Fədakarlıq həzz almaqdır - Loğman

Fədakarlıq həzz almaqdır - Loğman
12 oktyabr 2024
# 10:00

Kulis.az Loğmanın "Əsillik məqamı" yazısını təqdim edir.

Qəhrəmanlıq – yurdçuluqdur, yurdsevərlikdir.

Yurda tən olmaqdır. Yurdu bağrına basmaq, köksündə gəzdirməkdir.
Vətən çapında böyüməkdir, vətən boyda olmaqdır, özündə vətəni görməkdir, özünü unudub vətən olmaqdır, vətənləşməkdir.

Ruhçuluqdur, ruh əməlidir. Vətən olduğunu ruhunla yaşamaqdır.

Yurdu ruhunla qucaqlamaqdır – körpəni anası kimi...

İnsandan vətən düzəltmək məcnunluğudur.

Vətəndən sevgili düzəltmək aşiqliyidir.

Fədakarlıqdan işıq saçmaq, nurlanmaq bəxtiyarlığıdır.

Fədakarlıqdan həzz almaqdır.

Vətənin hər yerindən cücərməkdir, boy atmaq, bar verməkdir.

Bir xalqın ruhunu bir nəfərin köksünə yerləşdirməkdir.

Milyonların dərdini bir çiyinə götürməkdir.

Əzabkeşlikdir, amma əzab deyil, ağrı deyil, acı deyil.

Uca olanı görməkdir, uca olana əyilməkdir – doğmalıq dilində...

Qəhrəmanlıq – əlçatmaza qonmaqdır, qanadları içindən açılmaq sehridir.

Mənəviyyatdır, əvəzsiz olanı, doğma olanı qorumaq borcudur.

Şərəfdir, mənliyin, heysiyyətin toxunulmazlıq qanunudur.

Təsdiq əməlidir, vətən sərhədləri boyunca əkilməkdir – ağac kimi, sərhəd dirəkləri kimi...

Ulusun qəlbində, ruhunda yurd salmaqdır, şenlik qurmaqdır.

Təmənnasızlıqdır, umacaqsızlıqdır.

İlahi eşqi vətənin boyuna biçməkdir, vətəndə ilahi nurun bir parçasını görməkdir, ilahi olana qovuşmaqdır.

Mənəvi gücü ədalətlə yoğurmaqdır.

Hər könüldə yer tutmaqdır, əzizlənməkdir, hər könüldə zirvələnməkdir.

Hər körpənin gözündən dünyaya baxmaqdır.

Hər qəlbin yarasını zəfərlə sarımaqdır.

Qəhrəmanlıq – vəcd anıdır, ilahi məqamdır.

Min ömrü, milyon ömrü bir göz qırpımında yaşamaqdır.

İlahi eşqin tamını dadmaqdır.

Tarix yazmaqdır, tarixin səmtini dəyişib haqqa yönəltməkdir, tarixin üzünü ədalətə çevirməkdir.

Ağıl işi deyil, odlu-alovlu qəlbdən doğan əməldir, hadisədir – zaman, zamana meyarına, məntiqinə sığmayan heyrətdir.

Cəsarətdir – dəlicəsinə.

Dəlilikdir – müdrikcəsinə.

Müdriklikdir – uşaqcasına.

Vətəni hər vətəndaşa verməkdir – sevmək üçün...

Yurd sevgisini ürəklərə səpməkdir – toxum kimi...

Ölümdən qorxmamaq hünəri deyil, sevgili xətrinə, ana xətrinə, vətən xətrinə ölümü də sevməkdir.

Ona görə hər qəhrəmanın ölümü xalqın, məmləkətin hönkürtüsüdür.

Hər qəhrəmanın ölümü yurdun kişnərtisidir.

Ulus üçün döyüşənin ölümü fərəhdir. Muzd üçün döyüşənin ölümü isə faciədir.

Muzd üçün döyüşənin ölümü bir ailənin, bir nəslin dərdidir.

Ulus üçün döyüşənin ölümü isə bir elin iftixarı, qürur yeridir.

Ona görə şəhidlik şah igidlikdir, şahanə igidlikdir.

Qəhrəmanlığın, qəhrəmanın ödülü – özüdür, özündədir.

Bütün yaxşılıqlar kimi qəhrəmanlığın işığı özüdür, özündədir.

Qəhrəmanın haqqı – qəhrəmanlığıdır.

Ödül insanı ayırmaq, yedəkləmək, çiyninə yük yıxmaqdır.

Qəhrəmanın ödülə ehtiyacı yoxdur, çünki vətənin hər yerindən görünür.

Qəhrəmanı ödülləndirmək siyasətin qəhrəmanın arxasında gizlənmək ehtiyacından doğur.

Qəhrəmanı ödülləndirmək onun yerində görünmək, onun haqqına şərik çıxmaq dəllallığıdır.

Qəhrəmanlığın mayasında, özündə ədalət durur, ədalətə inam durur, siyasətin özəyində isə ədalətdən oyuncaq düzəltmək oyunu...

Qəhrəmanlığı ödülləndirmək siyasəti barındırmağa xidmət edir.

Qəhrəmanı ödülləndirməklə siyasət özünü öyür, özünü reklam edir, qəhrəmanı unutdurur, özünü qabağa verir.

Qəhrəmanlığı ödülləndirmək qəhrəmanın muzdunu verməkdir, qəhrəmanı muzdurlaşdırmaqdır.

Muzdurlaşdırmaq mənəvi dəyərin üstünü maddi ilə örtməkdir, qəhrəmanı çidarlamaqdır.

Mənəvi ucalığı görünməz etməkdir, urvatdan salmaqdır.

Qəhrəmanlıq – haqlı olmaqdır, haqlı olanın haqqa, muzda ehtiyacı yoxdur.

Ödül naminə döyüşənlərdə qəhrəmanlıq olmur, çünki ali niyyət olmur.

Qəhrəmanlıq isə ali niyyətin təcəssümüdür.

Heç bir ödül ali niyyətə çatmır.

Ödül alini adiləşdirir, zirvədən salır.

Qəhrəmanlığın ödülü könüllərdəki sevgilərdir – pulla, muzdla ölçüyə gəlməyən...

Ana qoynunda uyuyan körpənin yuxulu təbəssümüdür.

Milyonlarla ixtiyar alxışıdır.

Anaların duasıdır.

Fəth olunan qəlblərdir – qəhrəmanın adı ödül kimi oraya yazılır.

Heç bir ödül qəhrəmana tən deyil, qəhrəmanlığı təsdiq etmir.

Qəhrəmanlığın yeganə təsdiqi Qələbədir.

Qəhrəmanlıq həm də ödüldən imtinadır.

Ödüldən imtina borclu qalmaqdan imtinadır, asılılıqdan imtinadır, oyundan imtinadır, azadlığa könül verməkdir.

Ödüldən imtina əsillik məqamıdır.

Qəhrəmanlıq – əsillikdir.

...Vətən hər kəsin, hər kəs vətənin olmayınca dünya düzəlməz.

Yenə də həmzələr at oynadacaq, ədalətsizlik cilov gəmirəcək, yetimin gözünün yaşı qurumayacaq, haqlının haqqı yağmalanacaq, biclər meydan sulayacaq, harınlar sərvət içində səmriyəcək.

Vətən göz dağı olacaq...

Bəlkə də, ilk göz yaşları qəhrəmanlıq bitirmək üçün yağıb.

Amma tarix daim qəhrəmana yerikdir...

# 33953 dəfə oxunub

Oxşar xəbərlər

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

10:20 9 may 2026
İTV-nin baş direktoru vəzifəsinə 11 iddiaçı var - SİYAHI

İTV-nin baş direktoru vəzifəsinə 11 iddiaçı var - SİYAHI

18:50 8 may 2026
“Müasir Azərbaycanın qurucusu – Ulu Öndər Heydər Əliyev”  adlı tədbir təşkil edildi

“Müasir Azərbaycanın qurucusu – Ulu Öndər Heydər Əliyev” adlı tədbir təşkil edildi

17:32 8 may 2026
Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum oldu

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum oldu

16:43 8 may 2026
Lolita ailəsini qorumaq üçün Rusiyanı tərk etdi

Lolita ailəsini qorumaq üçün Rusiyanı tərk etdi

16:33 8 may 2026
Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert: “Odlar Yurdunun sədaları”

Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert: “Odlar Yurdunun sədaları”

15:36 8 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər