"Dinləyiciləri böyüyüb, amma özü yox"

"Dinləyiciləri böyüyüb, amma özü yox"
30 sentyabr 2023
# 12:06

Kulis.az Nihat Pirin "Qaraqanın uğursuz dönüşü və ya böyüməyən tərz" adlı yeni yazısını təqdim edir.

2019-cu ildən bu yana olmasını təsəvvür eləmədiyimiz şeylər yaşayırıq. Yəni o qədər ki, artıq günü sabah hansısa yadplanetlinin Musabəyov parkı ilə üzbəüz köhnə tikilidə iki otaqlı, vayfaylı, suyu, işığı, qazı daimi olan və yalnız ailəyə verilən kirayə mənzil elanını görsəm, şəxsən təəccüblənmərəm.

Və bu günlərdə isə ölkə olaraq daha böyük və gözlənilməz şeylərin şahidiyik. Bu mövzuya girməyəcəyəm.

Dünən axşam 2016-cı ildə repdən getdiyini deyən və o müddətdən sonra bulvar ədəbiyyatı çabaları xaric heç bir platforma, müsahibə və trekdə görünməyən reper Elxan Zeynallı (Qaraqan) uzun illik fasilədən sonra yeni bir trek buraxdı. Daha pafoslu demək lazım gələrsə: qayıtdı.

Yazının girişindəki dünyada son bir neçə ildə baş verən prosesləri boşuna qeyd etməmişəm. Qaraqanın "Söz" adlanan yeni trekində görünən odur ki, bu yeddi il dünyamızda və həyatımızda köklü dəyişiklərlə yadda qalsa da, Qaraqanda heç nəyi dəyişməyib.

Eyni ritorika, eyni kodlaşdırılmış göndərmələr, din, Tövrat, Tövrata göndərmə, özünün "A" romanı ilə bağlı ştrixlər, ruh, kölgə...

Kəsəsi, bu yeddi il ərzində Qaraqana qulaq asan nəsil Qaraqandan daha çox və daha yaxşı böyüyüb, amma Qaraqan repin ana vətənində, küçələrində, az qala, hər on beş metrdən bir reper yetişdirən bir mühitdə yerində saymaqla məşğul olub. İl olub 2023 və Qaraqan: mason, surə, kölgə, Tövrat, ünsür açar sözlərində qalıb.

Qaraqan bu yeddi il ərzində Amerika və dünya repində olub bitənləri izləməyibsə (Ki bu çox mümkünsüz bir iddiadır, amma nəticə onu deməyə əsas verir), heç olmasa, Azərbaycan repində və indi guya başsız qaldığını görüb başçılıq etmək istədiyi həm köhnə, həm də yeni nəslin, sözün həqiqi mənasında, çıxardığı hoqqalara nəzər salmalı idi.

Yəni artıq Azərbaycanda belə rep elə bir səviyyəyə çatıb ki, dinləyici üçün (şübhəsiz, burada fanatiklərdən söhbət getmir) Qaraqan və Qaraqan ritorikasında rep edənlərin treklərinə sadəcə nostalji xatirələr, - məktəb, 9-cu sinif, Asiflə Gülay məktəbin heyva bağında "Sən və mən"ə qulaq asa-asa heç vaxt ayrılmayacaqlarının sözünü verirlər, - yaşamaq üçün qayıdılır - İndi Gülayın 3 uşağı var, Tovuzun hansısa kəndində evdar qadındır, Asif isə əsgərliyə getdi, qayıtmadı, MAXE kimi orada qaldı.

Qaraqanın bu qədər zamandan sonra və bu boyda (?) qayıdışla elə yenə də köhnə hamam, köhnə tas müstəvisində olması olduqca böyük xəyal qırıqlığıdır.

Son bir neçə ildə təkcə "Synaps"ın gördüyü işlər Qaraqanın indiyə qədərki bütün rep karyerasını büküb cibdə gəzdirəcək səviyyədədir.

Əlbəttə, bizim fikrimiz Azərbaycanda repin böyük bir dalğaya çevrilməsində fundamental rola malik birini silib atmaq deyil.

Elşad Xose adlı reper, zənnimcə, rep edə bilmir, amma mən Elşadı reper kimi danmıram, dana bilmirəm və dana bilmərəm.

Eləcə də Qaraqanı.

Amma və lakin Qaraqan "gənc nəsil başsız qalmayacaq" iddiasını edirsə, onda zəhmət çəkib "Paster"dən, "Xpert"dən, ən pis halda, "F'ryhme"dən daha yaxşısını etməlidir.

Ən pis halda onlarla ayaqlaşmalıdır: "başlanğıcda söz vardı" kimi həddindən artıq ərgən bir göndərmə ilə yenə də kollec tələbələrinin reperi olmaq arzusunda olmamalıdır.

Azərbaycanın özündə belə, məsələn, "Xpert" əvvəlki tərzinin köhnəldiyini, dünya repində bu tərzin artıq arxivlərdə toz basmış rəflərin ən lazımsız künc-bucağında olduğunu və özündə inkişafdan heç nə saxlamadığını dərk etdi. Ona görə də tərzini dəyişdi. Əvvəl bəyənilmədi, əvvəl hamı əvvəlki Şəhriyarı axtardı, amma zamanla o kütlə də Azərbaycanın (bəli, məhz Azərbaycanın göbəyindəcə) başa düşdü ki, təzə dəb budur, təzə nəslin istəyi budur.

Rep küçədə yaranıb, rep küçə sənətidir və küçənin diqtəsi ilə saniyəbəsaniyə yenilənir, təzələnir.

Qaraqan isə hələ də mənasız söz oyunları ilə kod-tapmaca göstərir və hətta özü üçün yeni bir sayt yaradaraq, səndən (dinləyicidən) dərəcə-dərəcə böyüməyi tələb edir.

Dinləyicinin bu yeddi ildə Qaraqandan daha çox böyüdüyünü müəllif hələlik dərk etmir. Ya da ki, xırda bir ehtimalla, sözgüdən sayt ona görə yaranıb ki, kimə və nə boya bir kütləyə xitab edəcəyini özü üçün dəqiqləşdirib qalıb-qalmayacağına, qayıdışın faydalı, ya zərərli olmasına qərar versin.

Amma hələ ki bu ehtimallardan yola çıxıb nəyəsə ümid bəsləməkdənsə, dünəndən bura hər kəsin qəbul etməli bir həqiqətlə yazıya nöqtə qoyaq:

"Əvvəlcə söz yaranıb" nə boyda həqiqətdirsə, Qaraqanın hansısa nəslə böyüklük eləməsi üçün əvvəlcə özünün böyüməsinin lazım olması da o boyda həqiqətdir.

# 5534 dəfə oxunub

Oxşar xəbərlər

İstiqlal Muzeyində “Birlikdə güclüyük” adlı tədbir təşkil olundu

İstiqlal Muzeyində “Birlikdə güclüyük” adlı tədbir təşkil olundu

16:06 21 dekabr 2024
"Nuhun izi ilə" sənədli filminin təqdimatı oldu

"Nuhun izi ilə" sənədli filminin təqdimatı oldu

15:47 21 dekabr 2024
Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

15:00 21 dekabr 2024
"Dinlər bədbəxtliyin məhsuludur..." - Aqşin Yenisey

"Dinlər bədbəxtliyin məhsuludur..." - Aqşin Yenisey

13:52 21 dekabr 2024
Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub - Milli dəyərlər necə məhv edilir?

Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub - Milli dəyərlər necə məhv edilir?

13:06 21 dekabr 2024
“Füzuli sevgisi” xalçasının təqdimatı oldu

“Füzuli sevgisi” xalçasının təqdimatı oldu

12:49 21 dekabr 2024
# # #