Əli Nur kimdir?

Əli Nur kimdir?
10 aprel 2025
# 15:50

Kulis.az Xalq artisti Əli Nur haqqında materialı təqdim edir.

Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub.

***

Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun Sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri Xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

***

Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.

***

Əli Nur Səyavuş Aslanla birlikdə 20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür.

Teatrın səhnəsində aşağıdakı rolları oynayıb:

Şirzad ("Şeyx Xiyabani", İ. Əfəndiyev), Nizami Gəncəvi ("Atabəylər", N. Həsənzadə), Nəsimi ("Fəryad", B. Vahabzadə), M. F. Axundov ("Mənsiz dünya", N. Xəzri), Abdi əfəndi ("Qanlı Nigar", S. Şendil), Mirzə Məhəmməd ("Anamın kitabı", C. Məmmədquluzadə), Çapar ("Şah Edib", Sofokol), Kərim ("Lənkəran xanının vəziri", M. F. Axundov), Mustafa ("Ulduz, yaxud Ədirnə Fəthi", C. Cabbarlı), Şəfiyev ("Bu dünyanın adamları", Hidayət), Qara xaqan ("Özümüzü kəsən qılınc", B. Vahabzadə), Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), Baloğlan ("Almaz", Cəfər Cabbarlı), Niyaz ("Yaşar", Cəfər Cabbarlı).

***

Əli Nur "Mənsur və Sitarə" (Mənsur), "Xatirələrdən gəlmiş qonaq" (Mənsur), "Ürək yaman şeydir" (Əjdər), "Qaçaq Süleyman" (Qaçaq Süleyman) və s. teletamaşalarda oynayıb.

***

2020-ci ildə Əli Nurun oğlu Baş leytenant Rövşən Nurzadə vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü, Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək qəhrəmancasına şəhid olub.

Aktyor müsahibələrindən birində bu haqda deyir:

"Vətən Müharibəsi başlayanda gördüm ki, Rövşən özündə deyil. İnsanlar arasında fərq yerdən-göyə qədər olur. Bir kişinin on oğlu ola bilər. Onun beşi, hətta doqquzu bacarıqsız, fərsiz ola bilər. Amma mütləq həmin on oğuldan biri od parçası, qeyrətli, namuslu, igid, xaraktercə möhkəm kişi olur. Rövşən elə uşaq idi.

Oktyabrın 18-i səhər gülə-gülə gəlib bizimlə görüşdü və getdi. Dedi ki, mən cəbhəyə gedirəm. Mən isə onun oğlanlarını götürdüm, Səfərbərlik Xidmətinin Yasamal rayon şöbəsinə gedib Rövşəni cəbhəyə yola saldıq.

İki oğlu var. Oğlanlarından biri Türkyənin Ağdəniz Universitetinin turizm ixtisası üzrə təhsil alır. Digəri isə 6-cı sinifdə oxuyur. Rövşən tez-tez ailəsinə və bizə zəng edirdi.

İlk olaraq Füzulidə idi. Bir neçə gün sonra Cəbrayıldan, daha sonra isə Zəngilandan zəng etdi. Axırıncı dəfə Qubadlıda idi və dedi ki, Qubadlını almışıq. Noyabrın 2-də günorta zəng edib, onları Cəbrayıla apardıqlarını söylədi. Dedim ki, ay oğul, axı siz Cəbrayılı almısız, yenidən niyə Cəbrayıla gedirsiz?

Dedi ki, ata, bizi yəqin harasa aparacaqlar, ona görə heç nə demirlər.Yenidən hazırlıq keçəcəklərini də dedi. Axşama yenidən əlaqə saxladı, meşə boyunca Laçına tərəf irəlilədiklərini düşünürdük. Noyabrın 11-i onun şəhid olduğu xəbəri gəldi".

***

Əli Nur, "Künc-bucaq” yutub layihəsinə verdiyi müsahibədə Cavidan Novruzun Akademik Milli Dram Teatrından uzaqlaşdırılmasını istəyib:

"Ramiz Novruz vəfat edəndə getdim, gördüm ki, orada Mədəniyyət Nazirliyinin və digər qurumların nümayəndələri yoxdur. Saat 2 idi dəfn haqda heç nə deyilmirdi. Dedim ki, Ramiz Novruz seçilmiş aktyordur, ona qarşı etinasızlıq olmaz. Saat 3-dən sonra nazirliyin, icra hakimiyyətin nümayəndəsi gəldi. Tabutu qaldıranda onun mədəniyyətimizə etdiyi xidmətlərdən danışdım. İndi Cavidan deyir ki, atamın yasını pozan teatrın yaşlı aktyorları oldu".

"Cavidanın teatrdan uzaqlaşdırılması üçün Mədəniyyət Nazirliyinə müraciət edəcəyəm" deyə aktyor bildirib:

"Teatra gələn gənc, intriqaçı aktyorlar qovulub. Sən dünənki uşaq oturub teatrı tənqid edirsən? Mənim oğlum gedib şəhid oldu, sən isə gizləndin. Ziya Ağa, Hikmət Rəhimov və Cavidan virusdur. Mədəniyyət nazirinin qarşısına məsələni qoyacam, o, teatrdan getməlidir".

***

Cavidan Novruz isə açıqlamasında cavabinda söyüş, qışqırtı iləı danışan adamların yalançı olduğunu deyib:

“Həmişə qışqıran, rahatlıqla kiminsə ailəsinə dil uzadan, rahatlıqla söylə danışan adamların günahı olur. İnanın ki, bu belədir! Belə insanlar həmişə yalan danışır. Həmişə bağıra- bağıra danışan çox tez bir şeyi söyüşlə, qışqırtı ilə izah edən adamlar yalançı olur.

Mən susacam, nə deyilsə belə, susasacam. Və heç kimə, mediaya da qarşılıq cavab verməyəcəm. gərəkirsə təklikdə cavab vermək lazımsa cavab verəcəm”.

***

Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında əlbəyaxa dava baş verib.

Davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.

Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

Ancaq sonradan açıqlama verən aktyor bildirib ki, əlbəyaxa dava deyil, mübahisə yaşanıb:

"Teatr rəsmi açıqlama verib, hər şeyi izah edib. Teatrda heç bir davadan söhbət gedə bilməz. Niyə belə qələmə verirlər, bilmirəm. Ağ yalandır. Teatr dava yeri deyil, yaradıcılıq məkanıdır. Bədii Şuranın iclasında rejissor işi, aktyor oyunu haqqında mübahisə oldu. Yaradıcılıq işində mübahisə həmişə mümkündür. Xahiş edirəm, məni bir də bu məsələ ilə bağlı narahat etməyin. Belə şeyləri şişirtməyin. Teatrımızın uğurları haqqında yazın, biz də oxuyub sevinək".

# 949 dəfə oxunub

Oxşar xəbərlər

“Park”  Nəşriyyat Evinin təqdimatı oldu

“Park” Nəşriyyat Evinin təqdimatı oldu

20:24 12 aprel 2025
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

16:45 12 aprel 2025
Kənan Hacının 50 illik yubileyi keçirilib

Kənan Hacının 50 illik yubileyi keçirilib

15:45 12 aprel 2025
"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

15:00 12 aprel 2025
Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

12:51 12 aprel 2025
Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

12:00 12 aprel 2025
#
#
# # #