Düz beş ildir ki, mən...

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

4 aprel 2025
# 15:00

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Yaz gələndə xoşbəxt oluram, ümidli oluram, sevincli oluram. Bu səbəbdəndir ki, bütün gözəl şeylərin ancaq və ancaq yazda baş verdiyini düşünürəm. Məsələn, keçmişlə bağlı hansısa xoş xatirəmi yada salanda, o hadisənin yazda baş verdiyini xatırlayıram. Payızda, qışda baş verən gözəl şeyləri də baharın ayağına yazıram.

Bu gün "Kulis"in 14 yaşı tamam olur. Günəşli, işıqlı yaz günüdür yenə. Yenə sevincliyəm, ümidliyəm.

"Kulis"lə tanışlığım da yəqin hansısa belə bir yaz günündə olubmuş. 2013-cü ildə, hələ universitetin birinci kursunda oxuduğum vaxtlarda, təzə-təzə yazmağa başladığım şeirləri harda dərc etməli olduğumu bilmirdim. Qəzetlərdə, jurnallarda şeirlərim çap olunmuşdu, amma bilirdim ki, istədiyim bu deyil, daha böyük auditoriyaların qarşısına, daha dinamik, səs-küylü, müzakirələrin olduğu yerlərə çıxarmaq istəyirdim şeirlərimi, yazılarımı. Onda kimsə, təəssüf ki, kim olduğunu xatırlamıram, mənə "Kulis"dən bəhs etmişdi.

O gündən "Kulis"i izləyib ədəbi mühitimizi də tanımağa başladım. Elə o ildən "Kulis"də yayımlanmağa başladım. Yadıma düşür, imzam "Kulis"də görünsün deyə əldən-ayaqdan gedirdim. Saytın elektron ünvanına göndərdiyim şeirləri, yazıları saytda görmək üçün günlərlə, bəzən həftələrlə gözləyirdim, hər gün sayta girib ələk-vələk edirdim.

Yəqin, yanılmıram, onda ən gözəl arzularımdan biri nə vaxtsa bu saytın daimi imzası, əməkdaşı olmaq idi. Arzuların da gerçəkləşmək kimi şıltaqlığı olur axı. Bir də görürsən ki, hansısa arzun gerçəkləşdi...

2020-ci ildə "Kulis"də müxbir kimi işə götürüləndə, həyəcandan kompüter arxasında da rahat otura bilmirdim. Həyəcan, həvəs, sevinc... Bütün hisslərin biri-birinə qarışdığı iş günlərim elə başlamışdı. İstəyirdim rastıma çıxan hamıya, bu saytı tanıyan-tanımayan hamıya "Kulis"də işlədiyimi deyim.

İndi artıq beş ildir ki, buradayam. Türklər demiş, dilə kolay... Düz beş ildir ki, təqvimin həftə sonlarını və bayram günlərini saymasam, hər gün səhər saat 10-dan (buna özüm də güldüm) axşam saat 7-ə kimi "Kulis"in işıqlı otağında kompüterimin arxasında əyləşib, klaviaturamın düymələrini taqqıldadıram və ilk gündən olan həvəs və sevgimin bir zərrə də azalmadığını görürəm.

Beş ildir ki buradayam və düşünürəm ki, az müddət deyil beş il. İnsan ömrü neçə beş illikdən ibarət olur ki? Məsələn, mənim atamın ömrü doqquz beş illiyə sığdı. Görəsən, mənim ömrüm neçəsinə sığacaq? Bunu Allah bilər, amma mənim bildiyim odur ki, artıq ömrümün bir beş illiyi "Kulis"lə calanıb.

Nə gözəldir ki, belə olub.

Və artıq dörd ildir ki, həm də "Kulis"ə rəhbərlik edirəm. Artıq dörd ildir ki, ölkənin ən gözəl, ən işıqlı, ən aydın bu saytının Baş redaktoruyam.

26 yaşımdan belə bir məsuliyyətli vəzifəyə (işə!) təhkim (!) olunmaqdan xeyli məmnunam. Yorulduğum da olub, əsəbiləşdiyim də, üzüldüyüm də... Amma hər nə olubsa, burada olmağın, burada işləməyin, nələrsə etməyin xoşbəxtliyinə, fəxarətinə qalib gələ bilməyib.

İşimin uğurlu olub-olmamağımdan, Baş redaktorluq fəaliyyətimdən, nəyin necə olmağından danışmaq istəmirəm. Bildiyim odur ki, burada hər nə edirəmsə, sevgiylə, ümidlə, inamla edirəm.

"Kulis" üçün ən böyük təşəkkür və təbrik isə, şübhəsiz, Vüsalə Mahirqızına düşür. "Kulis" onun əlində-ovcunda böyüyüb bu yaşa çatdı. Vüsalə Mahirqızı, sözün hər mənasında, göz bəbəyi kimi qorudu buranı. Hər halda, ədəbiyyatın və mədəniyyətin bu dərəcə arxaya atıldığı, unudulduğu dövrdə heç bir maddi gəliri olmayan "Kulis"i gözdən çıxarmamaq (ki xeyli gözdən çıxarılan ədəbiyyat saytları və layihələri gördük bu 14 il ərzində) elə buna sübutdur.

Ol səbəbdən, birinci növbədə elə Vüsalə xanıma təşəkkür və təbrik etməyi özümə borc bilirəm.

Elə növbəti birinci növbədə də "Kulis"i sevən, bizimlə əməkdaşlıq edən bütün yazıçılarımıza, şairlərimizə, ədəbiyyatşünaslarımıza, filoloqlarımıza, digər sənət nümayəndələrimizə, həmçinin, "Kulis"in sözdə yox, həqiqi, gözlərimizlə gördüyümüz yüz minlərə çatan on minlərlə oxucusuna təbrik və təşəkkürlərimi çatdırıram.

Yeni yaşımız mübarək olsun!

# 4329 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər