Firəngiz Mütəllimova bütün rollarını əlindən aldı, Həsən Turabova görə teatrdan getdi – Məşhur aktyor onunla niyə evlənmədi?

Firəngiz Mütəllimova bütün rollarını əlindən aldı, Həsən Turabova görə teatrdan getdi – Məşhur aktyor onunla niyə evlənmədi?
6 dekabr 2022
# 12:42

Kulis.az aktrisa Sevil Abbasova haqqında maraqlı faktları təqdim edir.

Sevil Abbasova çoxuşaqlı ailədə anadan olub. Ailənin altıncı övladı olan Sevil hələ uşaqlıq illərindən incəsənətə həvəs göstərir. İncəsənət universitetində təhsil aldığı illərdə müəllimi Lütfi Məmmədbəyov Sevili Akademik Milli Dram Teatrına gətirir.

***

Rejissor Tofiq Kazımov onu teatra işə qəbul edir. Tofiq müəllim ilk günlərdən çəkingən və utancaq olan aktrisaya deyir ki, səni teatra mən götürmüşəm, repertuarınla da mən məşğul olacağam. O, dediyi kimi də edir. Ard-arda aktrisaya 4 tamaşada əsas rollar verir.

Ancaq iş elə gətirir ki, Göygölə istirahətə gedən Tofiq Kazımov 1980-ci ilin yayında yolda qəzaya düşərək dünyasını dəyişir. Bu hadisədən sonra aktrisanın teatr fəaliyyəti ürəkaçan olmur. Ona qarşı müxtəlif qarşıdurmalar başlanır. O, ərizə yazıb teatrdan uzaqlaşmaq istəsə də, Həsən Turabov qoymur. Aktrisa həmin günləri belə xatırlayır:

“Həsən Turabov mənə dedi ki, teatrdan çıxma, mən direktor gələndən sonra sənin üçün hər şey yaxşı olacaq. Onun bu sözünə inanıb teatrda qaldım. Amma hər şey əksinə oldu. Həsən Turabov teatra direktor təyin olunandan sonra məni təkidlə səhnəyə "massovka" kimi çıxmağa təhrik etdi. Nə maaşımda, nə də sənətimdə yenilik oldu, uzun müddət yerimdə addımladım. Müəyyən adamlar var idi ki, heç "massa"ya çıxmırdılar. Elə bil təkcə mənimlə prinsipə girmişdilər. Mən teatrda böyük tamaşalarda oynamışdım, niyə "massa"ya çıxmalı idim? O boyda rolları oynayan aktrisa "massa"ya çıxmağa məcbur deyildi! Mən də prinsipə dedim ki, "massa"ya çıxmayacağam. Həsən Turabov dedi ki, səhnəyə çıxmırsansa, o zaman teatrdan çıx get! Dedim ki, gedərəm. O teatra direktor gələndən sonra əsl siması üzə çıxdı. H. Turabov o Turabov deyildi. Onun bu sözlərinə görə teatrı birdəfəlik tərk etdim və bir daha geri qayıtmadım”.

Sevil Abbasova aktrisalıq karyerası boyu "Kökdən düşmüş piano", "Kişilər", "Keçən əsrdən məktublar" televiziya tamaşalarında çəkilir. Xalq artisti Zərnigar Atakişiyeva ilə "Kökdən düşmüş piano" televiziya tamaşasında tərəf müqabili olur. Bu tamaşadan sonra böyük məşhurluq qazanan aktrisa həyatda da Zərnigar xanımla yaxın olur. Zərnigar xanım tez-tez ona “anamın etmədiyini sən mənə etmisən” deyir. Ancaq iş elə gətirir ki, Zərnigar Atakişiyeva Sevilin teatrdan getməsini istəyənlərdən biri, hətta birincisi olur:

“Mən ona heç vaxt yad münasibət göstərməmişəm. Ola bilər ki, aramızda bir balaca inciklik olsun. Evdə ana-bala arasında da inciklik olur da. Zaqatalada qastrol səfərində olanda Zərnigar xəstəxanaya düşdü. Mən yemək hazırlayıb yanına gedirdim. Heç kimi onu səhhəti maraqlandırmırdı. Ona baxdığım üçün bütün teatr kollektivi məni daşa basdı! Amma bir Allah bilir ki, ona necə qulluq edirdim. Heç bir insan bunu itirməzdi, o itirdi. Teatrda 5 ildən bir attestasiya olurdu ki, hansı aktyor qalsın, hansı getsin. Bir aktyor yoldaşım mənə demişdi ki, o hamıya tapşırıb ki, Sevilin teatrdan getməsini istəyin. Nəyə görə? Etdiyim yaxşılıqlara görə? Mən heç istəməzdim ki, teatrda işləyən xadimə də işindən olsun. Çünki o da evinə çörək pulu aparır”.

Aktrisanın sözlərinə görə, Dram teatrında ona qarşı çıxanlar, rollarını əlindən alanlar çox olub. Həmkarları Məlahət Abbasova, Firəngiz Mütəllimova teatrda işlədiyi müddətdə ona rəqib olublar. Hətta müəllimi Lütfü Məmmədbəyov da ona qarşı xoş münasibətdə olmayıb:


“Bir dəfə Məlahət Abbasovanın bir müsahibəsini oxudum. Orada demişdi ki, "Mənsiz dünya" tamaşasında Sevil mənim rolumu əlimdən almaq istəyirdi. Əslində, bu tamaşadakı Simuzər rolunu mən oynayırdım. Turabov məni çağırıb dedi ki, Məlahət də bu rolu oynamaq istəyir. Sən də oyna, o da oynasın. Bunu çox normal qəbul etdim. Mənim istəyib-istəməməyimlə bağlı deyildi. Əgər Amaliya Pənahova və Mərahim Fərzəlibəyov olmasaydı, Məlahət bu rolu oynayacaqdı. Necə ki, "Əliqulu evlənir" tamaşasında baş rolu Firəngiz Mütəllimova oynadı. Premyeranı mən oynadım, sonra elə oldu ki, Firəngiz teatra gəldi və bütün rolları ələ aldı. Həmçinin Məlahət Abbasova da bu cür edəcəkdi. Amaliya Pənahova qoymadı ki, Məlahət o rolu oynasın. Teatrda bütün konfliktlərdən uzaq qaçmışam. Tamaşanın məşqi gedirdi, fasilədə oturub otağımda gözləyirdim, radiodan çağıranda aşağı düşürdüm. Çünki teatrda mənim arxamda heç kim yox idi. Hətta öz müəllimim Lütfü Məmmədbəyov "Leyli və Məcnun" tamaşasına görə məni təbrik edəndə ora-bura baxırdı ki, görsün heç kim yoxdur? Bir aktrisanın adını çəkdi, dedi ki, ona deyəcəyəm ki, bəsdir daha ekranda rolları sizə verdim, indi daha rolları öz tələbəmə verəcəyəm. Heç ondan sonra da mənə rollar vermədi”.

Beləliklə teatrdan tamamilə uzaqlaşan aktrisa nə karyerasını davam etdirir, nə də ailə həyatı qurur. Sənətini və həyatını, gəncliyini yaşlı və yataq xəstəsi olan anasına həsr edir. Hətta bir dəfə aktrisa Amaliya Pənahova onu Bakı Bələdiyyə Teatrına işləməyə dəvət edir. Ancaq elə olur ki, anasının xəstəliyi ilə o, deyilən vaxtdan üç-dörd ay sonra gedir. Gec getdiyi üçün Amaliya xanım onu işə götürmür.

***

Gəncliyində aktrisaya elçi gələnlər çox olsa da, onunla ailə qurmaq istəyənlər az olur. Sevil xanım bu məsələyə belə aydınlıq gətirir:

“O vaxtı aktrisalara yaxşı gözlə baxmırdılar. Indi yaxşıdır, hər şey normal qəbul olunur. Azdramada elə şeylər görürdüm ki... Düz deyiblər ki, Azdramada ala qarğa bala çıxarmaz. Bizim dövrümüz sevgi dövrü idi, indi seks dövrüdür! Elçi gəlirdilər, aktrisa olduğumu biləndə geri çəkilirdilər. Bir nəfərlə ailə həyatı qurmaq istəyirdim, elə oldu ki, Zərnigar Ağakişiyeva yenə mənə mane oldu. O, həmin şəxsə mənim xarakterimə yad olan sözlər demişdi. Bu hadisədən sonra bizim ailə həyatı qurmaq arzumuz yerinə yetmədi. Ürəyimə yatan adam var idi. Mən də onun çox xoşuna gəlirdim, amma o, qadınlara ciddi gözlə baxmırdı. Həmin şəxs mənim həmkarım idi. O, hamı kimi mənə də ciddi yanaşmırdı. Heç evlənmək də istəmirdi, necə ki, indiyə qədər evlənmədi. Qadınlar onun ən zəif nöqtəsi idi. Söhbət Füzuli Hüseynovdan gedir. Teatrdan çıxandan 9 il sonra ora qayıdıb əmək kitabçamı götürdüm. Füzuli zəng edib görüşmək istədiyini bildirdi. Amma mən görüşmək istəmirdim, çünki depressiyada idim. 13 il mən çətin, depressiv vəziyyətə düşdüm”.

***

Hazırda mədəniyyət işçisi kimi fəaliyyət göstərən aktrisa Sumqayıtda yaşayır.

# 54415 dəfə oxunub

Oxşar xəbərlər

Tıq-tıq xanım özünə pullu ər axtarır - Vüqar Van

Tıq-tıq xanım özünə pullu ər axtarır - Vüqar Van

09:00 20 iyul 2024
İbrahim Tatlısəslə Yıldız Tilbe barışdı

İbrahim Tatlısəslə Yıldız Tilbe barışdı

18:30 19 iyul 2024
Mironov film xəbərini təkzib etdi

Mironov film xəbərini təkzib etdi

17:38 19 iyul 2024
Milyonluq toyda iştirak edən məşhurların qonorarı - Siyahı

Milyonluq toyda iştirak edən məşhurların qonorarı - Siyahı

16:06 19 iyul 2024
Zopa və ya kötək “qanun”u: vicdanlı jurnalist...

Zopa və ya kötək “qanun”u: vicdanlı jurnalist...

13:45 19 iyul 2024
Rihanna Olimpiadanın rəsmi sponsoru oldu

Rihanna Olimpiadanın rəsmi sponsoru oldu

12:45 19 iyul 2024
# # #