Əlinə bir dəfə də qələm almayan kraliça

Əlinə bir dəfə də qələm almayan kraliça
12 yanvar 2024
# 14:00

Bu gün görkəmli yazıçı Aqata Kristinin anım günüdür.

Kulis.az Günel Əsgərzadənin onun haqqında yazısını təqdim edir.

Dünya ədəbiyyatında “dedektiv janrının kraliçası” adlandırılan Aqata Meri Klarissa Miller - qısa olaraq Aqata Kristi 1890-cı ilin 15 sentyabrında İngiltərədə anadan olub. Onun ən məşhur əsərləri bunlardır: “Staylzdakı sirli hadisə” (1920), “Rocer Akroydun qatili” (1926), “Şərq ekspressində qətl” (1934). Aqata ilk əsərlərini anasının təsiri ilə yazıb. Güclü soyuqdəymədən yatağa düşən qıza anası darıxmamağı üçün kiçik hekayələr yazmağı məsləhət görüb. O da “Gözəllik yuvası” adlı ilk hekayəsini qələmə alıb. Yazıçı daim ideal ər, xoşbəxt ailə arzusunda olub. Nəhayət, 1914-cü ildə hərbi pilot Arçibald Kristi ilə ailə həyatı qurub. “Arçi” bir müddət sonra-I Dünya Müharibəsində almanlara qarşı fransız qüvvələri ilə birgə döyüşmək üçün göndərilib. Aqata isə müharibə dövründə xəstəxanada könüllü kimi işə başlayıb. Tibb bacısı vəzifəsindən həmişə razılıq edən yazıçı müsahibələrinin birində: “Bu, insanın məşğul ola biləcəyi ən yaxşı peşədir”, - deyib.

Aqata Kristi Böyük Britaniyanın simvollarından birinə çevrilib. Onun əsərələri dünyanın ən məşhur dedektivləridir, ümumilikdə isə kitabları “Bibliya”dan və Şekspirdən sonra ən çox nəşr olunan kitablardır.

Yazıçının bir çox əsərlərinə filmlər çəkilib, amma Kristi onlardan cəmi birini bəyənib; bu da Albert Finninin çəkdiyi “Şərq ekspressində qətl”dir.

Kristi 93 kitab, 17 pyes və Meri Uestmakot imzası ilə nəşr olunan 6 sevgi romanının müəllifidir. Kitabları 103 dilə tərcümə olunub. Ən çox satılan dedektiv roman müəllifi kimi Ginnesin Rekordlar kitabına düşüb. Yazıçının “Sıçan tələsi” pyesi son illərə qədər Londonda nümayiş olunmaqla, ən çox səhnədə qalan tamaşa kimi tarixə düşüb.

Ədəbiyyat dünyasının ən məhsuldar yazıçılarından olan Aqata Kristi bir dəfə də əlinə qələm almayıb. 11 yaşına qədər məktəbə gedən Aqata yazmağı hələ 4 yaşında bacarsa da, əsərlərini özü yazmayıb, hamısını diktə edib. Səbəb isə yazıçıdakı disqrafiya adlanan, öyrənmə çətinliyi xəstəliyi olub. Bu xəstəlik onun oxunaqlı yazmağına maneçilik törədib.

Kristi ən məşhur romanlarından olan - “Şərq qatarında qətl” romanını Türkiyənin İstanbul şəhərindəki “Pera Palas” otelinin 411 nömrəli otağında yazıb. “Aqata Kristinin otağı” yazıçının xatirəsi kimi qorunub. Yazıçıya əsər üçün ilham verən isə böyük ehtimalla gəldiyi Paris-İstanbul qatarı olub.

- Yazıçı arxeoloq əri Maks Malloenlə evlənəndə dediyi: “Ən yaxşı ər arxeoloq ərdir – qocaldıqca ona daha maraqlı olursan”, - sözünü yəqin sonralar geri götürüb. Çünki Maks Malloen də ilk əri Arçi kimi ona xəyanət etməkdən yorulmayıb. Hətta yazıçının ölümündən bir il sonra məşuqələrindən biri ilə evlənib.

- Müsahibələrinin birində yazıçı etiraf edib ki, romanlarının süjeti qab yuyanda ağlına gəlir: “Bu axmaq məşğuliyyət həmişə məni qətllər haqda düşünməyə sövq edir”. Kristi yazmazdan əvvəl isti vanna qəbul edib alma yeyərmiş. Daha əvvəl qeyd etdiyimiz kimi, yazıçı disqrafiya xəstəliyindən əziyyət çəkdiyindən əsərlərini ya diktə edir, ya da diktofona yazırmış. Ölümündən 40 il sonra nəvəsi evin çardağından nənəsinin 27 audiokasetə yazdığı müsahibələrini tapıb.

A.Kristi avtobioqrafiyasında sevdiyi və sevmədiyi şeyləri sıralayıb. Demə, onun gözünün düşməni bunlar imiş: “Adamların arasında ilişib qalmaq, basabas, yüksək səs, çox danışan adamlar, ziyafətlər, xüsusilə kokteyl ziyafətləri, siqaret və tüstülü şeylərin çəkilməyi, içkilər, marmelad, soyuq yemək, boz səma, quşların ayaqları”. Ən nifrət etdiyi isə isti südün dadı və qoxusu olub.

Sitatlar:

- Söhbət ona görə yaradılıb ki, insanların düşünməsinə mane olsun.

- Xoşbəxt insanların həyat hekayələri olmur.

- Müharibə heç bir problemi həll etmir; qalibiyyət elə məğlubiyyət kimi dağıdıcı təsir göstərir.

- Hər zaman özünüzə təkrar edin ki, insanlar sizi dinləməkdə maraqlı deyillər. Nəyə görə onlar öz həyatları ilə deyil, sizin həyatınızla maraqlanmalıdır?

Evlilik sevgidən daha vacibdir, mən burada köhnə qaydaları üstün tuturam – ən vacib olan hörmətdir. Ancaq bunu heyrətlə səhv salmaq olmaz. Bütün evlilik boyu ərinizə heyrətlənmək çox darıxdırıcıdır və bu boynun arxasında revmatik ağrılarla bitəcək.

Əgər yeni doğulmuş körpəyə hədiyyə vermək imkanım olsaydı, mən yalnız bir şeyi seçərdim – Yaxşı xasiyyət.

# 607 dəfə oxunub

Oxşar xəbərlər

Puqaçovadan haqlarında çıxan iddialara cavab

Puqaçovadan haqlarında çıxan iddialara cavab

10:21 30 oktyabr 2024
20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

09:49 30 oktyabr 2024
"Füzuli muğam dünyası" konserti keçirildi

"Füzuli muğam dünyası" konserti keçirildi

09:26 30 oktyabr 2024
Məşhur reper sui-qəsddə ittiham olunur

Məşhur reper sui-qəsddə ittiham olunur

09:23 30 oktyabr 2024
"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

16:46 29 oktyabr 2024
Rasim Balayevin ailəsində ağır itki

Rasim Balayevin ailəsində ağır itki

16:28 29 oktyabr 2024
# # #