Dəli bir ağlamaq keçir könlümdən - Nüsrət Kəsəmənli

Dəli bir ağlamaq keçir könlümdən - Nüsrət Kəsəmənli
17 aprel 2025
# 14:11

Kulis.az Nüsrət Kəsəmənlinin “Dəli bir ağlamaq keçir könlümdən” şeirini təqdim edir.

Yüyürüb, yüyürüb dərə boyunca
Düşüm çəmən üstə qoy üzüqoylu
Öpüm bu torpağı,
öpüm doyunca;
Üzümə üz qoysun bu soyuq daşı,
Qoy şehə qarışsın gözümün yaşı...
Qurumuş bulaqlar içir könlümdən,
Dəli bir ağlamaq keçir könlümdən.

Könlünə dəydiyim,
incitdiyim qız,
Vüqar kölgəsində yatdığım bəsdir,
Odlu yanağından su içdiyim qız,
Bu qədər günaha batdığım bəsdir.
Daha dodaqların titrəməsin qoy,
Mən sənin qarşında titrəyim, əsim,
Səndən dünyaları istəmirəm, yox,
Məni bağışlasan, bəsimdir, bəsim.
Yan desən,
Alışıb yana bilərəm.
Don desən,
Yerimdə dona bilərəm!
İndi bilmişəm ki, ömür-gün gedir,
Ən gözəl hisslərim keçir könlümdən,
Qayıt!
Sən ömrümə təzəlik gətir;
Dəli bir ağlamaq keçir könlümdən.

Çoxdan qəbiristana düşməyir yolum,
O tənha məzarı ot basıb bəlkə.
Mənim soyuqluğum laqeydliyim
Onun sinəsinə od basıb bəlkə.
Bir daş var gözümün yaşına həsrət,
Dayanıb o giley heykəli kimi.
Əlim torpağına, daşına həsrət,
Yıxılıb üstünə mən dəli kimi
ağlayam gərək.
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək.
Şöhrətin üstünə yürüdükcə mən
İstəklər, arzular köçür könlümdən.
Sevgi dumanına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən.

Küləklər oynayır kənd evimizdə,
Tale baş götürüb aparır məni.
Hörümçək tor qurub pəncərəmizdə,
Həsrətim çırpınır o torda mənim.
Yarasa boylanır uçuq tavandan,
Bükülmüş dirəklər çat-çat olubdur.
Qorxudan divarın bağrı yarılıb
Qapılar çoxalıb dördqat olubdur.
Gedim divarına yalvarım onun,
Gedim qapıların qatı açılsın.
Gedim mən sonuncu dirəyi olum
Tavanlar çiynimə barı uçulsun...
Daşı daş üstünə qoyum təzədən.
Dəlisov küləklər əsir könlümdə!
Elə kövrəlmişəm,
Bilmirəm nədən
Dəli bir ağlamaq keçir könlümdən.

# 726 dəfə oxunub

Oxşar xəbərlər

Məhkəmə qərarını verdi: Bu məşhurları nə gözləyir?

Məhkəmə qərarını verdi: Bu məşhurları nə gözləyir?

13:15 6 noyabr 2025
"Sovetski"də 50-dən artıq tikiliyə tarixi bina statusu  veriləcək

"Sovetski"də 50-dən artıq tikiliyə tarixi bina statusu veriləcək

12:42 6 noyabr 2025
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

12:36 6 noyabr 2025
Moris Leblanın ikonik personajı - Arsen Lüpen kim idi?

Moris Leblanın ikonik personajı - Arsen Lüpen kim idi?

12:20 6 noyabr 2025
"Muğanın tacı", ağ qızılın qara biləkli Fatması...  - Nadir Yalçın

"Muğanın tacı", ağ qızılın qara biləkli Fatması... - Nadir Yalçın

12:00 6 noyabr 2025
“Tarixdə yaşayan Qələbə!”  adlı tədbir keçirildi

“Tarixdə yaşayan Qələbə!” adlı tədbir keçirildi

11:43 6 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər