Əlisa Nicatın oğlu mənə nə dedi?

Əlisa Nicatın oğlu mənə nə dedi?
12 fevral 2025
# 13:50

Kulis.az Qismətin "Əlisa Nicatın xalaoğluna fəlsəfi təsiri" yazısını təqdim edir.

Heç cür yadımdan çıxmaz, gümüşüyə çalan solğun bir günortaydı. “Ümid” partiyası yenə bələdiyyə seçkilərinə hazırlaşırdı. “Qanun”dan xəbər gəldi ki, gözünüz aydın, artıq redaktənin səhifəsi 85 qəpik yox, 1 manat olacaq! Şükür, dedim, şükür sənə, İlahi! Artıq biz də Xırdalan taksiləriylə eyni qiymətə işləyəcəyik! Qəti sabaha saxlamaq olmazdı, ildırım sürətiylə nəşriyyata yollandım.

Redaksiyada ağbəniz, mehriban bir oğlan yaxınlaşıb salam verdi; cavabımı gözləmədən məni informasiya bombardmanına tutdu: “Qismət Rüstəmov? Doğum gününüz martın on beşidir, düzdür?” Çaşqın-çaşqın “Bəli...” dedim. Sürətlə özünü təqdim eləyib top-tüfəngi işə saldı: “Mən Əlisa Nicatın oğluyam, siz balıqlar bürcüsüz, martda sizdən başqa İsa İsmayılzadə, Ələkbər Salahzadə doğulub. Xalq yazıçısı Anar sizdən bir gün qabaq, Əli Kərim isə sizdən üç gün sonra doğulub. Bilirdiniz? Ay sağ ol, bilmirdiniz. Görürsünüz, mən də mədəniyyətə belə xidmət eləyirəm...”

Məlul-pəjmürdə siqaret çəkmək üçün asta addımlarla həyətə yollanırdım ki, pilləkan aralığından Əlisa Nicatın oğlunun qaçaraq səsi gəldi: “Qismət müəllim, ay Qismət müəllim, yadımdan çıxmışdı, Əliqulu Qəmküsar isə martda dünyasını dəyişib...”

Baş barmağımla altdan yuxarı bu gözəl oğlanı layk elədim.

...Həyətdə ikicə tüstü vurmuşdum ki, arıq, eynəkli bir oğlan yaxınlaşıb utancaq-utancaq yenə eyni sualı verdi: “Qismət Rüstəmov?” Fikirləşdim, yəqin, bu nəsə sosial çarxdır, kamera şakasıdır, prankdır, indi bu oğlan da deyəcək ki, Əlisa Nicatın qohumuyam, başlayacaq partapart mənə kalendar yedizdirməyə. Amma məsələ başqaymış, mən tərəddüd içində öz varlığımı təsdiq etdikdən sonra, arıq, eynəkli oğlan qayıtdı ki, mən gənc yazıçı Vüqar Babazadəyəm, sizə ilk romanımı hədiyyə etmək istəyirəm. Təbrik elədim, “İmzala, lütfən” – dedim. İmzaladı, amma bu cavan oğlan nəsə çox utancaq idi, ünsiyyət problemi vardı, gözünü həmsöhbətindən qaçırırdı, arabir vətən torpağına ağzı sulana-sulana baxırdı, elə bil, yemək istəyirdi torpağı.

Uğurlar diləyib sağollaşdım və onu Markesanə tənhalıqda qoyub ordan sivişdim; üstəlik, etiraf edim ki, məni magik realist bir xof basmışdı, elə bilirdim, indicə redaksiyadan kimsə çıxıb əvvəlcə adımı soruşacaq, bürcümü deyəcək, sonra Əlisa Nicatın əsərlərindən danışacaq, Nizami Gəncəvidə var-yox qoymayacaq, sonra telefonunun “wallpaper”inə qoyduğu Mircəfər Bağırovun şəklini göstərəcək, onu Hegellə müqayisə edib üstünlüyü ona verəcək.

Həmin gün avtobusda gənc yazıçı Vüqarın ilk romanı “Arxalardakılar”ın önsözünü görəndə əlim-ayağım boşaldı: yenə Əlisa Nicat! Özü də filosof yazıçımız önsözdə gənc yazıçıya təxminən belə xeyir-dua verirdi: Arzumdur ki, Vüqar bir də belə şeylər yazmasın. Qəfildən mənə elə gəldi ki, Əlisa Nicatdan qaçdıqca, Əlisa Nicata tərəf qaçıram. “20 Yanvar”dan “Elmlər”ə qədər az qalmışdı bu qarabasmaya təslim olum. Yaxşı ki, xatirəsi olan tanış küçələr başladı, yoxsa bir də görəcəkdiniz, çiçək dükanında ətir satıram...

Mənim inteqraldan da qəliz qohumluq əlaqələrinə görə, nətərsə mənə guya xalaoğlu düşən, Əlisa Nicat xəstəsi filosof bir qohumum var. İstəyirəm indilərdə dəbdə olan avtofiksiyanın qohum-əqrəbalarla üz-göz olmaq azadlığından istifadə edərək sizə bir az ondan danışım. Özü deyir ki, “Müdriklik məbədi” kitabını doqquz dəfə oxuyub. İnanıram, oxuyar. Kvartalda bir dəfə ağlına möhtəşəm kitab ideyası gəlir, ancaq 15 ildir yarım cümlə də yazmayıb. Arabir hansısa kitab evindən görüntülü zəng vurur ki, xalaoğlu, vəssalam, kitab beynimdə hazırdır, gəlmişəm təqdimat üçün yer danışım. Bəzən də gecənin bir yarısı vatsapıma qara zurna ifası göndərir. Mən də ürək qoyub, təzədən yatıram.

O gün zəng vurub ki, Cavid Zeynallı Cavan Zeynallının heç nəyi deyil də, düzdür? Dedim, düzdür. Qayıtdı ki, ay sağ ol, indi gör nə deyirəm, xalaoğlunun ağlına super bir ideya gəlib, hələ heç kimin fikir vermədiyi söhbətdir. Çoxdandır fikirləşirdim ki, niyə boşanmalar çoxalıb? Qəfildən tapdım, çünki normal seks həyatları yoxdur, necə söhbətdir? İstehza ilə “çox orijinaldır” dedim, əsəbləşdi ki, sən də heç nəyi bəyənmirsən, mən bu kitabı yazım, əl-əl gəzsin, sən də gör. Fəlsəfə ilə fərdi inkişafı birləşdirəcəm, fısqırıq bir şey olacaq. Amma səndən bir xahişim var, kitabıma yaxşı bir ad qoy, narahat olma, içində sənin də adın gedəcək. Yox, dedim, məni çıx, amma ad sənə qurbandır, belə qoy: “Boşanmayın, boşalın!”. Çox bəyəndi, yəqin bir də aprelin axırı zəng vurar...

# 11613 dəfə oxunub

Oxşar xəbərlər

“Yatan peyğəmbər” ləqəbli məşhur medium - O, reinkarnasiya haqqında nə demişdi?

“Yatan peyğəmbər” ləqəbli məşhur medium - O, reinkarnasiya haqqında nə demişdi?

18:12 18 mart 2026
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

17:30 18 mart 2026
Barıt qoxulu dünyada bir ovuc sevgi - Əli Kərimin həsrət qaldığı o məktublar haradadır?

Barıt qoxulu dünyada bir ovuc sevgi - Əli Kərimin həsrət qaldığı o məktublar haradadır?

16:49 18 mart 2026
Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə

Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə

16:00 18 mart 2026
Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

14:25 18 mart 2026
Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

14:19 18 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər