.

8. Müəllimlər üçün mütaliə təbliğatı təlimlərinin təşkil edilməsi

Təəssüf ki, müəllimlər az oxuyur, ona görə də şagirdlərin mütaliəyə təşviqində xüsusi həvəsləndirmə prosesinə uyğunlaşa bilmir. Oxu vərdişinin inkişafına təşviq mövzusunda xüsusi təlimlər təşkil oluna, onlarda müəllimlərin iştirakı təmin edilə bilər. Bu təlim prosesində proqram qurulması, yazıçı və naşirlərin fəal iştirakı mümkündür. Müəllimləri mütaliəyə həvəsləndirmək üçün müəyyən marafonlar da təşkil etmək olar. Bu addım çərçivəsində kitablar seçilə, hər müəllimin oxumalı olduğu kitablar tövsiyə edilə, attestasiya, yaxud sertifikasiyada qoyulan hədəfə çatanlara xüsusi bonus ballar verilə bilər. Üstəlik, müəllimlər şagirdləri həvəsləndirən maraqlı üsul və interaktiv oxu metodları öyrənməklə dərslərdə mütaliə mədəniyyətini dəstəkləyə bilərlər.

9. Ailə ilə birlikdə oxu təşəbbüslərinin təşviq olunması

Ailələr üçün oxu təşviq planları hazırlamaqla valideynləri də bu prosesə cəlb etmək mümkündür. Valideynlərin uşaqları ilə birgə kitab oxuması şagirdlərin mütaliə vərdişlərinin möhkəmlənməsinə kömək edər.

10. Rəqəmsal kitab platformalarına əlçatanlığın təmin edilməsi

Məktəblərin rəqəmsal kitab platformaları ilə təmini və şagirdləri elektron kitablarla tanış edilməsi də əhəmiyyətli addımlar siyahısındadır. Bu, oxuma prosesini rəqəmsal mühitə inteqrasiya edərək daha əlçatan və maraqlı hala gətirə bilər. Eyni zamanda, yerli və xarici audiokitab platformaları ilə əməkdaşlıq çərçivəsində bəzi dərsləri “Səsli kitab”la təmin etmək olar. Bu təşəbbüs yeni nəslin dərsləri öyrənməsinə və sinifdənxaric oxuya yönəlməsinə effektiv təsir göstərər.

11. Məktəb kitabxanaları və şagirdlərin ədəbiyyat, sənət və elm dərgilərinin abunəliyinə cəlb olunması

Məktəb kitabxanalarının dövri mətbuatla təmini təhsil müəssisələrinin həm ədəbi, həm sənət, həm də elmi yeniliklər prosesini yaxından izləməsinə səbəb olar. Bu mənada yerli jurnalların seçilməsi dərgiçilik ənənəmizə də müsbət təsir edər, həmin dərgilərin yaradıcı heyəti öz strategiyalarını təhsil sisteminə uyğunlaşdırmağa maraq göstərər. O cümlədən müəllim və şagirdlərin faydalı yerli jurnallara abunə yazılması üçün təşviq planı hazırlana bilər. Məktəb kitabxanalarının bu prosesə birbaşa nəzarəti işin daha sistemli və effektiv həyata keçməsinə səbəb olar.

Bütün təkliflərin əlavə müzakirəyə yol açması, formatı və təyinatının araşdırılmasına ehtiyac yaranması istisna deyil. Bu səbəbdən sədri olduğum ANAİB bu prosesdə Elm və Təhsil Nazirliyinə peşəkar dəstək verməyə həmişə hazırdır. ANAİB-in kitabla bağlı bütün tədbirlərinə Elm və Təhsil Nazirliyi həmişə qapı açmış, hətta bir çox sərgilərimizi regional idarələrlə birgə təşkil etmişik. Məhz bu baxımdan inanıram ki, daha ciddi işlərə imza ata bilərik.

ANAİB-in kitab işinin təkmilləşməsi ilə bağlı təkliflərini cənab nazirə göndərməyə hazırlaşırıq. Düşüncə, qayə, amal eyni olanda milli şüurun daha düzgün formalaşması üçün əl-ələ verib işləməyə həmişə ehtiyac var.

# 354 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
#
#
# # #