“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçasının təqdimatı oldu

“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçasının təqdimatı oldu
15 iyul 2023
# 14:30

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası-müəllif əsərinin təqdimatı olub.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondu, İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC tərəfindən həyata keçirilən layihənin həmmüəllifləri Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçıları isə “Azərxalça”nın yaradıcı komandasıdır. 2022-ci ilin may ayından etibarən toxunan triptixin ərsəyə gəlməsində “Azərxalça”nın İsmayıllı emalatxanasında çalışan 11 toxucunun əməyi olub.

Üç hissədən ibarət əsərin hər bir hissəsində ümummili liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfə “xalça dili”ndə çatdırılır.

İlk hissədə xalçanın kompozisiyasına uyğun olaraq xalqın birliyini və əzəmətini əks etdirən rəmzlər yer alıb. Ulu öndərin ötən əsrin 90-cı illərində respublikamızın məruz qaldığı xarici və daxili qarşıdurmalarla mübarizədə məhz xalqla birlikdə olmasını, xalqın inam və gücünə arxalanmasını nəzərə alaraq, xalça üzərində Heydər Əliyev – xalq birliyi öz əksini tapıb. Xalçanın kənar haşiyəsinin konturları isə ümummilli liderin ad və soyadının baş hərflərini əks etdirir.

Heydər Əliyev və təhsil mövzusu xalçanın birinci hissəsinin əsas mövzularından biridir. Bundan əlavə, həmin hissədə ulu öndərin milli musiqimizə olan sevgisi, ən sevdiyi gül – zoğalı rəngli qızılgül, mənəvi zənginlik hesab etdiyi kitablar, onun səyləri nəticəsində və bilavasitə təşəbbüsü ilə inşa olunmuş milli memarlıq nümunələri, mədəniyyətimizin stilizə olunmuş simvolları – tar, kaman, qaval, yallı, armudu stəkanda çay və s. elementlər də öz əksini tapıb.

Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə respublikamızda ixtisaslı milli hərbçilərin yetişdirilməsi üçün Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb, ali və orta ixtisas məktəblərində müasir tələblərə uyğun mütəxəssis hazırlamaq üçün müvafiq fakültələr və şöbələr yaradılıb. Milli Ordu quruculuğunun təməlini qoymuş Heydər Əliyevin bu əməyi xalçanın ikinci hissəsində əksini tapıb.

Ümummilli liderin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycan regionda sülhün dayağına, paytaxt Bakı isə beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Bu baxımdan Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” mövzusu da xalça üzərində həkk olunub.

Ulu öndər həm hakimiyyətə birinci gəlişi zamanı, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatına böyük önəm verib, aqrar sektorun inkişafı və regionlarda əhalinin rifahı üçün əhəmiyyətli zəmin yaradıb. Xatirə xalçasının üzərində ümummilli liderin məhz bu sahədə olan fəaliyyəti əksini tapıb.

Triptixin sonuncu və ən əsas hissəsi Heydər Əliyevin çağdaş, xətti (cizgili) portreti əks olunmuş “Keçmiş və gələcək – düşüncələr ayrıcında” adlanır. Burada firavan gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi xalqının önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev yüksək bir zirvədən ölkənin bu gününü böyük fəxrlə, gələcəyini isə inamla seyr edir. Xalçanın sərhədlərini müəyyən edən, “Birlik, qardaşlıq və güc” rəmzi sayılan əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində ulu öndərin timsalında “İdeal cəmiyyətin simvolu” – ailə görüntüsü verilib. Bu hissədəki alov, ocaq, quşlar – qoruyucu mələklər, bitkilər – bolluq və firavanlıq, qızılgül isə gələcək nəsillərə qayğı və dəstək elementi kimi öz əksini tapıb.

# 1985 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər