Gənc yazar tənqidlərə cavab verdi: "Hamısını yığsan, mənim bir hekayəm eləmir!"

Təvəkgül Boysunar, yazar

Təvəkgül Boysunar, yazar

3 fevral 2022
# 11:05

Kulis.az Təvəkgül Boysunarın "Vəsvəsə" hekayəsini tənqid edən yazıçılara cavab yazısını təqdim edir.

Hekayəm haqqında fikir bildirən altı qələm adamından yalnız ikisinin rəyi müsbətdir və bu məqamın özündə də mənim üçün başqa bir müsbət məqam var ki, bu da həmin qələm adamları arasında öz imzalarını təsdiqlətmiş olanların məhz hekayəmi bəyənən müəlliflər olmağıdır: Qəşəm Nəcəfzadə və Alpay Azər.

Hərçənd, Qəşəm Nəcəfzadənin redaktə ilə bağlı qeyd etdiyi düzəlişlərin çoxu lazımsız və gərəksiz düzəlişlərdir. Məsələn, nəzər yetirək.

Hörmətli Qəşəm müəllim yazır:

"...aşağıdakı cümlədə “məcbur” sözü yerində deyil, o cümlədən “əl” sözü də. “Pulum çatmırdı deyə məcbur ikinci əl telefon almışdım”. Cümlə kasaddır."

İş orasındadır ki, müəllimin qeyd etdiyi parça, cümlənin sadəcə ilk səkkiz sözüdür, cümlə hələ bitməyib və cümlənin bitməyinə hələ düz otuz dörd söz qalıb. Təəssüf ki, Qəşəm bəy, cümləni yarımçıq şəkildə, sadəcə (təxminən) beşdə birini dəyərləndirərək kasad olduğunu deyib.

Qəşəm müəllimin növbəti iradı isə "maşının dörd təkəri" məsələsidir. Belə qeyd edir:

"Aşağıdakı cümlədə; “dörd təkər” sözü də yerinə düşməyib. Hamı bilir ki, maşının dörd təkəri var. “Biz artıq bir az əvvəl sönən qırmızı işığın yerə tökülmüş son qalıqlarını asfaltın üstündə, maşınımızın dörd təkəri ilə əzib metroya tərəf sürətlə irəliləyirdik”. (Maşının təkərləriylə)"

Sözgəlişi olaraq bunu deyək ki, görünür, Qəşəm müəllimin heç vaxt manatlıq taksilərə ehtiyacı olmayıb, əks halda, bilərdi ki, məsələn, Koroğlu metrosundan Bakının gözəl və doğma kəndlərinə aparan manatlıq taksilər arasında altıtəkərli iri maşınlar da var. Ümumilikdə isə, hekayədəki bu “dörd təkər” ifadəsi qüsur deyil, burda “dörd təkər” say bildirmək üçün yox, məsafə, zaman bildirmək üçündür, asfaltın üstünə səpələnmiş qırmızı işığın arealını göstərmək üçündür, harmoniya və ahəng üçündür.
Qəşəm müəllim hekayəmin bir yerində obrazın əynindəki paltarları "ucuz" sözüylə təsvir etməyimi də məqbul saymır. Lakin dəbdən azacıq başı çıxanlar, geyim-kecim məsələsinə diqqətlə fikir verənlər ucuz geyimi asanlıqla hiss edə bilir. Yəni, bu təsvir, geyim məsələsinə həssas yanaşanlar üçün gərəkli təsvirdir, Qəşəm bəyin təklif etdiyi "nimdaş" sözünə ehtiyac yoxdur.

Müəllimin qeyd etdiyi digər məqamlar da sırf üslub və seçim məsələsidir.

Ümumiyyətlə, görünür, gözəl şeirlər müəllifi olan Qəşəm müəllim bir müddət həm də redaktor işləyib. Və mənim çoxdankı müşahidələrimə görə mətnə sırf iş olaraq uzun illər ərzində redaktə gözüylə baxan adamlar bir müddət sonra qüsurlu olmayan şeyi də qüsur kimi görürlər. Mətnin səslənməsindən daha çox, riyazi hesablamalara əsaslanırlar. Və məsələn, mətnə eynən bu cür yanaşan başqa bir redaktor, Qəşəm Nəcəfzadənin, deyək ki:

Mən gərək evimdən çölə çıxmayam,
Məni ağac əzir, yol, asfalt əzir.
Evdə də heç nəyə yaxın durmayam,
Məni şkaf əzir, divan, taxt əzir.

- bəndinin sonuncu misrasındakı “şkaf” sözünü qüsur hesab edə bilər, əvəzində dolabdan-filandan nəsə təklif edər. Amma məncə, bu kimi məqamlar ciddi qüsur deyil və elə yuxarıdakı şeir də Qəşəm müəllimin gözəl şeirlərindən biridir. Hörmətli və dəyərli şairimizə hekayəmlə bağlı bildirdiyi fikirlərə görə səmimi təşəkkürlərimi çatdırıram.

Müasir ədəbiyyatımızda hekayələrini maraqla oxutmağı bacaran azsaylı nasirlərimizdən biri Alpay Azərin qeyd etdiyi məqamları da dəyərli hesab edir və minnətdarlığımı bildirirəm.

Növbəti dörd qələm adamının rəyləri ilə bağlı münasibət bildirəsi olsam və bu məqamda məndən səmimilik tələb olunsa, etiraf etməliyəm ki, bu dörd müəllifin, xüsusən də son üç yazarın nəsr duyumunun hansısa mətni dəyərləndirmək üçün kifayət qədər yüksək olmadığı qənaətindəyəm. Bu da təəccüb doğurmur, çünki onların heç biri nasir deyil. Yaxşı olardı ki, bu sorğu nəsrlə bağlı olduğu üçün nasirlərə daha çox üstünlük verilərdi.
Hörmətli Maral xanımın sırf nəzəriyyəyə əsaslanaraq mətnə yanaşmasının qüsurlu olduğunu onun hekayə ilə bağlı bildirdiyi rəyindən də anlamaq olar. Çünki bu rəydə konkret heç bir şey yoxdur. Səbəb isə odur ki, mətn duyumu nəzəriyyə ilə, nəzəri biliklərlə, elmi tədqiqatlarla əldə edilən bir şey deyil.

Yeri gəlmişkən, bir müddət əvvəl kulis.az-ın keçirdiyi hekayə müsabiqəsində “Kibritsiz şamlar” adlı hekayəmin iyirmilikdən kənarda qalması da, məhz bu səbəbdən, yəni münsiflərin böyük qisminin mətn duyumunun kasad olması səbəbindən qaynaqlanırdı. Çünki doğru dəyərləndirilsəydi, adı çəkilən hekayə ən azı üçlükdə qərar tutmalıydı.

Ramil Əhməd və Kazım Kazımoviçin qeydləri ilə bağlı xüsusi nəsə deməyə ehtiyac görmədiyim üçün keçək əsas məsələyə, yəni Ulucay Akifin rəyinə. Və ümid edək ki, Kulis.az-ın hörmətli baş redaktoru Ulucay bəy, Seymur Baycan demişkən, əlinə iri bir qayçı götürüb yazdıqlarımızı doğramayacaq.

Deməli belə.

Əvvəlki hekayə müzakirələrinin, demək olar ki, heç birində iştirak etməyən Ulucay bəyin hekayəm haqqında bildirdiyi rəyi oxuyanda yadıma nə vaxtsa izlədiyim bu komedik səhnə düşdü:

Heç vaxt futbol şərh etməmiş bir adama bir gün hansısa futbol matçını şərh etməyi tapşırırlar və adam çıxışına başlayan kimi belə bir cümlə işlədir:

- Bəli, əziz tamaşaçılar, Messi bu gün zədələnmə səbəbindən meydana çıxa bilmir.

Yanındakı köməkçisi təəccüblə onun üzünə baxıb deyir:

- Nə danışırsan sən? Messi nədir? Messi bu klublarda oynamır axı, onsuz da.

Adam cavab verir:

- Nə bilim... Arada deyirdilər axı belə şeylər, televizorda eşitmişdim.

Ulucay Akifin hekayəmi keçən əsrin hekayəsi, köhnə hekayə adlandırması da təxminən eyni vəziyyətdir. Yəni: “Arada deyirdilər axı belə şeylər, kimdənsə eşitmişdim.”

Yoxsa İkinci Qarabağ müharibəsinin cəmi bir-iki il əvvəl bitdiyini nəzərə almayan hörmətli şair, hansı məntiqlə mövzunun köhnə olduğunu deyə bilərdi? Hekayədəki müasirliyin nişanələri olan bir sıra məqamları necə görməzdən gələ bilərdi?

Bəli, səbəb aydın olur:

Hekayə müzakirəsində iştirak etməyə qərar verən Ulucay Akif sanki əvvəlki müzakirələri xüsusi diqqətlə gözdən keçirib və “görəsən, mən nə deyə bilərəm” fikirləri ilə özünü bir qədər yorandan sonra qərara gəlib ki, bu cür rəy bildirsin. Amma rəy uyğunsuz olub.

Başqa bir nüans. Aylar öncə Ulucay Akif “kruq” ədəbiyyatının yazılmamış vəfa qanunlarına sadiq qalaraq, təpədən dırnağacan sovet ədəbiyyatını xatırladan bir hekayəni şövqlə tərifləyərkən köhnəlik iradını bildirməmişdi.

Yəni, gənc müəllif dolaşıqlıq içindədi, təzəylə köhnəni ayırd edə bilmir. Onun dolaşıq təsəvvüründə, məntiqi olaraq həmin hekayə köhnə olmayanda o zaman yeni olan “Vəsvəsə” hekayəsi köhnə hesab edilməlidi. Qınanılası yanaşma deyil.

Və yaxud bu məqamda təsadüfən Füzulinin bu beyti həm yadıma, həm də yerinə düşür:

Nola girdabi-qəm dersə, dili-sərgəştə dünyaya,
Sanır kim, çizginir aləm, kimin kim çizginir başı.

Ümid edək ki, gənc şair, yalnız nəsr müstəvisinə keçəndə nəyin köhnə, nəyin təzə olduğunu hiss edə bilmir. Bu da mümkün haldır və zənnimcə, ədəbiyyat nəzəriyyəçilərinin diqqət yetirməli olduğu sindromdur.

Sonuncu cümlələr:

Əlbəttə ki, mənim hekayəmdə tənqid ediləsi bir sıra məqamlar var idi, hekayə şedevr-filan deyildi. Amma bu yazının yazılma səbəbi nəsr duyumu zəif olanların, xüsusən, son iki müəllifin tənqid səviyyəsində olmayan üslubları idi. Yəni, hekayədəki əskikliklər doğru şəkildə vurğulansaydı, bu yazıya da gərək qalmazdı.

Sonda məlumat üçün onu da deyim ki, sorğuda iştirak edən üç gənc şair - Ramil Əhməd, Kazım Kazımoviç və Ulucay Akifin bu günə qədər yazdıqlarını toplayıb ələk-vələk etsək, onların “komple” yaradıcılığında mənim bircə bu hekayədə istifadə etdiyim bənzətmələrin canlılığı və uğuruna bərabər səviyyədə bir şey tapmaq mümkün olmaz, ona görə də gənc şairlərə ən azından bu cür hekayələrdən bir sıra məqamları öyrənməyi tövsiyə edərdim.

Sorğuda iştirak edən hər kəsə təşəkkürümü bildirirəm.

Eşq olsun bütün yazar dostlara və dəyərli oxuculara.


# 3124 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #