Əliağa Vahidin oğlu: “Atamın çox sevgililəri olub” – Müsahibə

Əliağa Vahidin oğlu: “Atamın çox sevgililəri olub” – Müsahibə
14 iyun 2021
# 13:35

Kulis.az Əlağa Vahidin oğlu Ramiz İsgəndərovun APA TV-yə müsahibəsini təqdim edir.

“Yansın dilim ağzımda desəm, nazını az et,
Naz et mənə, ey sevgili canan, mənə naz et”.

“Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü-dana dəlidir”.

Bu sətirləri Azərbaycanda az qala hər kəs əzbər bilir, müəllifini də çox adam tanıyır. Söhbət qəzəlxan şair Əliağa Vahiddən gedir.

Cəmiyyət həyatına fəhlə kimi gəlsə də, şeirə olan marağı Əliağanı mütaliəyə sövq edir. O, erkən yaşlarından böyük şairimiz Məhəmməd Füzulinin bir çox qəzəllərini əzbərdən bilir, Mirzə Ələkbər Sabirin satiralarının sadə deyim tərzindən təsirlənir, Seyid Əzimin mənzum hekayələrini, qəzəllərini dönə-dönə oxuyur. Bu zamanlar Əliağa şairlər məclisində - “Məcməüs-şüəra”da keçirilən Əbdül Xaliqin şeir gecələrinə gedir. Bura yığışan cavan şairlər onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Əliağa öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əliağaya “Sən bu təbinlə vahidsən” deyib, Vahid ləqəbini ona verir. Çox keçmədən Sabiranə şeirlərlə mətbuatda görünməyə başlayan Əliağa Vahidin ilk şeiri 1914-cü ildə çap olunub.

Bu dəfə sizə XX əsrin məşhur qəzəlxan şairi və meyxanaçısı, əməkdar incəsənət xadimi Əlağa Vahidin həyat və yaradıcılığına onun oğlu Ramiz İsgəndərovla bərabər nəzər salacağıq.

- Ramiz müəllim, necəsiniz?

- Yaxşıyam.

- Əliağa Vahidin oğlu olmaq hər insana nəsib olan bir qismət deyil, Sizə nəsib olub. Necə gedir Əlağa Vahidin oğlunun həyatı?

- Mən də atam kimi şeirlər yazıram. Ramiz Əliağa Vahidoğlu imzası ilə çap etdirirəm. Əvvəl satirik şeirlərim çıxardı “Ədəbiyyat və incəsənət” jurnalında. Sonra Nəriman Həsənzadəyə dedim ki, Ramiz Əliağa Vahidoğlu imzası ilə çap edin siz də yazılarımı, nəsə razı olmadı. 300-dən artıq satirik şeir yazdım, hər biri dörd bəndlik Sabir, Əlağa Vahid kimi. (Şeirini deyir)

Atam Əliağa Vahid 17 fevral 1899-cu ildə Bakı şəhərində anadan olub. Mənim anam Mehdiyeva Şəhrəbanı Nəcəf qızı evdar qadın idi. Özü də atamın sevgilisi olub. Düzdür, atamın çox sevgililəri olub, amma anam - Şəhrəbanu xanım tək sevdiyi qadın olub.

No description available.

Atam Əliağa Vahid Cüvəllağı imzası ilə “Dolaşma” adlı şeirini yazıb. Sonra 1911-ci ildə “Molla Nəsrəddin” jurnalında çap etdirir. Sonra səhvən Əliqulu Qəmküsar şeiri öz kitabında çap etdirib. Amma o şeir atamın şeiri olub.

- Deyirlər ki, Əlağa Vahid kasıb olub, hər zaman kasıblıq içində yaşayıb. Nə dərəcədə düzdür bu?

- Yox, qətiyyən. Mənim atam kimi dövlətli adam yox idi. Olduqca sadə adam idi. Danışanda dil-dil ötürdü. Bir dəfə atam məni özü ilə kababxanaya apardı. Orda İrandan gələn adamlar vardı, atamı tanıdı. Dedi, olar siz bizə bir şeir yazasınız? Atam da soruşdu adın nədir, dedi, Cavad. Atam da onun adına uyğun bir şeir yazdı. Həmin Cavad o vaxtın demokratlarından idi. Onlar da atama on dənə onluq verdilər yüz manat. O, həmin pulları mənə verdi dedi ki, apar evə. Atamın pulu çox idi, özü də yeyib içən adam idi.

- Necə xatırlayırsınız uşaqlığınızın keçdiyi Dağlı məhəlləsini?

- Məktəbə 1957-ci ildə getmişəm. Bir dəfə yolda bir qadın mənim qabağımı kəsdi ki, kimin oğlusan, dedim, Vahidin. Dedi, hansı, o şair Vahidin? O kişi bilirsən necə böyük adamdır? Ondan sonra mən fəxr eləyirdim ki, mənim atam böyük insandır.

Atamla Bağırov yaxın dost olublar. O vaxt on min manat pul, bir də Ağa Nemətulla küçəsində bir otaqlı ev vermişdi atama.

- Ramiz müəllim, deyirlər Əlağa Vahid bir az içən adam olub?

- Yox, razı deyiləm. Atam içki düşkünü olmayıb.

- “Qəzəlxan” filmində Loğman Kərimovun yaratdığı Əliağa Vahidin obrazından razısız?

- Xeyr, o filmdə Vahid qan qusur. Mənim atam heç vaxt qan qusmayıb. Atam yeyib içən adam idi. Toylara gedirdi qəzəlxan kimi. Meyxana deyirdi meyxanaçı Ağahüseynlə. O filmi biz şikayət etmədik, amma çox narazıyam o kinodan.

Müsahibimizlə söhbətimizi Əliağa Vahidin ev-muzeyində davam etdirmək üçün Ramiz müəllimin mənzilindən ayrılırıq. Vahidin ev muzeyi deyərkən fikrimizə ilk gələn şairin yaşayıb yaratdığı ev, nəfəsi hopan, toxunduğu əşyaların mövcud olduğu mənzil oldu. Amma Yasamal rayonundakı Əlağa Vahid adına kitabxana-muzeyə gələndə təəccübümüzü gizlədə bilmədik. Böyük şairin xatirələri balaca bir otağa sığdırılıb: “Bura əvvəllər mənim işlədiyim kitabxana olub. Elə muzeyi də mənim təşəbbüsümlə yaradıblar. Baxın, burada atamın şəkilləri var. Bu şəkildə dostları ilə kurortdadır. Burda qohumları ilə bərabər şəkil çəkdirib. Bu şəkildə isə mən, atam və anamdır”.

Olduqca güclü hafizəsi Vahidə sinədəftər olmaq imkanı qazandırıb. O, vəfatına qədər bütün şeirlərini ərəb qrafikası ilə yazıb. Elə muzeydə də son əlyazmalarından biri sərgilənir.

Şairin övladı ilə atasının məzarını ziyarət etmək də bizə nəsib oldu. Ramiz müəllim əvvəlcə atasının məzarı başında Quran oxudu. Daha sonra yenidən Vahidli günlərinə qayıtdı. Deyir, atam içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. O zaman Mircəfər Bağırova repressiya ilə bağlı bir siyahı veriblər. Vahidin adı da orada olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan bir adamdır, ondan bizə nə ziyan gələcək? Əliağa Vahidə əməkdar incəsənət xadimi fəxri adını da Mircəfər Bağırov verib.

Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir.

Əliağa Vahid adı kimi tək oldu, özündən sonra o istedadda davamçısı gəlmədi. O, XX əsr qəzəlinə, türk əruzuna vahid olaraq gəldi, vahid olaraq da getdi. Əliağa Vahid 1965-ci il oktyabrın 1-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Vahidin dəfni Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli və Səməd Vurğundan sonra Bakıda ən izdihamlı dəfn mərasimi sayılır.

İlahə Vəliyeva

# 6599 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
# # #