Filmlərə çəkilməkdən boyun qaçırdı, Azərbaycanı tərk etdi – “Bəyin oğurlanması”nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı?

Filmlərə çəkilməkdən boyun qaçırdı, Azərbaycanı tərk etdi – “Bəyin oğurlanması”nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı?
30 iyun 2022
# 12:30

Kulis.az aktrisa Natəvan Məmmədova haqqında on maraqlı faktı təqdim edir.


Natəvan Məmmədova Bakı şəhərində anadan olub. 15 saylı orta məktəbdə təhsil alıb. Əslən tatar qızı olan anası Flora xanım Moda Evinin işçisi olub, tanınmış dərzi-dizayner kimi fəaliyyət göstərib.

***

Natəvanın kinodakı ilk işi 17 yaşında olub. O, 1987-ci ildə anasının çalışdığı Bakı Moda Evində model kimi tikilən paltarları nümayiş etdirirmiş. Günlərin birində rejissor Rasim Ocaqovun assistenti onun şəkillərini jurnalda görür. O ərəfədə də R. Ocaqov “Park” filminə çəkmək üçün gənc qız axtarırmış və rejissor öz assistentinin köməyi ilə Natəvanı çəkilişlərə dəvət edir.

Aktrisa həmin günləri xatırlayarkən deyir:

“Əslində, mən çəkilmək istəmirdim, çünki məqsədim ali məktəbə daxil olmaq idi. Mənim üçün maraqsız idi, aktrisa olmaq, ümumiyyətlə, planlarıma daxil belə deyildi. O zaman mən sevdiyim oğlanla qərara almışdıq ki, hər ikimiz ali məktəbə daxil olandan sonra evlənək. O da mənim kinoya çəkilməyimin qəti əleyhinə idi. Bilmirəm, rejissor assistenti sevdiyim oğlana nə dedi, nə demədi və o da başladı məni dilə tutmağa ki, təklif olunan roldan imtina etməyim. Sonra da məni Rasim Ocaqovun yanına apardılar. Rasim müəllim çox mədəni insan idi və eyni zamanda öz işinin ustasıydı. O, söhbətimizin gedişində məni filmə çəkilməyə razı sala bildi... “Park” filminə çəkiləndən sonra digər rejissorlardan da dəvət almağa başladım”.

“Park”a çəkiləndən bir il sonra Natəvan Məmmədovanı “Tənha narın nağılı” filminə dəvət edirlər. Onda mən dedim ki, yox, bir filmə çəkildim bəsdir! Oxumaq, ali təhsil almaq istəyirəm! Amma yekunda yenə məni yola gətirə bildilər”.

Rejissorların diqqətini çəkən aktrisaya ard-arda rejissorlar tərəfindən təkliflər gəlməyə başlayır. O, “Tənha narın nağılı”nda Surət, “Bəyin oğurlanması”nda Yasəmən və “On yeddi yaşlı oğlan” filmində Məleykə obrazlarını yaradır.

Aktrisanı tamaşaçılara tanıdan obraz isə “Bəyin oğurlanması” filmindəki Yasəmən obrazı olub. Aktrisa filmdə baş verən maraqlı əhvalatlar barədə deyir:

"Çəkilişlər Şamaxı rayonunda üzüm yığımı mövsümündə aparılırdı. Bizə söyləmişdilər ki, qaldığımız oteldən çıxmayaq, əks halda, “oblava”ya düşüb üzüm yığımına aparıla bilərik. Arif Quliyev bu məsləhətə qulaq asmayıb gəzməyə çıxanda polis onu yaxalayıb dərhal üzüm bağına aparmışdı. O, aktyor olduğunu və filmdə çəkilmək üçün Şamaxıya gəldiyini nə qədər izah etməyə çalışsa da, Arif müəllimə inanmamışdılar. Yalnız üç saatdan sonra polislərindən biri Arif Quliyevi tanımış və onu sərbəst buraxmışdılar. Amma insafən yola salarkən hədiyyələr də vermişdilər. Arif müəllim çəkiliş heyətinə başına gələnləri danışanda hər kəs gülməkdən uğunub getmişdi. Filmdə nişanlım rolunu oynayan Şamil Süleymanov çəkilişlər arasında mənə kiçik bacı kimi yanaşır, hər cür qayğı göstərirdi. Bizi çəkilişlərə görə səhər saat dörddə yuxudan oyadırdılar. Bəzilərimizi ayaqüstündə yuxu basırdı. Çəkiliş anlarından birində sözün əsl mənasında başımı Şamilin çiyninə söykəyib necə yatdığımı heç unutmayacağam, o da mən oyanmayım deyə, tərpənməmişdi. Hətta rejissor Ceyhun Mirzəyev məni çəkiliş üçün oyatmaq istəyəndə Şamil demişdi ki, "oyatma, qoy uşaq hələ yatsın”.

Lakin Natəvan xanımın kino karyerası gözlənildiyi kimi uzunmüddətli olmur. “On yeddi yaşlı oğlan” filmindən sonra aktrisa kino sahəsindən həmişəlik uzaqlaşmağı qərara alır. Amma kinodan uzaqlaşmazdan öncə o, 1993-cü ildə rejissor-aktyor Ceyhun Məmmədovun çəkdiyi “Fəryad” filmində rejissor assistenti olur. Filmdə əsirlikdə olan yaralı komandir İsmayıl düşmənlərlə birlikdə özünü də məhv etmək üçün evi yandırmağa çalışarkən, evdə qalıb ağlayan uşaq Yasəmənin 1 yaş 8 aylıq olan oğlu Anar olur. Aktrisa film barədə deyir:

“Çəkilş zamanı o ağlamalı idi, amma yedizdirilib rahatladılan uşaq üçün bunu necə etmək olardı? Onda Ceyhun Mirzəyev kiçik bir hiyləyə əl atdı - uşaq mənim yanıma gəlmək istəyəndə ona qışqırdı: "Anaya gedə bilməzsən!". Oğlum ağlamağa başladı və bu kadr lentə alınıb filmə salındı. Sonra Ceyhun onu uzun müddət sakitləşdirdi, qucaqladı, öpdü, oxşadı, oynadı. O, çox yaxşı adam idi”.

Bir müddət sonra Natəvan xanım Bakı Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olaraq ali təhsil alır və memarlıq üzrə magistr dərəcəsinə yiyələnir.

***

Memar olan Natəvan 90-cı illərin əvvəllərində Azərbaycanda populyar olan Şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olub, bu yöndə olan yarışlara qatılaraq, parlaq nəticələr əldə edib. O, kunq-fu üzrə Azərbyacan çempionatında iki il ard-arda ölkə çempionu olub.

Natəvan Məmmədova 90-cı illərin ortalarında ailə həyatı quraraq həyat yoldaşı və azyaşlı oğlu ilə birgə Azərbaycanı tərk edərək İsrailə köçür. Hazırda İsrailin Netayna şəhərində yaşayan Natəvan Məmmədova birgə yola çıxdığı həyat yoldaşından orada ayrılır. Əri başqası ilə evlənsə də, o, ikinci dəfə ailə həyatı qurmur.

55 yaşlı aktrisa İsraildə nə kino sahəsində, nə də ixtisası üzrə memar işləmir. Onun sözlərinə görə hələ Bakıda Kunq-fu Federasiyasında məşqçi olduğu müddətdə masaj etmənin sirlərini öyrənməyi İsraildə köməyinə çatıb. Belə ki, orada masaj kursu keçən azərbaycanlı xanım hazırda həm kineziologiya ilə, həm də kosmetologiya ilə məşğuldur. Son müsahibəsində o, deyir:

"2013-cü ildə Bakıya gəldim. valideynlərim ayrıldıqdan sonra atamla əlaqəni itirdim. Bir-birimizi çox axtardıq. Bir müddətdən sonra isə onun ikinci nikahından olan övladları məni sosial şəbəkə vasitəsilə tapdılar. Onlar mənə atamın ağır vəziyyətdə olduğunu söylədilər və dedilər ki, atam ölüm ayağındadır. Xoşbəxtlikdən, onlar məni vaxtında tapdılar və atamla skayp vasitəsilə danışa bildim. Atam böyük qəmli gözləri ilə uzun-uzadı mənə baxırdı. O, sanki, bu həyatdan köçməmişdən əvvəl məni yadda saxlamaq istəyirdi. 2012-ci ildə o, dünyasını dəyişdi. Qardaşım Bakıda, bir bacım Antalyada, o biri isə Gəncədə yaşayır. Mən isə oğlumla İsraildə yaşayıram. Oğlumun sevgilisi Sankt-Peterburqda yaşadığından, çox güman ki, o da onun yanına köçəcək. Hazırda İsraildə təkəm: mən və mənim işim".

# 14031 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #