Sosial şəbəkələrin amansızlığı: yıxılan bütlər, ifşa olan məşhurlar – Sərdar Amin yazır...

Sosial şəbəkələrin amansızlığı: yıxılan bütlər, ifşa olan məşhurlar – Sərdar Amin yazır...
24 aprel 2020
# 14:30

Kulis.az Sərdar Aminin “Sosial şəbəkələrin dağıtdığı bütlər” yazısını təqdim edir.

Kütləvi İnformasiya Vasitəsi ilə qazanılan şöhrət sosial şəbəkədə əldə olunan məşhurluqdan xeyli fərqlənir; eynən şaftalı-qaysı müqayisəsi kimi, oxşar olduqları qədər də ayrı dada malikdirlər.

Adlarından göründüyü kimi biri vasitədir, digəri şəbəkə. Vasitə lazım gələrsə, rıçaqa da çevrilir, subyektivləşdirilir, amma şəbəkə kollektiv məsələdir. (Mahiyyətinə vardıqda sosial şəbəkə də böyük bir rıçaqdır. Amma ayrı kontekstdə)

Ənənəvi KİV birtərəflidir, (söhbət Klassik İnformasiya Vasitələrindən gedir – televiziya, radio, qəzet, jurnal və s.) sənə təqdim olunanı oxuyursan, dinləyirsən, baxırsan... Düzdür, razılaşmamaq haqqın var, amma KİV məhsuluna qarşı olan bu haqqın adətən “əlində-ovcunda” qalır, donquldaya-donquldaya oturursan yerində. Evdə kimsə olmayanda bir-iki ağız söyə də bilərsən, amma şahidin divarlar. Bu üzdən ənənəvi KİV adətən diktə edən tərəf imicindədir.

Onlayn media isə əlaqəni bir az dəyişdi, artıq mətbuat orqanları daha əlçatan oldu. Elə bu zaman meydana sosial şəbəkələr çıxdı və gün-gündən kütləviləşməyə başladı. Öncə məktəblilərin söhbət plastı kimi düşünülən bu platforma hazırda hər kəsin tribunasına çevrilib; ağa da orda hayqırır, nökər də orda pıçıldayır.

Sosial şəbəkələr ənənəvi KİV-dən fərqli olaraq birtərəfli deyil, baxana da, baxılana da eyni hüququ tanıyır.

İlk baxışdan sosial şəbəkədə baxılan olmaq, məşhurluq qazanmaq çox rahat görünür; “canlı yayım” butonunu bas, sözünü de. Amma ardınca gələn məsuliyyət bu rahatlığının burnunun üstündən elə vurur ki! “Sözünü de, amma nə deyəcəksən?”

Milyardlarla adam eyni anda eyni imkana malikdir, bacarırsan bunca şəxsin arasından seçil, elə et ki, tamaşaçı sənə baxsın.

Sosial şəbəkə mühitində məşhurluq qazanmağın məziyyətləri və əziyyətlərini saf-çürük edəndə ən çox diqqətçəkən məqam odur ki, bu platformada sən iradı da, alqışı da anında alırsan. Hər şey onlayn baş verir. Bu proseslə TV, radio təqdimatında ad-san qazanmağı müqayisə etmək qəti mümkün deyil.

Məsələn, sosial şəbəkədə canlı yayım açıb vətənpərvərlik mövzusunda bar-bar bağıran bir məşhurun yayımına “dünənki uşaq”lardan biri şərh yazır:

“Məllim, zəhmət olmasa, stolun üstündəki bayrağı düzgün qoyun, yaşıl rəng aşağıda olmalıdır”.

Bitdi!!! Müəllimin az əvvəl Lullubilərdən başlayıb bugünkü Azərbaycana çatdırdığı uzun monoloq bununla da iflasa uğradı. “Dünənki uşağ”ın rəyi illərin müəlliminin canlı yayımından çox “like” qazandı.

TV-də, ələlxüsus da sovet televiziyasında tanıdığımız məşhurları efirə tamam başqa don geyindirib çıxarırdılar. Kişilər xarizmatik, qadınlar zərif! Kişilər atam-qardaşım, qadınlar anam-bacım... Həmin dövrdə müğənnilər, aktyorlar, incəsənət adamları dünyanın ən ağzıtəmiz, saf adamları kimi gəlirdi bizə. İllər keçdi, kulisdə həmin adamlardan nələr eşitdik, nələr gördük!

Bizə ütülənib, yontalanıb təqdim olunan bir çox artistlər, yazıçılar sosial şəbəkə izləyicisi ilə üz-üzə qalanda puç qoz qabığı kimi xıncım-xıncım oldu. Sosial şəbəkə özünün yetişdirmədiyi qəhrəmandan intiqamı ağır alır.

Yeddiqat senzuranın o tayından əlini yellədib, yırğalanıb bizi gözəl sabahlara səsləyən tumar-şumal müğənniləri cazibədar edən, sən demə, beş aylıq hamilə qadının qarnı kimi qabarmış mavi ekranlar imiş. O məşhurlar mavi-boylu ekranlarla birgə çiliklənib yoxa çıxdı. Həmin bütlərdən, miflərdən yerdə qalan isə bığlı dayılar, piyli xalalar oldu.

Bəziləri isə özlərini sosial şəbəkələrdən uzaq tutaraq dalana dirənmiş məşhurluqlarını bir neçə il tində, bucaqda hərləyə bildilər. Lakin şəbəkələrin amansız müdaxiləsi ilə “sonuncu mogikan”lar da əsl mahiyyətlərini hayqırmalı oldular. İnanın, Zeynəb Xanlarova, Anar, Fikrət Qoca bu gün sosial şəbəkə hesabı açsa, qısa müddətdə qalan imicləri də yerlə yeksan olacaq.

Televiziyanın, kinonun, teatrın sovet pafosu ilə bizə “tanıtdığı” bu insanların öz məşhurluqlarının quluna çevrildiyi zaman çöldə başqa proses gedirdi. Həmin şəxslərin ciddiyə almadığı, ağız büzdüyü yeniliklər qısa müddətdə trendə çevrildi və ona qıyqacı baxanlara qarşı amansız istismarlara başladı.

İnanın, özünü sosial şəbəkələrdən uzaq tutan əksər qocalar mənə partlamayan minalar kimi görünür, yaxud da sürpriz qutusu. Sanki bu adamlar böyük bir qutudur, qalstukları da qutunun bantı! Bantı dartırsan... Sürpriiiiiz! Qutu bombalan-boş!

Sosial şəbəkələrin məşhurlaşdırma mexanizmi də olduqca qəribədir. O, istədiyi şəxsi anında qaldıra, anında da cəmiyyətin sonuncu adamına çevirə bilir.

Yuxarıda qeyd olunanlarla yanaşı onu da vurğulamaq vacibdir ki, şəbəkələrin məşhurlaşdırma və xar etmə funksiyası həmişə ədalətli olmur. Bu tendensiya insafsızdır. Sosial şəbəkədəki kütləvi psixoz, psixoloji epidemiya proqnoza gəlməyən əməllərə imza atır. Bəzən trolların yaratdığı bir “trend” gündəmə çevrilir. Dəxlsiz əməlinə görə, kimsə qəhrəmana dönür. Bir başqası durduğu yerdə “xalq düşmən”i olur. Sosial torun mövcudluğu halında “qəhrəman” və “düşmən” olmaq an məsələsidir.

Məsələn, 3 il əvvəl istedadlı aktyor Vüsal Rzasoy bir gecənin içində ölkədə məzmunsuz səbəblə məşhurluq qazanmışdı. Çalışdığı teatr, oynadığı rollar, ifalar, yazdığı yazılar, statuslar məşhurluq gətirmədiyi halda “Ayə harya gedirsən” cümləsi onu bir gecənin içində hamıya tanıtdı.

Gecə saat 12-də yatağına qəhrəman kimi girmiş şəxs səhər gözlərini açanda “xalq düşməni” olduğunu görər; sosial şəbəkə adamı durduğu yerdə, yox, hətta yatdığı yerdə də “vətən xaini” eləyə bilir.

Şəbəkənin insanları istədiyi formaya salması xoş tendensiyadırmı? Bu, artıq başqa mövzudur. Lakin bəlli olanı odur ki, bu tendensiyadan qaçmaqla heç kim canını qurtara bilmir. Nə qədər gec deyil, isti-isti hər kəs özünü bu suya atmalıdır. Nuh da tufan gələndə dağa qaçmamışdı, gəmi düzəltmişdi.

# 6465 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
#
#
# # #