Əgər dünyada qadın peyğəmbər varsa...

Əgər dünyada qadın peyğəmbər varsa...
25 dekabr 2023
# 12:00

Kulis.az Rəvan Cavidin "Anamın yuxuları" adlı yeni yazısını təqdim edir.


On yeddi yaşımdan ailəmdən uzaqda yaşayıram. Bayram günlərində, tətillərdə, yəni ildə bir-iki dəfə görüşürəm onlarla. Hərbi xidmətdə olduğum on səkkiz ayda isə nə məzuniyyətə çıxa bildim, nə də buraxılışlarda xidmət etdiyim şəhərdən kənara gedə bildim. Əvvəlcə karantin rejimi, sonra isə bir cinayət hadisəsi məni on səkkiz ay dağlarda Prometeyə çevirdi. Həmin on səkkiz ayda üst-üstə elə on səkkiz dəfə zəng edib atamla, anamla danışmışam, ya yox, bilmirəm.

Hərbi xidmətdən qayıdıb on ay Bakıda yaşadım. Həmin on ayda da cəmi bir dəfə getmişəm kəndə. O da sağollaşmaq üçün. Və on beş ay aydır ki, Türkiyədə, Trakyanın balaca bir şəhərində, Mərmərənin sahilindəki xırda məhəllədə yaşayıram. Doğulduğum kənddən düz iki min qırx doqquz kilometr uzaqdayam. Uzun sözün qısası, on yeddi yaşımdan sonra doğulduğum, boya-başa çatdığım, həyatımın ən təmiz günlərini yaşadığım kəndə, ailəmin yanına, o yaraşıqlı evimizə heç on yeddi dəfə getməmişəm.

Bu məsafələr, bu zaman fasilələri məni bivec oğula çevirdikcə, anamı sehirli bir qadına çevirib. İllərin hüsranı məndən soyuqqanlı, daş heykəl düzəltdikcə, anamın altıncı hissini deyim, yoxsa üçüncü gözünü deyim, - nədisə, onu açıb. İndi anam kor Vanqa kimi hər şeyi hiss edir, hər şeyi görür.

Əsgərlikdə xidmət etdiyim postda cinayət hadisəsi oldu. Əsgər yoldaşlarımdan biri intihar etmişdi. Prokurorluq gəldi, hərbi polis getdi, hissə komandiri gəldi, şəhər məhkəməsi getdi, üç ay dağdan şəhərə sorğu-suala, araşdırmaya düşdük. Ağzımız bərk idi, heç nə demirdik deyə, iş bir az da uzanmışdı. Üç ay oldu dörd ay, dörd ay oldu altı ay. Buraxılışlar açıldı, məzuniyyətlər başladı, bizi cəzalandırmaq üçün hamısından məhrum etdilər. Elə bir sstresli vaxtımda zəng edim evdəkilərlə danışmaq istəmişdim. Telefonu açan kimi anam dedi ki, neçə gündü yuxuda səni polis maşınında görürəm, nəsə olub? Məzuniyyətə gəlməməyimi dərd edənə kimi ondan bu cinayəti gizləmişdim.

Müharibə vaxtı danışanda soruşmuşdu ki, hansı sərhəddəsən? Demişdim ki, ermənilərlə sərhəddəyəm, amma narahat olma, buralar sakitlikdi, Naxçıvana güllə nədi, daş da ata bilməzlər, hələ bu dağlara çıxacaq güc onlarda yoxdu. Beləcə ürək-dirək verib qadının içindəki həsrəti, qorxunu bir az azaltmaq istəmişdim. Axırda demişdi ki, yuxuda görmüşəm yatdığın yerdə üstünə bomba düşür, Allah xeyrə calasın. Bir həftə sonra bizim hərbi hissəsinin başqa bir postunda, Sədərək tərəfdə ermənilərin hərbi helekopteri vuruldu, bir-iki gün yüngül atışmalar oldu, sonra səngidi.
Türkiyəyə köçəndən iki dəfə ağır xəstəlik keçirdim. Danışanda bildirmirdim. Həmişə vəziyyətimi soruşanda demişəm ki, salamatlıqdı, yaxşıyam. Ancaq anamın yuxuları məni ifşa edib. Nə vaxt xəstələnirəmsə, yuxularında məni xəstəxanada görür. O dəqiqə zəng edib resept yazdırır: tap oralarda kəklikotu, zoğal-zad iç.

Bakıda tələbəlik illərimin də ən yaxşı mühafizəçisi onun yuxuları olub. Gecə ilə zəng edib deyirdi ki, sabah tufan olacaq, əynini qalın geyin. Ya da bir az nəyəsə canım sıxılanda, nəsə düz getməyəndə anam məni yuxusunda ilanlarla, itlərlə bir yerdə görürdü. Düz səkkiz ildir, yuxusunda nə görsə, məni necə hiss etsə, həmin şeylər ya olmuş olur, ya da bir-iki günə baş verir. Elə bil ailəmdən cismən uzaqlaşdıqca ruhən o qədər yaxınlaşıram. Onlar da peyğəmbərlik yaşını mənimlə bərabər keçirirlər. Əgər dünyaya qadın peyğəmbərlər gəlsəydi, biri mütləq mənim anam olardı. Əgər dünyada qadın peyğəmbər varsa, mənim anamdır.

Anamın yuxuları təkcə bəlalardan, pis şeylərdən xəbər vermir, yaxşı şeyləri də müjdələyir. Hərdən onun haqqında yazmaq, ümumiyyətlə, ailəm haqqında bəhs etmək mənə həm çətin, həm də çətin olduğu qədər gərəksiz görünür. Lakin məsafələrin ağırlığından bəhs edərkən, yolların bir-birinə calanıb haralarasa getdiyi, amma heç vaxt bitmədiyi dünyada anaların qəlbi allahların gözü kimi daim üstümüzdədir. Onlar da eynən allahlar kimi yaradır, izləyir, ancaq müdaxilə edib nəyisə dəyişə bilmirlər. Anam yuxularında hər şeyi hiss etdikdən sonra ona yalan danışmıram. Bilirəm ki, hər şeyi bilir. Bilirəm ki, nə desəm, mənə yox. öz hiss etdiklərinə inanacaq.

Əvvəllər elə bilirdim, anam məni tanımır. Nəyi sevirəm, nəyə küsürəm, nəyə əsəbiləşirəm, tutduğum yol nədir, heç nəyi bilmir. Bir dəfə dedi, imkanım olsa, yekə bir çantanı yeməklə, suyla doldurub göndərərəm ora. İkimiz də güldük. Sonra həmin çantaya qoyacağı şeyləri sadalamışdı. Onda başa düşmüşdüm ki, anam məni tanıyır. Və o gün könlümdən o yeməklərin keçdiyini yenə hiss edib. Kim bilir, bəlkə də, o yekə çantanı hazırlayıb darvazanın qabağına da qoymuşdu ki, səhər Bakı taksilərindən birinə versin.
Sonra xatırlayıb ki, həmin taksilər artıq ona lazım olmayacaq.

# 1635 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #