Eduard Manenin məktubu: “Söyüşlər üzərimə dolu kimi yağırdı”

Eduard Manenin məktubu: “Söyüşlər üzərimə dolu kimi yağırdı”
23 yanvar 2024
# 11:22

Bu gün görkəmli fransız rəssam Eduard Manenin doğum günüdür.

Kulis.az İqor Dolqopolovun “Eduard Mane” yazısını təqdim edir.

1848-ci ilin dumanlı dekabr səhərində Rio-de-Janeyroya doğru gedən yelkənli gəmi, "Havr və Qvadelupa", Fransa sahillərini tərk etdi. Onun göyərtəsində gənc matros Eduard Mane də var idi. Gənc oğlan xoşbəxt idi. Nəhayət, o, azadlığa çıxmışdı, nifrət etdiyi kolleci tərk etmişdi və indi köhnə gəmi onu Parisdən və sıxıcı burjua gündəlik həyatından uzaqlara aparırdı. Gənc oğlan rəssam olmaq arzusunda idi və istənilən məhrumiyyətlərə dözməyə hazır idi, təki mühafizəkar atasının tələb etdiyi kimi vəkil olmasın.

Və artıq altı ay sonra gənc matros uzaq Braziliyadan evə qayıtdıqda, bəzən öz təyinatından şübhə edən xəyalpərəst bir gənc deyildi. Xeyr, on yeddi yaşlı Eduard bilirdi ki, onun peşəsi - rəssamlıqdır. Və o, ailəsini onun işlərinə qarışmamağa razı saldı.

undefined

"Çəmənlikdə səhər yeməyi"

Beləliklə, həyat yolunun astanasında gənc adam burjua mühitinin ətalətinə qalib gəldi və meşşan eqoizmi ilə mübarizədəki ilk addımları gənc rəssama özlərinin ətraf aləm haqqındakı boz və bayağı təəssüratlarını zorla ona aşılamağa çalışan qara sürtuklu cənabların zövqlərindəki tiranlığı və darlığı daha aydın başa düşməyə kömək etdi.

Bu andan etibarən ölümünə qədər, Manenin yolu - "şən döyüşçünün" (Renuarın onu dəqiqliklə adlandırdığı kimi), bayağılığa, istehlakçı eqoizminə düşmən kəsilən savaşçının yoludur. Bu yolda o, burjuanın rəssama verə biləcəyi bütün əziyyətlərlə qarşılaşacaq.

Ancaq qabağa qaçmayaq.

1850-ci ilin payızında enerji və ümid dolu gənc Mane Parisin dəbdə olan rəssamı Toma Kutyurun yanında şagirdliyə başlayır. Və burada, bu boş "sənət məbədində" gənc adam əsl sənətkarların yaşadığı ilk məyusluqları, üzüntüləri yaşayır.

Kutyurun şüarı ideallıq və simasızlıq idi. Onun rəsmləri, bayağı və ruhsuz, ən səthi zövqləri oxşayırdı. Onun emalatxanasında kompromis ruhu hakim idi. Burada "çox soyuq Enqri" və "çox isti Delakruanı" barışdırmağa çalışırdılar. Kutyurun şagirdlərindən biri yazırdı: "Bizim burada etdiyimiz və gördüyümüz hər şey sadəcə gülüncdür! Natura da, işıqlandırma da, hamısı eyni dərəcədə saxtadır".

Mane ümidsizliyə qapılmışdı, o, naturaçılara bağırırdı: "Siz təbii olmağı unutmusunuz!" Gənc rəssam ilə müəllim arasında münaqişə qaçılmaz idi.

Günlərin bir günü Kutyur emalatxanaya daxil olarkən təbii pozada qoyulmuş bir naturaçı gördü.

- "Belə ağılsızlığa kim yol verib?" - O qəzəblə soruşdu.

- "Bu mənəm," - Mane dedi.

- Demək belə... Sizi xəbərdar edirəm, zavallı gənc, siz zəmanəmizin Domyesindən başqa bir şey olmayacaqsınız.

Xoşbəxt Kutyur hardan biləydi ki, Domye ondan xəbərsiz Fransanın böyük rəssamlarından biri olmuşdur və "zavallı" şagird Eduard Mane həqiqət yoluyla gedərək gözəlliyin dərkində insanlara yeni üfüqlər açacaq.

Mane deyərdi ki, rəssam müdrikliyində ilk şərt, heç vaxt Laffit küçəsindən keçməməkdir". Bu zahirən sadəlövh görünən və bu gün üçün anlaşılmaz ərzdə dərin məna gizlənmişdi.

Laffit küçəsi. Dəbdə olan salon rəsmləri satan tacir dükanları. Zərrə qədər də həqiqəti olmayan, pulgir incəsənətin simvolu.

Mane təəssüflə qeyd edirdi:

"Biz hamımız bu incəsənət mətbəxi tərəfindən korlanmışıq. Buna necə son verməli? ".

Və dərhal da cavab verirdi: "Məsələnin mahiyyəti haqqınızda nə danışdıqlarına fikir vermədən öz yolunuzla getməkdir".

Və Eduard Mane öz yoluyla gedirdi.

Onun sərgisinə olan rəylərdən biri: "Vəhşiyə çevrilmiş və şəkil cızma-qara edən Qoyyanı təsəvvür edin - baxın Mane, realizmin son nümunəsi budur."

Vəhşiləşmiş Qoyya, rəngsaz... Bu sözlər İtalyan bulvarında sərgilənmiş əsərlər haqqında deyilmişdi və bu eksponatların arasında Manenin "Valensiyalı Lola" əsəri də var idi.

Fitə basılmış və təhqir edilmiş "Valensiyalı Lola". "Lola" - və qalmaqal. Bu gün Moskvada fransız şedevrlərindən ibarət sərgidə bu rəsm əsərinə tamaşa edərkən bu sözlərə inanmaq çox çətindir.

***

Mane qonşu zaldan gələn səslərə qulaq verdi. Hər dəqiqə artan qəzəbli səslər, qəhqəhələr, ciyilti və irişmələr get-gedə çoxalan ahəngsiz bir gurultuya çevrilirdi. Rəssam kütlə arasından soxulmağa və əyləncə obyektinə baxmağa çalışdı, lakin başların üzərində yellənən əsalar və çətirlərdən başqa bir şey görmədi. Nəhayət, bir kök xanım onu salona itələdi və o "Olimpiya"nı, kütlə əhatəsinə alınmış öz "Olimpiya"sını gördü. İki gözətçi hiddətlənmiş tamaşaçıları sakitləşdirməyə çalışırdı. Xanımların çoxu talesiz kətanı çətirləri ilə bizləmək istəyirdilər, kişilər əsalarını yelləyirdilər. Yağlı söyüşlər, əxlaqsız atmacalar eşidilirdi. Arxa sıralar ön cərgələri sıxışdırırdı.

undefined

"Olimpiya"

Mane dostu Bodlerə yazırdı: "İstərdim ki, burada olasınız, söyüşlər üzərimə dolu kimi yağırdı. Rəsmlərim haqqında sizin fikirlərinizi bilmək istərdim, çünki mən bu səs-küydən kar olmuşam və aydın görürəm ki, kimsə haqsızdır".

Bodler cavab verirdi: "Mən yenə Sizinlə, Sizin barənizdə danışmalıyam. Mən Sizə dəyərinizi göstərmək məcburiyyətindəyəm. Sizin dedikləriniz sadəcə gülüş doğurur. Sizi ələ salırlar, bu sizi qıcıqlandırır. Sizə qarşı haqsızdırlar! Elə düşünürsünüz ki, bu vəziyyətə düşən ilk adamsınız? Bəlkə sizin istedadınız Şatobrian və Vaqnerin istedadından daha böyükdür? Heç onları da az ələ salmayıblar! "

O zamanlar Bodlerin fikrinə az adam şərik idi. "Grand Magazine" jurnalından olan Kantelubun sözü daha səciyyəvi idi: "Heç vaxt və heç kəsə bu "Olimpiya"dan daha utanmaz bir şey görmək nəsib olmamışdır. Bu kauçukdan hazırlanmış dişi qorilladır ... Ciddi danışsaq, gənc qızlara və hamilə qadınlara belə təəssüratlardan qaçmağı məsləhət görərdim. "

Həyatın həqiqəti.

Parisli meşşanları qəzəbləndirən, bax, bu idi!

Zolya Mane haqqında məqaləsində yazırdı:

"Bizim rəssamlarımız bizə Veneralar təqdim edəndə ... yalan danışırlar. Eduard Mane özünə sual verdi: niyə yalan danışım, niyə də həqiqəti söyləməyim? o, bizi Olimpiya ilə, hər gün səkilərdə rast gəldiyi, arıq çiyinlərini rəngi solmuş yun şala bürüyən zəmanəmizin qızı ilə tanış etdi".

Bodlerə ünvanlanmış məktubunda Mane nəzakətlə qeyd edir: "kimsə haqsızdır ". Bu suala ən yaxşı cavabı zaman verdi.

***

"... Bilirsənmi, məni bir bütün olaraq görmək lazımdır və səndən xahiş edirəm, əgər mən tezliklə yox olsam, imkan vermə ki, mənim əsərlərim ayrı-ayrı şəxslərə və müxtəlif muzeylərə paylansın. O halda mənim əsl dəyərimi verə bilməzlər". Bu faciəli sözləri ölümcül xəstə olan Eduard Mane dostu Antonen Prusta demişdi. Onun əlli yaşı vardı, lakin iyirmi illik fasiləsiz mübarizə və böyük əmək izsiz ötüşməmişdi.

İyirmi il Mane anlaşılmazlığın, bayağılığın boş divarını yıxırdı. Nəhayət, bu maneələr qırıldı və insanlara mavi parlaq dünyaya - plenerə yol açıldı. İlk anlarda Günəşin parlaq şüaları gözləri qamaşdırırdı və göz buna alışmadığından qəribə görünürdü. Lakin sonra daha əvvəl qəhvəyi yarıqaranlığa öyrəşmiş tamaşaçılar Günəş işığı süzülən gümüşü rəngləri də sevdilər.

Rəng inqilabı gerçəkləşdirildi!

***

... Amsterdam küçəsi - rəssamın son limanı idi. Orada o, həyatının son ilində özünün son şedevrini, "Foli-Berjerdə bar" əsərini yaradır. O, molbert qarşısında dayana bilmədiyindən oturaraq işləyir. Və əgər xəstəlik onun bədənini taqətdən salmışsa da, onun ruhu qələbəni qeyd edir. Rəssamın fırçası tamamilə sərbəstdir. Son rəsmlərinin qamması - dünyanın yeni duyumudur. Yeni həyəcan onun yaratdığı hər bir əsərdən- natürmort, portret, kompozisiyalardan keçir.

müəyyən edilməmiş

"Foli-Berjerdə bar"

Son yaxındır. Həkimlər rəssama işləməyi qadağan edirlər. O, emalatxananı tərk edir və onun çiçəklərlə etüdü natamam qalır.

Mane vəfat edir.

Paris mayı. Trokaderonun yamyaşıl otu, masmavi səma, səs-küylü küçələrin rəngarəng izdihamı - hər şey həyatda olan Maneni, varlığın sevincini vəsf edən və əsrlərlə incəsənətin inkişafına mane olan şərtiliklərin qandallarını qıran rəssamı xatırladır.

Mane "gülən rəng qammasına" yol açdı və onun gənc, hava və Günəşlə dolu major və işıqlı əsərləri dünyaya yeni baxış bucağı gətirdi.

Bu gün Günəş "şən döyüşçü"nü yola salır. Onun səxavətli may şüaları rəssamın sonuncu yolunu işıqlandırır. Manenin tabutunun arxasınca Zolya, Prust, Deqa, Pisarro, Renuar gedirlər... Neçə döyüş, neçə məğlubiyyət, neçə qələbə bu insanların çiyinləri arxasındadır!

undefined

Manenin məzarı

Manenin kətanları hələ də onun studiyasında toz içində atılmışdır. Onlar üzləri divara yığılmışlar.

Onları şöhrət gözləyir ...

Zolya Manenin ölümündən sonrakı sərgiyə müqəddimədə yazırdı: "Ölümündən dərhal sonra Mane gözlənilməz apofeoz ilə mükafatlandırıldı. Bütün mətbuat böyük sənətkarın öldüyünü elan edərək birləşdi. Hələ dünənə qədər onu ələ salan və ona istehza edənlər papaqlarını çıxararaq triumfu öz dəfn mərasimi olan ustadın xalq tərəfindən tanınması barədə söhbət açdılar. Bizim üçün, onun sadiq dostları üçün bu əzəldən kədərli bir qələbə idi. Nə etməli, əbədi tarix təkrarlanırdı: insanları adamların kütbeyinlikləri öldürürdü ki, sonra onlara abidə ucaltsın... ".

Rus dilindən tərcümə: Günay Rzalı

# 871 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
#
#
# # #