Kulis.az APA TV-nin aparıcısı, jurnalist Sevinc Vaqifqızının Ağdamla bağlı yazısını təqdim edir.
Ağdama gedirəm...
Arzular şəhərinə, doğulduğum, 16 yaşımadək xoşbəxt uşaqlıq illəri yaşadığım şəhərimə...
Həftənin 5-ci gününə planlaşdırılan Ağdam səfərinə gedəcəyimizi qızımdan başqa heç bir doğmama deməmişdim. Bilirdim ki, başda anam olmaqla hamı nigaran qalacaq. Gecəni dirigözlü açdım. Axı 44 yaşımdan 16-ya atalı-analı günlərimə dönəcəkdim.
Bilirsiniz necə hissdir, doğulduğun yurd-yuvana həsrət böyümək? 16 yaşından 44 yaşınadək “məcburi köçkün” adının ağırlığı ilə yaşmaq nə qədər ağır oldu bilirsinizmi?... Qapımıza elçi gələn oğul anasının “Mən sənə yataqxanadan, məcburi köçkün qızı almaram” deməsini eşidib böyümüşdüm mən və yüzlərlə mənim kimi qarabağlı qızlar... Heç onda dərk etməmişdim Ağdamsızlığı, demişdim ki, sevgi fədakarlıqdır, əgər fədakar deyillərsə ömrün sonuna qədər onunla addımlamağa dəyməz. Bu hadisədən atam anamdan çox sarsılmışdı... Çünki, o mənim tək atam yox , dostum, yoldaşım, hər şeyim idi.... Onun ağaran saçlarında, qəmgin gözlərində idi Ağdam həsrəti. Hər kəlməsinin başında deyilərdi “əgər Ağdam olsaydı” ifadəsi. Dünyada hər şeydən çox sevərdi Ağdamı, elə məndə Ağdamı atamın sevgisiylə sevirəm. Ağdamın işğalının 17-ci il dönümündə qəflətən dünyasını dəyişdi atam... İyulun 23-də... O, günə qədər də, elə bu gün də kaş tarixdən həmin gün, həmin rəqəm silinərdi deyirəm. Silinmədi, ağrılarımı içimdə uyuda-uyuda Ağdama yol almışdım, ürəyimlə danışa-danışa...
Səhərin 5-ində Bakıdan çıxdıq... Yol boyu danışmadım, dilim tutulmuşdu elə bil. Bizimlə birlikdə Ağdama səfər edən həmkarlarım “Sevinc gözün aydın, bizə həyətinizdə bir çay süzərsən içib qayıdarıq” deməsi az da olsa sakitləşdirmişdi ürək döyüntülərimi... Elə hey məni ovudurdular.
Amma... Biz Ağdamın girişində həmkarlarımız Sirac və Məhərrəmin minaya düşüb şəhid olduqları xəbərini eşidirik. Bir an dünya başımıza fırlanır, hamımız bir ağızdan “yox ola bilməz” əgər düz olsa APA yazardı deyirik, bir-birmizə. Bəlkə yaralıdırlar, bəlkə məlumatda yanlışlıq var deyə, hamımız bir-birimizdən cavab gözləyirik. Bir neçə dəqiqə postda dayanırıq. Məlumat təsdiqlənir. 5 il bizimlə APA TV-də operator kimi çalışmış Siracın zarafatları düşür yadıma. Məhərrəmin 44 günlük Vətən Müharibəsində jurnalist kimi fədakarlığı keçir gözümün önündən. Paramparça oluruq, hamı bir-birinə sıxılıb ağlayır.
Bu ağrının ağırlığı ilə Ağdama daxil oluruq. Avtobusdan hamıdan sonra düşürəm.. Ayaqlarım sözümə baxmaz deyə düşünürəm. Nəhayət 28 ildən sonra sarılıb qucaqlayacağım mənim viran şəhərimə ağlaya-ağlaya girirəm. Bizi qarşılayanlar, təsəlli edir. İlk xahişim, çəkilişləri bitirim məni evimizə aparın-deyə müraciətim olur. Yaxşı, sakitləşin, vəziyyətə baxaq, mümkün olsa mütləq deyirlər.
İlk dayanacağımız İmarət olur. Erməni vandallığının qurbanı olmuş, digər tarixi abidələrimiz kimi İmarətdə yerlə-yeksan edilib. Operatorum dayanmadan çəkiliş edir, boğazım quruyub, haradan necə başlayacağımı bilmirəm... Ətrafa boylanıb Ağdamı xatırlamağa çalışıram... Vaxt azdır deyirlər və çəkilişlərə başlayıram.
Çəkilişlərə verilən az vaxt çərçivəsində hər daşı, hər divarı kameramızın yaddaşına köçürürük.
Havası sərin, göy üzü parçalı buludlu....Amma bir sakitlik, əminlik vardı mənim qürurlu şəhərimdə...
Evimizə istəyirəm... Uşaq kimi ağlaya-ağlaya sarılmaq istəyirəm bağrı dəlik-deşik olan divarlara . İcazə vermirlər... Uzaqdan 28 illik həsrətini çəkdiyim məhəlləmizə baxıb köks ötürürəm. Sən demə taleyimizə bu da yazılıbmış... Bax, seyr et, şükür et, amma yaxın getmə...
Şükür edirəm ki, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına çatdığımız mənim işıqlı şəhərimdə ayaqlarımız öz torpağımızdadır...
Həyətimizdən atamın məzarı üçün torpaq götürmək arzum yenə ürəyimdə qalır... Axı yenə sevincimi tam yaşaya bilmədim. Mən darıxdığım doğma yurduma belə sarılmayacaqdım deyirəm... Havasını ciyərlərimə çəkib şükür edirəm.... Bir gözüm gülür...Digəri isə...
Nə deyim, ayrılanda necə sağollaşım sənlə mənim viran şəhərim? Bilirəm, illər sonra sən əvvəlkindən də gözəl olacaqsan, yenə ucalacaqsan, yenə dirçələcəksən. Yenə dəli-dolu ağdamlıları bir yerə toplayacaqsan. Küskünlüyün keçəcək... Yenə sığınacağıq sənə, yenə ovudacaqsan bizi... Bəlkə onda sənsiz ölən ağdamlıların da ruhu şad olacaq... Atam kimi....