Döyüş bölgəsindən qayıdan fotoqraf: “Ermənilərin hərbi hissəsinə girmişdik” – Müsahibə

Döyüş bölgəsindən qayıdan fotoqraf: “Ermənilərin hərbi hissəsinə girmişdik” – Müsahibə
9 dekabr 2020
# 09:00

Kulis.az bu günlərdə cəbhə bölgəsində olmuş fotoqraf Səfiyar Məcnunla müsahibəni təqdim edir.

- Səfiyar, istəyirəm ilk olaraq fotoqraf peşəsinə həvəsinin nə vaxt və necə yarandığından danışasan.

- Öz ixtisasım gömrük ekspertidir, amma ömür boyu gördüyüm, bacardığım, pul qazandığım yeganə iş fotoqrafiya olub. Başqa heç bir işlə məşğul olmamışam.

- Neçə yaşından başlamısan?

- Təxminən 10-11 yaşım olanda valideynlərim ad günüm üçün nə hədiyyə istədiyimi soruşanda fotoaparat istədim. Heç niyə istədiyimi də bilmirəm. Onlar da aldılar. Elə o vaxtdan da başladım bu peşə ilə maraqlanmağa, öyrənməyə. Fotoaparatımın 36 kadrlıq fotoplyonkası var idi, 6 dənə şəkil çəkə biləndə sevinirdim, hamısını “yandırırdım”.

- Bu sahənin gəliri necədir? Səni qane eləyir?

- Fotoreportyorlar üçün, fotomüxbirlər üçün gəlir çox pisdir, yəni çətindir. Fotoqrafiyanın məişətə qarışan hissəsi daha gəlirlidir. Toy, nişan, ad günləri və s. Sırf sənət baxımından isə bu sahədə demək olar heç bir gəlir yoxdur.

- Sən bəs toy-nişan çəkirsən?

- Sevməsəm də, çəkməyə məcburam...

- Bəs Qarabağ savaşına fotoqraf kimi yollanmaq arzusu səndə nə vaxt və niyə yarandı?

- Qarabağa getmək istəyi 30 ildir ki, hamımızda var, amma müharibənin elə ilk günündən ora getmək istədim. Hətta bir əsgər kimi savaşmaq üçün də könüllü kimi yazılmışdım, amma yaşım 30-dan yuxarı olduğu üçün ehtiyac duymadılar. Mən də öz “silahımı” götürüb cəbhəyə yollandım.

- İcazəni necə aldın? Bir çox həmkarın icazə ala bilməmişdi.

- Fotomüxbir, fotojurnalist kimi bir çox media qurumuna dəfələrlə müraciət elədim, yalnız birindən iki günlük icazə ala bildim və Cəbrayıla kimi getdim. Baxmayaraq ki, qarabağlıyam, Laçındanam, ora getmək istəyi tək Vətənə olan sevgimdən yox, həm də öz peşəmə olan sevgidən yaranmışdı.

- Səncə, biz bu müharibədə fotoqrafların “silahlarından” nə dərəcədə yaxşı istifadə edə bildik?

- Çox az istifadə edə bildik. Yəqin, bu, daha çox qoyulan sərt qaydalara görə idi. Qaynar nöqtələrə jurnalist və fotoqraflar buraxılmırdı. Hətta xarici jurnalist və fotoqrafların buraxıldığı bəzi nöqtələrə də bizə icazə vermirdilər.

- Yəqin, qadağalar təhlükəsizlik üçün imiş.

- Təbii ki. Bunların hamısını anlayışla qarşılayırdıq. Lakin bir məsələ də var ki, biz onsuz da icazə verilməyən, ordunun və ölkənin ziyanına olacaq paylaşımlar edəsi deyildik.

- Ümumiyyətlə, səncə, fotoqraflar müharibə zamanı bizə nə qazandıra bilər?

- Ən əsası fotoqrafiyanın müharibədən yetərincə sənədli kadrlarımız olacaqdı. Həmçinin, əsgərlərin çəkdiyi şəkilləri, videoları biz daha peşəkar, daha gözəl çəkəcəkdik. Həm də əsgərlərimizdən fərqli olaraq, biz bunu icazəli və ordu üçün heç bir təhlükə yaratmadan edəcəkdik. Bunun olmamasının, əsgərlərimizin ehtiyatsızlığı, icazəsiz videolar, şəkillər yaymasının fəsadlarını gördük. Düşünürəm ki, peşəkar fotoqraflara icazə verilsə, torpaqların işğaldan azad olunmasını daha sənətsəl, daha yaradıcı təqdim edə bilərdik.

- Orada rastlaşdığın, ən çox yadında qalan hadisə nə oldu?

- Ermənilərin hərbi hissəsinə girmişdik. Böyük hərbi hissə idi, şəhərcik kimi. Məni təəccübləndirən o oldu ki, girdiyimiz evlərdə stolda yemək gördüm, marketlərin işıqları yanılı, restoranların qapıları açıq idi. Maşınları həyətlərində qalmışdı. Yəni, bizim ordunun hücumu onlar üçün elə qəfil, gözlənilməz olmuşdu ki, heç nə edə bilmədən, nəsə götürə bilmədən qaçmışdılar. Bu, mənim çox xoşuma gəldi. Çünki ordumuzun gücünün, necə qəfil və güclü hücum etdiyinin göstəricisi idi.

- Yaralı əsgər, şəhid, ya düşmən cəsədlərdi görmədin?

- Düşmən cəsədi gördüm. Bizim əsgərlər düşmən meyitlərinə yaxın durmurdular, götürmürdülər. Buna həm vaxt, həm də şərait yox idi, çünki qızğın döyüşlər gedirdi. Öz yaralı əsgərlərimizdən də gördüm, çox operativ şəkildə səngərdən gətirib hospitalda ilkin yardım edib Bakıya göndərirdilər.

- Söhbət edə bildin onunla?

- Xeyr. Belə bir fürsətim olmadı.

- Amma digər hərbiçilərlə söhbətlər etmisən yəqin...

- Bəli. Əsgərlərimizlə, zabitlərlə çox söhbətlər etdim. Hiss edirdin ki, bu adamlar torpaqları uğrunda lap 10 dəfə də ölməyə hazırdırlar. Milli qeyrət hissi güclərini, cəsarətlərini o qədər artırmışdı ki, bu, açıq hiss olunurdu. Bir nəfərin belə qorxduğunu, ya hansısa əmrdən yayındığını görmədim. Hamı ölümü gözə almışdı.

- Torpaqlar işğaldan azad olundu. Bəs indi sənin Qarabağla bağlı bir fotoqraf kimi nəsə planın var?

- Əlbəttə, var. Məncə, tək mənim yox, bir çox fotoqrafın Qarabağla bağlı planları var. Ən birinci planım budur ki, orada dağıdılmış abidələrin, tarixi yerlərin, kəndlərin, evlərin, küçələrin talan edilməsini, meşələrin yandırılmasını, ağacların kəsilməsini, bir sözlə düşmənimizin vandallığını öz fotolarımla sənədləşdirmək istəyirəm. Digər planım isə həmin yerlər yenidən bərpa olunduqdan sonra oraların şəkillərini çəkmək, “əvvəl və sonra” formatında təqdim etməkdi.

- Dünya fotoqrafiyası ilə bizim fotoqrafiyanı müqayisə edəndə vəziyyət necə görünür?

- Beynəlxalq fotoqrafiya müsabiqələrdə biz sonuncu onluqda oluruq. Bu da ölkədə fotoqrafiyanın lazımınca ciddiyə alınmamasına görədir. Bundan da vacib səbəb, İncəsənət Universitetində “Fotoqrafiya” fakültəsinin olmamasıdır. Belə bir fakültə yaradılsa, orda yaşlı, peşəkar fotoqraflarımız tələbələrə dərslər keçsə, bu işin praktikası ilə yanaşı nəzəriyyəsini də tədris etsələr, daha peşəkar fotoqraflarımız ortaya çıxar. Müxtəlif janrlarda - təbiət, portret, müharibə janrlarında beynəlxalq “A” kateqoriyalı müsabiqələrdə heç olmasa ilk onluğa düşən fotoqraflarımız olar. O potensial bir çox fotoqrafımızda var. Daha da inkişaf etdirmək lazımdı bu potensialı. Təhsil olmadığı üçün müxtəlif kurslarla, təlimlərlə nəsə öyrənməyə çalışırıq. Lakin bu, arzuladığımız nəticəni verməyəcək.

- Bilirik ki, ədəbiyyatın insanlara bir cür təsiri var, musiqinin bir başqa cür. Bəs fotoqrafiyanın insanlara nə kimi təsiri var? Bu sahəni sənətə çevirmək həqiqətən lazımdırmı?

- Bunu belə izah edim. Məsələn, Qobustan qayalarında çəkilmiş o rəsmlərin də, rəssamların yaratdığı əsərlərin də ən birinci, ən əsas missiyası xəbər ötürmək olub. Fotoqrafiyanın da ilk yarandığı vaxtdan ən əsas işi informasiyadır. Ədəbiyyat bizim mənəvi qidamızdırsa, fotoqrafiya da vizual qidamızdır. Bizi çəkdiyimiz fotolar lap min il sonraya da informasiya ötürə biləcək. Və bu vizual informasiyalar bəzən o biri informasiyadan artıq olur, bizə nəsə dərs keçir, nəyisə öyrədir. Yəni fotoqrafiyanın da mənəvi təsiri var.

- Səfiyar, sarı rəngə qəribə sevgin var. Ayrılıq rənginə...

- Elədi, sarı rəngi çox sevirəm və bu rəngi niyə ayrılıq rəngi saydıqlarını bilmirəm. Bu rəngi sevməyimin xüsusi səbəbi yoxdur. Psixologiyada araşdırmışam, sarı rəng surətpərəst, eqoist adamların daha çox sevdiyi rəng imiş. Yəni, bəlkə xarakterimin də buna təsiri var (gülür).

- Fotoqrafiyada istedad və zəhmət balansı necə tənzimlənir? İstedad nə dərəcədə önəmlidir?

- Mən bir dənə də olsun təhsilsiz, məşqsiz, araşdırmasız istedada inanmıram. Tək fotoqrafiya yox, bütün sahələrdə. İstedad deyilən şey varsa, hamı istedadlıdır, bütün doğulan uşaqlar istedadlıdır. Çətini o uşaqlıqdan çıxdığın dövrdə o istedadı qoruya bilməkdir. Daha doğrusu, valideynin o istedadı hiss edib uşağı düzgün yönləndirməsi çox vacibdir. Yox, əgər istedad yoxdursa, deməli hər şey zəhmət, məşq, oxumaq və öyrənməkdən asılıdır.

- Son olaraq səndən fotoqrafiyada “anı tutmaq” adlandırılan məqam haqqında soruşmaq istəyirəm. Anı tuta bilmək üçün nə etmək lazımdır?

- Fotoda şans məsələsi var, bu danılmazdı. Hətta deyərdim ki, şans ən vacib məsələlərdən biridir. Söhbət təkcə ilahi şansdan yox, yaradılan fürsətdən də gedir. Məsələn, müharibədə fotoqraf kimi iştirak edə bilən fotoqraflara elə bir şans, imkan yaradılıb, ya da hansısa başqa bir tədbirdə iştirak edən fotoqraflara. Bunların hamısı şansdır. Vacib bir hadisə zamanı həmin məkanda ola bilmək! Məsələn, bir neçə il əvvəl Türkiyədə bir tədbir zamanı rusiyalı diplomatı qətlə yetirdilər və orada olan fotoqraf həmin anı ölümsüzləşdirə bildi. Yaşlı fotoqraf idi, 40 ilin fotoqrafı və o şəklə kimi qeyri-adi bir işi olmamışdı, amma həmin şəkillə “Wordpress” mükafatını qazandı. Nəyə görə? Çünki orada olmaq şansı qazanmışdı və bu şansdan istifadə etdi. Kadrda anı tutmaq da şans məsələsidir. Təbii ki, təkcə şans deyil, həm də ağıl, intuisiya tələb edir. Hadisələri qabaqlaya bilmək, gedişatı təxmin etmək fotoqraf üçün ən vacib xüsusiyyətlərdəndir.

- Onda bundan sonrakı fəaliyyətində və həyatında sənə çoxlu şans arzu edirik!

- Təşəkkür!

# 3773 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #