Məşhur bəstəkarın qızı: “Atamı zibillikdə dəfn eləmişdilər” – Müsahibə

Məşhur bəstəkarın qızı: “Atamı zibillikdə dəfn eləmişdilər” – Müsahibə
2 mart 2021
# 12:15

Bu gün Əməkdar incəsənət xadimi Tahir Əkbərin anım günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsində bəstəkarın qızı Bəhriyyə Əkbərlə müsahibəni təqdim edir.

- Bəhriyyə xanım, atanızı necə xatırlayırsınız?

- O, mənim yaddaşımda ən gözəl xüsusiyyətləri ilə qalıb. Sadə, səmimi, uşaq kimi kövrək... Ailənin ən kiçik üzvü mən olsam da atam məndən daha ərköyün idi. Hərdən elə bilirdim, mən onun yox, o mənim övladımdır (gülür). Son dərəcə həssas, eyni zamanda yumor hissi olan insan olub atam. Onun sevmədiyim cəhətlərindən biri həddindən artıq sadəlövh olması idi. Onu aldatmaq iki vur iki idi. Hər şeyə asanlıqla inanırdı.

- Tahir müəllim sakit təbiətli insan təsiri bağışlayırdı. Ailədə necə idi?

- Bəli, atam çox mədəni insan idi. Kənarda sakit təbiətli idi, amma ailədə işi ilə bağlı bir az çılğın və əsəbi, bir az narahat insan idi. Bu vəziyyəti uzun çəkmirdi. Uzağı beş dəqiqəyə əvvəlki vəziyyətinə qayıdırdı.

- Atanızdan sizə hansı xasiyyət miras qalıb?

- Demək olar, xarakterlərinin hamısı məndə var. Hərdən anama deyirəm, sən üzülmə ki, atam bizim yanımızda deyil. Onun həyatını mən davam etdirirəm. Atamın ruhunu daşıyıram mən.

- Musiqi ilə böyümüsünüz. Amma bu sahəyə tamamilə yadsınız. Heçmi həvəsiniz olmayıb musiqiyə?

- Doğrudur, musiqinin içində böyümüşəm, buna baxmayaraq heç vaxt atamın yolunu davam etdirmək istəməmişəm. Musiqidən qaçmışam həmişə.

- Niyə?

- Bilirsiniz, bizim yaşadığımız ev olduqca balaca və şəraitsiz idi. Hər gün gözümü atamın pianosunun səsinə açırdım. Xüsusilə səhər saatlarında işləməyi sevərdi. Adətən hər səhər saat 6-da durub keçərdi piano arxasına. Yuxumun şirin yerində o səslər məni dəli edirdi. Bir var mahnının tam eşidəsən, bu, insanı o qədər də narahat etmir. Bir də var, o mahnının yaranma prosesinə şahidlik edəsən. Möhtəşəm bir əsərin yaranmasının çox dəhşətli prosesi var. Mənə çətin idi həmin prosesə şahidlik etmək. Ona görə də bəstəkarların övladları ya əsəbi, ya da qorxaq olur.

- Tahir müəllimin sizdən başqa da övladı var. Aranızda ayrı-seçkilik etdiyini hiss etdiyiniz zamanlar olurdumu?

- O, mənimlə nəfəs alırdı. Atam Azərbaycanda yaşamayıb. On yaşından Azərbaycandan çıxıb, 36 yaşında Bakıya qayıdıb. Özbəkistanda musiqişünas bir xanımla ailə həyatı qurub. Evlilikləri uzunömürlü olmayıb. Bacım dünyaya gələndən sonra ayrılıblar. O, atamdan uzaq böyüyüb, mən atamla böyümüşəm. Amma heç vaxt atam bizi bir-birimizdən ayırmayıb. Hər zaman mənə deyirdi, çalış bacınla əlaqələrin kəsilməsin. Ancaq telefon, internet vasitəsilə görürük bir-birimizi, buna baxmayaraq, münasibətlərimiz çox yaxşıdır. Bacım Aidə Özbəkistanda yaşayır. Məndən 20 yaş böyükdür. Çox maraqlıdır ki, bizim hər üçümüzün doğum tarixi eyni rəqəmlə bitir.

1949-cu ildə atam dünyaya gəlib, 1976-cı ildə bacım, 1996-cı ildə mən dünyaya gəlmişəm. Hər üçümüz oktyabr ayında... Ümumiyyətlə, taleyimizdə oxşar nüanslar çoxdur.

- Ananızla münasibətləri necə idi. İkisinin arasında qaldığınız zamanlar olurdu?

- Mən mehriban ailə mühitində böyümüşəm. Onların mübahisələri ancaq atamın bəstələdiyi mahnılar üstündə düşürdü. Anam atamın mahnılarının ilk dinləyicisi olurdu. O, tənqidi fikirlərini söyləyirdi, atam da mahnılarını müdafiə edirdi.

- Atanızla bağlı ən kövrək xatirəniz hansıdır?

- Azərbaycan Dillər Universitetinin 3-cü kursunda oxuyurdum. Təhsil haqqını ödəyə bilmədiyinə görə atam babamdan yadigar qalan iki otaqlı evimizi satdı. Onun bu fədakarlığı məni çox kövrəltmişdi.

- Mütaliə ilə arası necə idi?

- Çox yaxşı. Köhnə mənzilimizdə atamın içində olduqca dəyərli kitablar olan böyük bir kitabxanası vardı. Dünya ədəbiyyatı nümunələrindən tutmuş, musiqi nəzəriyyələrinə qədər... Atamın sevdiyi əşyalar arasında iki şey vardı. Pianosu və kitabları.

- Bəs necə oldu o kitablar?

- Bir otaqlı mənzilə köçəndə yer olmadı deyə kitabları da həmin evin altındakı kitabxanaya verdi. Kitablarından ayrılmaq atam üçün çox çətin oldu.

- Tahir müəllim şairlərdən kimlərlə dostluq edirdi?

- Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Fikrət Qoca və digər xalq şairlərimizlə birlikdə işləyib. Ümumiyyətlə, şairlərlə münasibətləri çox yaxşı idi.

- Sənə mahnı bəstələyib heç?

- Yox atam belə şeyləri sevmirdi. Əttökənlik hesab edirdi belə şeyləri (gülür).

- Başqa uşaqlara mahnı bəstələyəndə sənə pis təsir etmirdi?

- Yox. Açığı, mənə maraqlı deyildi bu. Mən atamın mahnı bəstələməsini sadəcə onun işi kimi qəbul edirdim. Mənəvi tərəfini düşünməmişəm heç vaxt. Amma atam mənim kimi düşünmürdü, təbii ki. Onun üçün bəstəkarlıq həm də mənəviyyat məsələsi idi.

- Atanın sırf pula görə bəstələdiyi mahnılar olub?

- Yox. Ona qalsa, atam da gündəlik mahnılar yazardı. Mən də daha yaxşı şəraitdə böyüyərdim. Bir dəfə atam imkanlı bir ailənin nəvəsinə mahnı yazmışdı. Həmin ailə atama bahalı avtomobil hədiyyə etmişdi, amma atam geri qaytarmışdı avtomobilin açarını.

- Yəqin, buna görə atanıza acığınız tutub?

- Yox, mən bu barədə sonralar anamdan öyrəndim. Amma həmişə kaş atam bəstəkar olmazdı demişəm. Bəstəkar övladı olmaq məni heç vaxt xoşbəxt etməyib.

-Niyə?

- Ona layiq olduğu dəyər verilməyib. Bizim çəkdiyimiz o əziyyətlərə dəyməzdi. Bəlkə, o, özü də bu qədər haqsızlıqlarla rastlaşdığına görə bəstəkar olduğuna peşman idi. Atam tək mahnı bəstəkarı olmayıb axı. Azərbaycan musiqisinə iki yeni janr gətirib. Hər bəstəkar bunu bacarmır. “Simfonik rənglər” onun diplom işi olub, SSRİ Lenin Komsomolu Mükafatına layiq görülüb. Yeganə bəstəkar Tahir Əkbərdir ki, diplom işi ilə həmin mükafatı alıb. Azərbaycan müğənnilərinin 90 faizi onunla işləyib.

- İşlədiyi sənətçilərdən kimlər tez-tez yad edir Tahir Əkbəri?

- Aybəniz Haşımova və Firuzə İbadova tez-tez bizə baş çəkir. Atamın xəstəliyi dövründə də bu iki sənətçidən çox dəstək gördük. Amma atamın mahnıları, dəstəyi sayəsində məşhur olan müğənnilərin heç biri nə atamın xəstəliyi zamanı, nə vəfatından sonra bizim vəziyyətimizlə maraqlanmadı.

- Kimləri məşhur edib Tahir Əkbər?

- Məsələn, Nazpəri Dostəliyeva ilk dəfə 1996-cı ildə atamın “Sən bəyənmədin” mahnısını oxuyub. Anam deyir, hətta o vaxt bizim evdə ansambl da yığılıb. Atam onu efirə çıxarması üçün dostundan xahiş edib. Onların heç biri atam xəstə olanda onu yada salmadı.

- Atanızın yazdığı mahnını bəyənməyib, oxumaqdan imtina edən sənətçi olub?

- Olub. Azərin. Atam “El oğlu, hay ver” əsərini yazmışdı və o mahnını Azərinin ifa etməsini istəyirdi. Ona bu mahnının təqdim etmişdi, amma Azərin xanım mahnıya ağız büzmüşdü. Sonra həmin mahnının Aygün İsgəndərli ifa etdi. Mahnı 30 ölkə arasında birinci yerə layiq görüldü.

- Tez-tez sosial şəbəkədə atanın haqsızlığa uğradığını yazırsan. Atanla bağlı ən çox nə toxunur sənə?

- Hər şey. Ən çox onun məzar məsələsi yandırır məni. Sonra Bəstəkarlar İttifaqında onun fotosunun olmamağı mənə çox toxunur. Halbuki, atam ora şəkli vurulan bəstəkarların bəzilərindən daha çox töhfə verib. Sağ olanda layiqli qiymətini vermədilər, heç olmasa, dünyasını dəyişəndən sonra ona layiq olduğu dəyəri verərdilər. Mənim atam bunu haqq edirdi.

- Səbəbi ilə maraqlandınız hansı arqumenti gətirdilər?

- Dedilər, bu lövhədə yalnız Xalq artistlərinin şəkli asılır. Tahir Əkbər Xalq artisti deyil. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Xalq artistidir hazırda. Nə yazıb, hansı əsərləri ilə yadda qalıb? Bu gün Firəngiz Əlizadəni bir bəstəkar kimi xalq arasında kim tanıyır? Amma hər səhər efirdə, radioda Tahir Əkbərin mahnıları səslənir.

- Hansı hissləri keçirirsən o mahnıları eşidəndə?

- Əsəbiləşirəm. Mən atamın mahnılarına qulaq asmaq istəmirəm.

- Nə üçün?

- O mahnıların atamı əlimdən aldığını düşünürəm. Atam o mahnılara ömrünü verdi, amma layiqli qiymətini ala bilmədi. Bir hadisə danışım sizə. Atam təzə rəhmətə getmişdi. Bizim maddi vəziyyətimiz çox pis idi. Mən universitetdə oxuyurdum. Cibimdə 20 qəpik yox idi ki, avtobusla evə gedim. Dənizkənarı parkla evə gedirdim. Gördüm, bulvardakı restoranlardan birindən atamın mahnısı səslənir. Xarici turistlər ayaq saxlayıb atamın mahnısını heyranlıqla dinləyir və mahnı haqqında fikirlərini söyləyirdilər. Mən də o turistlərin yanında dayanıb kafeyə baxırdım. Yaxınlaşıb o mahnının müəllifinin mənim atam olduğunu deyə bilmədim. Təsəvvür edin, turistləri heyran qoyan mahnının müəllifinin qızı evə getmək üçün 20 qəpik tapmır. Bu əhvalat heç vaxt yadımdan çıxmaz.

- Tahir müəllimin fəxri ad almasının hər dəfə qarşısını kəsiblər. Bu faktlar ona necə təsir edirdi?

- Əlbəttə, atam bunları bilirdi. Atam həssas insan olduğu üçün hamısını ürəyinə salırdı. Elə bu fəxri ad məsələsi də atamın sonunu gətirdi.

- Necə?

- Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə zəng vurub atamı təbrik etdi, dedi, adın fəxri ad alanların siyahısına salınıb. Atam uşaq kimi sevinirdi. Hətta, sevincindən ağlayıb anama dedi, Aybəniz, axır ki, məni də gördülər. Bu adın atam üçün mənəvi əhəmiyyəti var idi. Axşam xəbərlərində atam oturub həmin siyahıya qulaq asırdı, adı çıxmadı. Atam çox pis olmuşdu. Sınmışdı. Ondan sonra ağır iflic keçirtdi.

- Atanızı dəfn olunduğu yerdən çıxarıb babanızın məzarında dəfn etməyiniz rezonans doğurmuşdu.

- Atamın dəfn olunduğu yer ona layiq deyildi. Qamışlıqda, zibillikdə dəfn olunmuşdu. Atasının məzarında dəfn olunması isə atamın vəsiyyəti idi. Onun özü də sağlığında deyərdi: “Əgər mənə Azərbaycan musiqisinə verdiyim töhfələrə uyğun yer ayrılmasa, onda məni atamın məzarında dəfn edərsiniz”.

- Tahir müəllimin son vəsiyyəti nə olub?

- Mənə demişdi ki, əgər məni dəyərsiz şəkildə dəfn etsələr, əsərlərimin ifasına qadağa qoy. İndi mən də atamın vəsiyyətini yerinə yetirəcəm. Bunu bir neçə dəfə artıq səsləndirmişəm. Bəzi ifaçılara atamın mahnılarını oxumağa qadağa qoyacağam.

# 17155 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #