Eqo sevgi və günahın arxasındadırsa... - Rəvan Cavid

Eqo sevgi və günahın arxasındadırsa... - Rəvan Cavid
26 sentyabr 2023
# 10:50

Kulis.az Rəvan Cavidin "Eqo sevgi və günahın arxasındadırsa..." adlı yeni yazısını təqdim edir.

İnsanın sarvan olduğu əməllər karvanının yola çıxdığı ucsuz-bucaqsız səhrada əsl hikmət yolçu olmaq deyil, yolda olmaq anlayışı, onun dərkidir. Bu anlayışla, insanın tamam başqa bir dünyaya oyanması ilə məna axtarışının ağrısı sona çatır. Əməllərini özünə, axirətinə deyil, yola olan sadiqliyinə həsr edəndə içdiyin suyun, basdığın torpağın qədrini bilirsən. Nəfəs aldığınız havanın və yandırdığınız odun nəfsinizdən daha vacib olduğunu anlayırsınız. Hücrəndən çıxmadan onu görə bilməyəcəyini və yaşamağın necə bir ehtiras olduğunu anlamaq üçün sevginin gücünü hiss etməli olduğunu anlayırsan. Bu, mahiyyətinizi dərk etməyə gətirib çıxarır, sevdikcə enerjimiz genişlənir, sevdikcə içimizdəki mahiyyət böyüyür. Özümüzə toxunmağımız lazım olduğunu bilirik. Müşahidəçi olaraq özümüzə şahidlik etdikcə, beynimizin içindəki ilə qəlbimizin içindəkini ayırd edə bilirik.

Ağlımızda hökmranlıq qurduqca ruhumuzda da asma bağlar qurulur. O bağların salxım-salxım üzümlərinin rəngli dənələrinə toxunmursansa, onları dərmirsənsə, nəfsinə qurduğun pusunu sərbəst buraxmırsansa, içindəki mahiyyətin, yolunun xisləti səni başqasına çevirə bilir. Siz o zəif başqasını sevəcək və qəbul edəcəksiniz, amma inadla ondan yox, öz adət etdiyiniz mahiyyətinizdən kömək istəyəcəksiniz. Yolunuz daşlı və tikanlı olsa belə. Ətini sümükdən ayırsalar da, qəlbini qırsalar da, varlığını əzsələr də, müqavimət göstərəcəksən. Biləcəksən ki, o almaz nə qədər çox qırılsa, bir o qədər işıqlı və əsrarəngiz olacaq. Ağrıları bala çevirmək və ağrıları sevmək böyüməyin, fərd olmağın birinci çarəsidir.

Gecəni sevmədiyini söyləyə bilərsən, amma gecəni yaşayırsan. Günü bəyənmədiyini söyləyə bilərsən, amma o günü keçirirsən. Sevmirəm deyərək yaşamaqdansa, hər şeydə bir güman və ümid axtarıb təzədən özünü inşa etmək daha həzz vericidir. Bu, özünü dünyaya gətirmək deməkdir. Heç kimə paxıllıq etmədikdə, heç kimlə rəqabət aparmadıqda, heç kəsi özündən yuxarı və aşağı qoymadıqda, heç kimin dəyərini azaltmadıqda, gün gələcək və asma bağların içindəki üzümün bolluğuna təəccüblənəcəksən. Bərabər olmaq, daxilən hər şeylə həmdəm olmaq özünlə olan müharibədə əbədi sülhün tarazlığıdır. Və bu müharibədə sən heç bir əməldən daha dəyərli deyilsən. Onlara - əməllərinə və xislətinə təbəə olmağa məhkumsan.

İnsanın ən böyük düşmənləri isə onun şöhrətpərəstliyi və mənliyidir. Bu ikisinin cilovunu möhkəm tutanın karvanı yolu azmaz, deyirlər. Həm də deyirlər ki, yol bilən bilir ki, zatında sevgi və işıq yoxdursa, sözlərində də rəng yoxdur. Vücudunuz xəstədirsə, ruhunuz komadadırsa, düşüncələriniz əzbərdirsə və hissləriniz sadəcə travmadırsa, bilməli olduğunuz odur ki, bu qədər əskikliyin içində təmiz qalan xislətin özü möcüzədir. Sadəcə içinizə qulaq asın. Onu ciddi qəbul edin, çatışmazlıqlarınızı deyəndə, səhvlərinizi göstərəndə, hiyləgərliyinizi, axmaqlığınızı göstərəndə ondan qaçmayın. Durub soruşun ki, mən nə edə bilərəm, nəyi əvəz edə bilərəm, necə düzəldəcəm? Bura qədər bütün bu şeylərdən imtina etmisinizsə, bundan sonra onları tapmaq və sorğu-sualsız qəbul etmək məcburiyyətindəsiniz. Əlbəttə, o yol sizə bütün cavabları göstərir.

Bu cavablarla köhnə üsullarınızı və bildiklərinizi dəyişdirin. Təsəvvür edin, hara getsəniz, o, sizinlədir. Əgər həmişə eyni olsanız, eyni şeyləri yaşamağa davam edəcəksiniz. Yeni bir limana çatmaq üçün yelkəni yenidən açmaq, küləyi yenidən hiss etmək lazım olur. Əgər siz yetkin olmusunuzsa, lakin hələ də böyüməkdən imtina edirsinizsə, eqonuz indi sizin ən böyük günahınızdır. Halbuki eqonuzu öz xarizmanıza çevirə bilərsiniz. Əgər çoxlu qorxularınız varsa, eqonuz böyüyür. Əgər onu dəyişməyə cəsarətin varsa, mahiyyətin və işığın böyüyəcəkdir. Gizlincə öz içinə baxmaq üçün cəsarət. Hər bir insan uçurumdur. Özünüzü uçuruma atmağa cəsarətiniz olmalıdır.

İndi dünya hər şeyin çətin və qıt olduğu, hər kəsin sıxıldığı və həzz almadığı rəqəmlər erasıdır. Bu səbəbdən mühakimələrimizi nəsnələrə və ya başqalarına deyil, özümüzə yönəltməliyik. Eqoistlik etmədən öz dəyərimizi bəsləməliyik, onu böyütməliyik. Almadan verdiyimiz hər bir dəyər (sevgi, hörmət, haqq, ədalət və s.) bizi azaldır. Və bizim başqa bir ehtiyat nüsxəmiz yoxdur. Gözümüzü yumsaq, heç nə yoxdur. Dünya yoxdur. Özümüzü məğlub etdiyimiz an azadlığımız başlayır. Həqiqətin uyuduğu yer budur.

Ağıl və məntiq, ürək və duyğu. İki cəbhə və iki məğlub olmamaq üçün döyüşən ordu. Dünən aşiq olduğunuz biri bu gün haqqında heç nə hiss etmədiyiniz biri ola bilər. Dünən əhvalınız pis idi, bu gün gülməkdən gözləriniz yaşara bilər. Bunlar hamısı təfərrüatdır. Hisslərinizə görə qərarlar vermədiyiniz müddətcə hisslərinizə görə yaşayın. Məntiq sənin iradəndirsə, duyğuların bu iradənin çiçəkləridir. Xarakterinizi düzəldin, emosiyalar və düşüncələr dəyişə bilər. Fikir sahibi olmaq isə təəssübkeşlikdir. Bu anda olmağın özü fərqindəlikdir.

Dünəndən azad ola bilməyənlər sabahı yaşamaqla reallıqdan qopmuş olurlar. Əgər bu günün və özünün fərqində olmasan, xatırladılana ibadət edərsən və bu, bütpərəstlikdir. Davranışını və xatırladıqlarını heç vaxt sorğulamayan insan heç vaxt özü deyil. Özünü sorğulamayan adamın görmək istəməyəcəyi ilk şey özüdür. Bu tip insanlar özlərini başqa düşüncələrə və başqa insanlara bağlayırlar. Fərqliliyi qəbul edə bilməyən, əyilə bilməyən, əksinə, özünü məcbur edənlər var. Bu tiplərdən faşistlər, narsistlər, sosial şovinistlər, irqçilər və millətçilər çıxır. Bizdə şəxsi əxlaq, ardıcıl xarakter, yəni şüur çatışmır. Bu, xarakteri dəyişkən, ideyaları şüurun qaranlığında canlı saxlanılan faşizmdir. Daxililəşdirmək, dərk etmək və hiss etmək lazımdır. Çünki yolun mahiyyəti budur.

# 1307 dəfə oxunub

Oxşar xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
# # #