Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz
11 dekabr 2024
# 15:28

Kulis.az Oğuz Ayvazın “Mənim keçmiş sevgililərim” adlı silsiləsindən qələmə aldığı növbəti yazını təqdim edir.

Bir ildən sonra İntizarı unutmuşdum. Yeniyetmə hisslərim, duyğularım o qədər coşqun, alovlu, çılğın idi ki, bir yerə bənd ola bilmirdim. Bu dəfə can dostumun bacısına aşiq olmuşdum. O da qapı qonşum İlahə idi. Nə hikmət idisə sevdiyim qızların baş hərfi “İ” ilə başlayırdı.

Deyəsən, elə balacalıqdan ona vurulmuşdum. Onu xəyal etmək, saçlarının
qoxusunu burnumda hiss etmək gündəlik peşəmə çevrilmişdi. İlk ehtirasım, ilk sevgim o qızda toplanmışdı. İçimdə zəlzələ törədəcək sevginin uğultusu qulaqlarımı batırırdı. Məhəlləmizdə işıq sönəndə qonşu qız pilləkən meydançasına çıxardı. Mən də girəvəyə salıb onu öpərdim. Onu işıqlı yerdə öpməyə ürək
eləmirdim. O, anası, qardaşları ilə yaşayırdı. Bir qardaşı ilə qardaşdan da yaxın dost idik. İlahə ətli-budlu, gülərüz, şabalıdı, uzun saçlı, yanaqları al-al bir qız idi. Yaşından böyük görünürdü. Ona yaxınlaşanda sanki qeyri-adi bir qüvvə bədənimi gizildədir, içimdə baş qaldıran hisslər üsyana qalxırdı. Hər gün küçə iti kimi evlərinin qapılarını kəsdirir, özümü içəri dürtür, İlahə ilə gizlicə ehtirasın qollarında birləşir, məhəbbətin bizə verdiyi anları yaşayır və həzzin içində yoxluğa çevrilirdik.

Günlərin bir günü dostumla bərk dalaşdım, onu döydüm. Yox, sanmayın ki, bacısını sevdiyimə görədir. Dostumla birlikdə çalışmış, onun işdə məni qabaqlamaq istəyi, pula hərisliyi ilk sarsıntım olmuşdu. İşin sonunda sözümüz çəpləşmiş, yumruqlarımız danışmışdı. Ona yumruqlar atdıqca sevdiyim qızın qardaşı olması həqiqəti tamamilə yadımdan çıxmış, gözümü qan almışdı. Davadan sonra əllərim qanlı ilk siqaretimi almışdım. Öskürə-öskürə gecənin qaranlığında, barmaqlarımdan damcılayan qanın arasında siqaret giləsi közərmişdi...

Bundan sonra İlahə məndən gen gəzməyə başladı. Süddən kəsilmiş körpə kimi hiss edirdim özümü. Hər kəsə, hər şeyə qarşı soyumuş, boşluğun içində yuvarlana-yuvarlana qalmışdım. Gecəm-gündüzümə qarışmış, ağlım başımdan getmişdi. İlahəni ya dükana gedəndə, ya da eyvana çıxanda görürdüm. Hərdən özümü dostuma xəyanət edən adam kimi hiss edir, amma içimdəki vəhşini susdura bilmirdim.

Dostumla dalaşmağımızdan, küslü qalmağımızdan xeyli vaxt ötmüşdü. Əvvəllər bacısını görmək bəhanəsiylə dostumgilə gedir, oradan-buradan söhbət eləyir, çay içirdik. Gözünü televizora zilləyib seriala baxan bacısı ev paltarında daha gözəl görünürdü. Onun mənə çay süzməsi, nəsə istəyib-istəmədiyimi soruşması yuxu kimi gəlirdi.

Yağış yağırdı, o zamanlar elə bilirdim ki, yağış ancaq bizim məhəlləyə yağır. Yəqin, indi sevdiyim qız pəncərənin qabağında durub yağışa tamaşa edir. Onun adını çəkə bilmirdim. Elə bil, bu sözü deməyə qorxurdum. Sevmək - atom bombasını siqaret kötüyü tək söndürmək, güllələri yağış damlasına bənzətmək kimidir.

Yağışda islana-islana məhəlləyə üz tutdum. Sevdiyim qız paltoya bürünüb üzü küləyə qaçırdı. Şikar görmüş vaşaq kimi gölməçələrin üstündən tullana-tullana ona sarı cumdum. Yaxınlaşdım. Sanki məni görmürdü. Özümü toparlayıb astaca dedim:

- Səni sevirəm!

O, sərt cavab verdi:

- Cəhənnəm ol!

Binaya girdik. Kimsə gözə dəymirdi. Onu arxadan bərk-bərk qucaqladım.

- Əlini çək! Burax!

Cavab vermədən onu divara dirəyib kərkindim, iri döşlərini sıxdım. Qarşılıq vermədi. Gözlərində ölü ifadə vardı. Arxasını çevirib qaranlıqda itdi.

Biz balaca olanda analarımız məni o qızla çarpayıda bir yatızdırardı. İlahənin çılpaq baldırları neçə dəfə mənə toxunmuşdu. Yanaşı yatdığımız günlərdən çox vaxt keçib, amma mən nə vaxt onu düşünürəm, həmin çarpayı, həmin uşaqlıq və
həmin bir anlıq ehtiras gəlib dururdu gözümün önündə. Onu düşünəndə canımdan vicvicə keçirdi. Mənə elə gəlirdi ki, bu hiss sevgidir. Əslində, o ehtirası alarkən sevgi yaşayırmışam. Onda o da məni sevməliydi, çünki mənim də çılpaq budlarım ona dəymişdi. Bəlkə də, bu, qarşılıqsız sevgi idi.

Evdən İlahəni sevdiyimi bilmişdilər. Anama demişdim, onunla evlənmək istəyirəm, mənim adımdan elçi gedin. Atam həmişəki kimi cavab verdi ki, başın batsın, gözün yoxdu sənin, harada pıspısa var, onu tapıb sevirsən. Mən isə sözümdən dönmədim, gizlicə bu işə anamı daxil elədim.

Axşam evə gələndə anam tək idi. Qolundan yapışdım ki, gedək qızı istəyək. Anam
məndən qorxmağa başlamışdı. Razılaşdı. Yazıq anam... İlahəgilin qapısını bərkdən döydüm. Qapını qız özü açdı. Təəccübləndi. Nəsə demək istədi, anamı görüb dinmədi. İçəri keçdik. Qızın anasına salam-zad vermədən mətləbə keçdim:

- Ay xala, qızınızı bir həftəlik mənə verin.Vallah, ona heç nə etməyəcəm, eləcə, qucaqlayacam. Verin qızınızı mənə! Nolar, yalvarıram!

Xala heyrət içində dilləndi:

- Ay bala, nə dediyini özün bilirsən? Bir həftəlik e özü də, dəli olubsan? Hansı ana belə şeyə razılıq verər?

Bu yerdə söhbətə anam daxil olur. İlahənin anasını mətbəxə aparır, orada ona başa salır ki, oğlum aşiq olub, bir az yaxşı deyil, nə deyirsə ciddiyə alma.

Xalanın üzü əlində qalmışdı, gözlərində az da olsa həyəcan hiss olunurdu. Bir neçə dəqiqə sükut bayrağı əsdi. O, özünü toparladı və dilə gəldi:

- Ay Oğuz, a bala, bu düzələn iş deyil. Get universitetini, hərbi xidmətini bitir, gəl, qızı verim. Sən ağıllı, kamallı oğlansan, narahat olma.

Sevdiyim qız kənardan bu mənzərəyə tamaşa edir, böyük həzz alır, eqosunu qidalandırırdı. İlahənin anası bu işə heç cür razı olmadı və biz də çıxıb getdik.

Günlər həftələri, həftələr ayları qovdu. Dostumla barışdım, amma bir də əvvəlki kimi ola bilmədik. Ona bacısını sevdiyimi dedim. Susdu. Dedim istəyirsən, mənə yumruq at, döy, qisasını da çıxart. Əlim qalxmaz sənə. Amma dostum yenə də heç nə demədi. Sanki dediyim sözlər onu dondurmuşdu...

Bundan sonra gecəmlə gündüzüm yer dəyişdi. Gecələr yuxusuz qalır, gündüzlər də iki-üç saat yatırdım. Gecələr həzin, kədərli mahnılara qulaq asır, küçələrdə tək-tənha veyillənir, binamızın içində bir küncə qısılıb xısın-xısın ağlayırdım. Bəzi gecələr evdən gizlicə çıxır, İlahəgilin qapısında səhəri açırdım. Anam bu halımdan narahatlıq keçirirdi. Bir gün olanları atama danışdı. Anam təklif elədi ki, bəlkə oğlumuzu çıldağa, ya da falçıya aparaq. Atam isə elə şeylərə qarşı olduğu üçün “dəli doxduru”na göstərməyimizin lazım olduğunu vurğuladı. Beləcə onlar razılığa gəldilər. Məni psixoloji dispanserə yerləşdirdilər. Orada 3 həftə yatdım. Bunları yazsam, roman olar, ona görə ixtisarla keçirəm. Dəlixanadan sonra köhnə məhəlləmizdən köçmüşdük. İlahə xəyalən, az-az yadıma düşürdü, amma daha əzab çəkmirdim. Bir müddət keçəndən sonra sinif yoldaşımdan xəbər gəldi ki, o qız ərə gedib.

# 934 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
#
#
# # #