Dünya gözəli seçildi, atasını ona görə öldürdülər, bütün şəkillərini yandırdı – Məzarının yeri belə bilinməyən Sona xanım...

Dünya gözəli seçildi, atasını ona görə öldürdülər, bütün şəkillərini yandırdı – Məzarının yeri belə bilinməyən Sona xanım...
5 yanvar 2023
# 12:22

Kulis.az 1912-ci ildə Parisdə keçirilən dünya gözəllik yarışmasının qalibi məşhur Mehmandarovlar nəlsinin nümayəndəsi Sona Mehmandarova haqqında maraqlı faktları təqdim edir.

Məşhur Qarabağ xanı İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayında çox hörmət etdiyi Mirzə Əli bəy adlı bir şəxs olur. Mirzə Əli bəyin saraydakı vəzifəsi saraya gələn qonaqları hörmətlə qarşılayıb yola salmaq olub. Bu səbəbdən ona “Mehmandar” adı verilir. İşinin öhdəsindən yüksək səviyyədə gələn Mirzə Əli bəy təkcə saray adamlarının deyil, bütün Qarabağ əhlinin hörmət etdiyi adama çevrilməyi bacarır. El arasında onun özü və ailəsi Mehmandar, sonralar isə Mehmandarov soyadı ilə tanınırlar. Mirzə Əli bəyin 3 oğul övladı olub. Mirzə Həsən bəy, Mirzə Sadıq bəy və Mirzə Mustafa bəy.

***

Mirzə Əli bəyin ikinci oğlu Mirzə Sadıq bəy Mehmandarov (1815-1885) Muğanda, Şamaxıda sahə iclasçısı işləmiş, sonra xidmətini Lənkəran şəhərində davam etdirmişdi. Və elə bu sayədə də Mehmandarovların bir qolu Lənkəran şəhərindən boy atıb budaqlanmışdı.

***

Belə ki, Mirzə Sadıq bəy Şuşada rus-tatar məktəbini bitirdikdən sonra Peterburq Universitetinin Hüquq fakültəsinə daxil olmuş və burada Hacı Mir Abbas bəy Talışinski ilə tanış olur. Tələbəlikdən başlanan bu tanışlıq dostluğa, sonradan isə doğma qohumluğa çevrilir. Mirzə Sadıq bəy, Mir Abbas bəyin dəvəti ilə onun Lənkərandakı mülkünə baş hüquqçu vəzifəsinə işə qəbul oluur, sonradan Sadıq bəy Mir Abbas bəyin yaxın qohumu, general-mayor Mir Mustafa bəy Talışinskinin nəvəsi Bikə xanımla evlənir.

***

Bu izdivacdan onların on övladı olur. Övladlarının əksəriyyətinin Tiflisdə, Peterburqda təhsil almasına şərait yaradan Mirzə Sadıq bəy illər sonra Səməd bəy Mehmandarov və Nağı bəy Mehmandarov kimi oğulları ilə fəxr edir. O Səməd bəy Mehmandarov ki, hərb tariximizə adı qızıl hərflərlə yazılır.

Elə Səməd bəyin qardaşı Nağı bəy də, Avropa təhsili görmüş, çox gənc yaşında Lənkəran şəhərinin “qradonaçalniki” (şəhər rəisi) vəzifəsinə təyin edilmiş ziyalılardan idi. Nağı bəyin qızı Sona Mehmandarova 1894-cü ildə, bəzi mənbələrdə isə 1896-cı ildə Lənkəranda dünyaya gəlib.

***

Xoşxasiyyət, müasir düşüncəli Nağı bəy qızı Sona dünyaya gələndə “Mənim qızım savadlı və ağıllı qız olacaq” - deyir və Sonanın təhsil almağını istədiyindən onu gimnaziyada oxutdurur. Sona xüsusi müəllimlərdən fransız və rus dillərində mükəmməl səviyyədə dərs alır.

***

Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə əhəmiyyət verdiyindən qızına gələn elçiləri rədd edir. Bu cür rədd cavabı alan elçilərdən biri Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürərək dənizə atır. Hadisəni Nağı bəyin xidmətçisi görür və məsələnin üstü açılır. Qatillər Sibirə sürgün edilir.

***

Atasının ölümündən sonra Sona Lənkəranı tərk edib Bakıya anasının qohumlarının yanına gəlir. 1912-ci ildə qohumlarının təkidi ilə gözəllik yarışmasına qatılır. Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və burada "Qafqaz incisi" tituluna layiq görülür. O, Tiflisdən sonra Sankt-Peterburqa da birinciliyə layiq görülür. Və nəhayət, Sona 1912-ci ilin sonunda Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək, "Dünya gözəli" titulunun, "Qran-Pri"nin sahibi olur.

Birinci sıradan sağdan dördüncü Sona Mehmandarova

***

Bu yarışmalardan və dünya gözəli titulunu qazandıqdan sonra onun məşhurluğu dünyaya yayılır. O, Bakıya qayıtmır və Sankt-Peterburqda yaşamağa başlayır. O, artıq böyük bir imperiyanın fəxriydi, çar ailəsində belə nüfuzu vardı, kifayət qədər sərvət qazanmışdı və imperiya paytaxtında yaşamalıydı. Beləliklə, Sona Sankt-Peterburqun mərkəzində dəbdəbəli mülk alır, şəhərin kübar mühitində özünə və tituluna layiq yer tutur. Amma bütün bunlar qadın üçün zəruri olan ailə rahatlığını əvəz eləmirdi. Onda mövcud olan qaydalara görə, gözəllik müsabiqələrinin qalibləri bir il ərzində ərə gedə bilməzdilər. Sona xanım da bu səbəbdən gənc, yaraşıqlı, varlı, əsil-nəcabətli pərəstişkarlarının təkliflərindən boyun qaçırmalı olur. Müsabiqədən bir il sonra o, ailəsi razı olmasa da, 1913-cü ildə əslən dağıstanlı olan Uruzovla ailə həyatı qurur. Uruzovla ailə həyatı onu bir qədər arxayınlaşdırsa da, gözlənilən xoşbəxtliyi gətirmir. Onların övladı olmur. 1917-ci ildə baş verən çevriliş isə ailəni müflisləşdirir.

***

Rusiya inqilablarından sonra hakimiyyəti ələ keçirən bolşeviklər ölkədəki şəxsi mülkləri dövlətin mülkiyyətinə çevirir. Bununla, Sona xanımın ailəsi müflisləşir. Əmisinin hərbi nazir olduğu Azərbaycan Demokratik Respublikası qurulsa da, Sona yenə Azərbaycana qayıtmır. Tezliklə bolşeviklər Azərbaycanı da işğal edir. Bu dövrdə bir sıra tanınmış bəy ailələri, o cümlədən Mehmandarov və Talışxanovlar təqiblərə məruz qalır.

Araşdırmalardan məlum olur ki, Sona xanım Mehmandarova ötən əsrin 20-ci illərindən Moskvada yaşayıb. Güman ki, yaşayış yerini dəyişməsində yaxın münasibətdə olduğu, RSFSR-in maarif naziri (1929-cu ilədək) Anatoli Lunaçarskinin himayəsi başlıca rol oynayıb. Çünki "qara siyahı"ya düşmüş Mehmandarovlar soyuna mənsub olmaq həmin dövrdə ciddi təhlükə idi. Generalın həyat yoldaşı vəfat eləmiş, oğlu sürgünə göndərilmişdi. Hətta 30-cu illərin axırlarında Çəmbərəkənd qəbiristanlığı söküləndə qorxudan Səməd bəy Mehmandarovun qəbrinin köçürülməsində belə, kimsə iştirak eləməmişdi. Ana tərəfi - Talışinskilər də eyni acıları yaşayırdılar. Qohumlarının şəhadətinə görə, həmin illərdə Sona xanım sənədlərini və fotoşəkillərini yandırdığından, onun həyatının sovet dövrü barədə qəti bir söz söyləmək mümkün deyil.

***

Bir vaxtlar öz gözəlliyi və nəcibliyilə dünyanı heyran eləmiş Sona xanım Mehmandarova Bakıya bir də yarım əsrdən sonra 1966-cı ildə - yaşlı, üzgün və xəstə vəziyyətdə qayıdır. Əlbəttə, illər, xüsusilə də, öz mənşəyinə görə sovet hakimiyyəti illərində çəkdiyi məşəqqətlər onun misilsiz gözəlliyindən əsər-əlamət qoymamışdı. Deyilənə görə, Sona xanımın təkcə səsi öz təravətini saxlayıbmış. Amma o, hələ də kübarlığını unutmamışdı. Hətta günlərin birində halı pisləşib, qohumları "təcili yardım" çağırıblar. O vəziyyətdə belə, Sona xanım güzgü və kosmetika istəyib, həkimlərin qarşısına səliqəli görkəmdə çıxıb.

***

Sona xanım Mehmandarova Bakıya qayıdandan bir neçə il sonra dünyasını dəyişdi, Bakı qəbiristanlıqlarının birində dəfn olundu. Amma indi qohumları belə onun məzarının yerini xatırlamırlar.

# 19459 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor reanimasiyaya köçürüldü

Məşhur aktyor reanimasiyaya köçürüldü

10:20 3 fevral 2023
Türkiyənin məşhur modelyeri saxlanıldı

Türkiyənin məşhur modelyeri saxlanıldı

17:30 2 fevral 2023
Arslan Növrəsli:  "Uşaqlığım dörd divar arasında keçib" - "O" verilişi

Arslan Növrəsli: "Uşaqlığım dörd divar arasında keçib" - "O" verilişi

17:00 2 fevral 2023
Beyons dünya turuna çıxacaq

Beyons dünya turuna çıxacaq

16:30 2 fevral 2023
Sebastyan Baxın əsərləri Filarmoniyada səsləndirildi

Sebastyan Baxın əsərləri Filarmoniyada səsləndirildi

16:00 2 fevral 2023
Gənc yazarlara mükafat verildi

Gənc yazarlara mükafat verildi

15:21 2 fevral 2023
# # #