Dayım öldü, anam üzünü cırdı

Dayım öldü, anam üzünü cırdı
10 iyul 2023
# 11:05

Kulis.as Vüqar Vanın “Ölümün fabulası ətrafında” adlı yazısını təqdim edir.

Bu gün dayım öldü. Anam üzünü cırdı.

***

Molla gələnə qədər Yasini mən oxudum. Ortada səs-küydən çaşdım, heç kim bilmədi. Çaşdığım ayəni təkrar oxudum. Qurtarandan sonra mənə dedilər ki, dua da oxu. Dedim ki, ürəyimdə oxudum.

***

Həyətə düşüb, onunla bağlı xatirələrimi yadıma saldım.

O, sərt idi. Kənddə yaşayırdılar. Həmişə onlara gedəndə maşın məni tuturdu. O dünyaya gedib gəlirdim çatanacan. Kəndin girəcəyindən evlərini tanıyırdım. Yaşıl rəngli ikimərtəbəli ev gözümə dəydisə, rahatlaşıb, özümə gəlirdim, bilirdim, çatmışıq.

Bircə dəfə söz açmazdı qəlbindəkindən.

Çoxlu alma ağacları vardı.

Boyu 1.80 idi. Güzgü qabağında yanında dayanıb tullanırdım, deyirdim, bir gün keçəcəyəm səni. Axırda keçdim.

“Padval” kimi bir yer qazmışdı. Orda saxlayırdı kartoflarını. Kartof lazım olanda məni salırdı quyuya. Nəfəs ala bilmirdim, tez yığıb çıxırdım.

Övladına bir dəfə can söyləməkdən,
Övlad üçün can verməyi asandı ona.

Nərd oynamağı öyrətmişdi mənə. Bir gün nərddə uddum onu. Hirsləndi, dedi cığallıq edirsən. Ana gəlib məni danladı ki, utanmırsan, day-dayı udursan?

Qəşəng şlyapaları vardı. Hansı şlyapası köhnəldi, mənə verərdi.

Səhər sübhdən onunla bir yerdə oyanıb, bağa düşürdük. Dayanmadan işləyərdi. Zəhrimara qalmış suyu heç vaxt düz-əməlli gəlməzdi. O borunu bu boruya, bu şlanqı o şlanqa calaq edib, birtəhər su çəkmişdi bağa. Şlanqları bir-birinə bağlayan şeyə “mufta” deyirdi. Yorulanda əlindəki beli bərkdən yerə sancardı. Arı yeşiklərinin yanında dayanıb ətrafı dinşəyərdi, baxardı. Mənə iş buyurardı. Gizli-gizli məni süzüb, gülərdi hərdən.

Şali adlı bir qonşusu vardı. Belibükük, qoca kişiydi Şali. Onu görəndə hərdən zarafatlaşardı.

Zəhmətsevər, ağır, enli, cod əli vardı.
Tale kimi endirərdi çiynimə hərdən.

Bir dəfə kənddə təzə məktəb tikirdilər. Bir yerdə ora baxmağa gedirdik. Qəfil cibindən bir dənə nazik siqaret çıxarıb, yandırdı. Onu ilk dəfə siqaret çəkən yerdə gördüm. Yaraşdırmadım. Pərt oldum. Özünə deyəndə, utandı, atdı. Bir-iki ağız da danladı ki, imkan vermirsən yaşamağa.

İbtidai sinifdə oxuyanda bizə gəlmişdi. Məni və bacımı yanına çağırıb Tarixdən suallar verirdi. Soruşdu ki, o hansı hökmdardır ki, qul kimi satılmağa aparılanda arabadan düşüb xilas olub?

Bacım bilmədi.

O vaxt mənasız bir fırlanan stolumuz var idi. Bilmirəm hardan gəlib düşmüşdü evə. Tam dövrə vurmaq olmurdu. Heç vaxt o stolda bütöv fırlana bilməmişəm. Cırıldıya-cırıldıya bir az gedirdi dayanırdı. Ana balış üzü tutanda, artıq qalan parçadan ona da üz çəkmişdi. Həmin stolun üstündə oturub düz sifətinə baxırdım. Gördüm bacım bilmədi, tez cavab verdim:

– Şəmsəddin Eldəniz.

Şlyapasını əliylə düzəldib, dedi:

– Halaldı.

***

Kəndə onlara gedəndə bitkiləri tanımadığım üçün əsəbiləşirdi.

Bir dəfə “krosno”nu qurdalayıb, kanalları silmişdim. Hirsindən dəli olmuşdu. Gedib bağda gizlənmişdim, axşama kimi gözünə görünməmişdim.

Bir neçə il qabaq şəhərə aparmışdım, teatra. Malakan bağında gəzəndə Xəzər TV-nin müxbiri yaxınlaşmışdı bizə. Soruşmuşdu, Elnarə Abdullayeva deyib ki, oğluma müğənni qız almaram. Buna münasibətiniz necədir?

Bilmirəm, nə cavab vermişdi, amma həmin kadrlara bütün qohum-əqrəba baxmışdı.

Axırıncı dəfə yanına gedəndə yataqda idi. Heç kimi tanımırdı. Məni görəndə əlimi tutub sıxdı. Neçə gün idi ki, yemək yemirdi. Bir az yanında oturdum. Əlimi buraxmadı. Xeyli baxdı, baxdı, baxdı.

***

14:01-də həkim gəldi... Ölüm haqqında arayış vermək üçün. Sənəd-mənəd.

Sənədin üzünü çıxarmağa məni göndərdilər. Yolda açıb baxdım.

“Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası

Ölüm haqqında Xəbərdarlıq vəsiqəsi.

Ağayev Həsənağa Fitat oğlu.

Ölümün ilkin səbəbi: Həkiməqədər ölüm.

2023-cü il”

***

Dayım beləcə öldü. Anam üzünü cırdı.

# 6742 dəfə oxunub

Oxşar xəbərlər

Kinomuzun kişi üzü - Anım

Kinomuzun kişi üzü - Anım

13:01 22 noyabr 2024
Şuşaya həsr olunmuş virtual sərgilərin təqdimatı keçirilib

Şuşaya həsr olunmuş virtual sərgilərin təqdimatı keçirilib

12:57 22 noyabr 2024
Elza Seyidcahan:  “Şeirlərim dərsliklərə düşür, kitablarımın hamısı alınıb”

Elza Seyidcahan: “Şeirlərim dərsliklərə düşür, kitablarımın hamısı alınıb”

12:23 22 noyabr 2024
Cennifer Lopesin yeni sevgilisi

Cennifer Lopesin yeni sevgilisi

10:53 22 noyabr 2024
Tanınmış xanəndə vəfat etdi

Tanınmış xanəndə vəfat etdi

10:10 22 noyabr 2024
Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

09:27 22 noyabr 2024
# # #