“Bizə müraciət edib, asılılıqdan qurtulanlar var” – Psixoloq ölkədə yayılan narkomaniyadan danışdı – Müsahibə

“Bizə müraciət edib, asılılıqdan qurtulanlar var” – Psixoloq ölkədə yayılan narkomaniyadan danışdı – Müsahibə
17 iyul 2021
# 15:30

Kulis.az psixoloq Elnur Rüstəmovla son vaxtlar Azərbaycanda yayılan narkomaniya bəlası haqqında müsahibəni təqdim edir.

- Sizcə, xalq arasında "patı", şüşə deyilən maddələrə meyl etmənin əsas səbəbi nədir?

- Ümumiyyətlə, psixoaktiv maddələrin istifadəsi daha çox XX əsrdə inkişaf tapdı, ancaq geniş şəkildə ötən əsrin sonlarında yayılmağa başladı. XX əsrin əvvəllərində bu psixoaktiv maddələr daha çox konkret bəzi sahələrdə işləyən adamlara verilirdi. Misal üçün, İkinci Dünya Müharibəsində faşist Almaniyasının əsgərlərinin daha yaxşı döyüşməsi üçün, qorxunu dəf etmək və daha enerjili olmaq üçün belə psixoaktiv maddələrdən istifadə edirdilər. Bəzi digər fəaliyyət sahələrində də istifadə olunurdu, ancaq elə geniş yox. 90-cı illərə qədər daha çox narkotik vasitələr geniş yayılmışdısa, 90-cı illərdən sonra, 2000-ci illərin əvvəllərində psixoaktiv maddələr də artıq cəmiyyətdə yayılmağa başladı. Əvvəl Qərb ölkələrində yayıldı, daha sonra digər ölkələrdə, həmçinin Azərbaycanda da bundan asılı insanların sayı artmağa başladı. Fikir verirsinizsə, əvvəllər bizdə kişilərdə bəlli bir yaşdan sonra narkotik maddələrə həvəs yaranırdı. Ancaq bu gün görürük ki, təkcə kişilər yox, həm də qadınlarda, həmçinin müxtəlif yaş qruplarına aid insanlarda narkotik maddələrdən asılılıq yaranır. Qloballaşan dünyada komfortlu, rahat həyat yaşamaq istəyən insanlarda bu istəyin fonunda yaranan ümidsizlik, gərginlik bu cür maddələrə, zərərli vərdişlərə meylin yaranmasına səbəb olur. İkinci ən ciddi məqam ondan ibarətdir ki, bunlar insanlar üçün əlçatandır. Bu maddələrin əlçatan olması daha çox insanın bu bəlaya düşməsinə səbəb olur. İlkin mərhələdə bu yola meyl edən adamların həmin narkotik maddələri, psixoaktiv vasitələri almağa maddi imkanı çatır, ancaq asılılıq artdıqca, şəxsiyyət parçalandıqca, həmin adamlar əllərində olan hər şeyi buna xərcləyir, ailə üçün problem yaratmağa başlayırlar, cəmiyyət üçün problem yaratmağa başlayırlar.

Gallery

- İnsanlar hər hansı depressiv vəziyyətdə, dərman və ya başqa köməkçi, yaxud zərərli nələrsə qəbul etmədən necə təskinlik tapa, həyata tutuna və rahatıq tapa bilər?

- Bəli, insan depressiv vəziyyətdə ola bilər, itki yaşaya bilər, ayrılıq, ya da ailə problemi yarana bilər, özünü tapmaqda çətinlik çəkə bilər və digər psixoloji faktorlardan dolayı insan bu cür zərərli vərdişlərin təsirinə düşə bilər. Həmin adamlar ilkin mərhələdə buna asılılıq kimi baxmırlar. Düşünürlər ki, bir müddət sonra bundan əl çəkə biləcəklər. Çünki onların heç biri bunun gələcəkdə yarada biləcəyi faciəni, fəlakəti görə bilmir. Əslində isə bundan əl çəkmək çətin prosesdir. Sual verə bilərlər ki, axı təkcə problemi, maddi sıxıntıları-filan olanlar yox, imkanlı adamlar da buna qurşanır. Məsələ orasındadır ki, həmin adamlar da həyatdan ləzzət ala bilmirlər, doya-doya yaşaya bilmirlər və onlar da bu çirkaba batırlar. Onlar həmin narkotik vasitələrin daha fərqlilərindən istifadə edirlər, bu da yenə eyni problemlərə, faciəyə gətirib çıxarır.

- Kütləvi şəkildə yayılan bu kimyəvi vasitələr gənclərin psixologiyasına necə təsir edir?

- Kütləvi şəkildə istifadə etdikcə bütün yaş qruplarının psixologiyasına təsir edir. Birinci növbədə yuxusuzluq, iştahsızlıq, tərləmə, gərginlik kimi simptomlar olur, psixoloji cəhətdən isə simptomlar psixozdan, şizofreniyadan əziyyət çəkən insanlardakı simptomlara bənzəyir. Belə aludəçiliyi olan adamlar da sonradan psixoz, şizofreniyadan əziyyət çəkə bilər və onlarda hallüsinasiya, sayıqlama kimi digər psixoloji fəsadlar yarana bilər.

- Asılılıq öncəsi nə kimi addımlar atılmalıdır?

- Kimsə bir yaxınında, ailə üzvündə belə bir asılılığın olduğundan şübhələnsə, ilk olaraq vaxt itirmədən onu yoxlanışa aparmalıdır. Ən azından test edib öyrənmək lazımdır ki, bu adam ondan istifadə edir, ya yox? Əlbəttə, həmin şəxslər söz verə bilər ki, bir də bunu etməyəcək, əl çəkəcək, amma onların bu dediyinə qətiyyən güvənmək, etibar etmək olmaz. Burada peşəkar psixoloji dəstəyin göstərilməsi vacibdir. Həm narkoloq, həm də psixoloq bərabər çalışmalıdır. Zamanında aşkar eləmək və reabilitasiyaya götürmək lazımdır. Bundan tamamilə qorunmaq üçün isə valideyn uşağının asudə vaxtını necə, kiminlə keçirdiyi ilə maraqlanmalıdır. Həmçinin uşağının cibində nə qədər pul olduğunu bilməlidir. Çox istəyərdim ki, orta məktəblərin yuxarı siniflərində davamlı maarifləndirmə işləri aparılsın. Maarifləndirmə işləri nə qədər çox olsa, biz bundan bir o qədər qorunarıq. Bu gün hüquq mühafizə orqanları buna qarşı mübarizə aparır, amma bununla bərabər maarifləndirmə də vacibdir. Düşünürəm ki, belə məsələlərə görə tutulanları həbs etmək əvəzinə reabilitasiyaya göndərmək daha düzgün olar.

- Asılılığa düşən insanlar necə bir mühit yaranmalıdır ki, özlərini bitmiş, təcrid olunmuş, tənha və atılmış hiss etməsinlər?

- Dediyim kimi, reabilitasiya önəmlidir. Bununla bağlı müalicə proqramı var. Həm dərman müdaxiləsi, həm psixoloji yardım... Ümumiyyətlə, belə təsirə düşməmək üçün insanlar birinci növbədə həyat keyfiyyətini artırmağa çalışmalıdır. Həm təhsil vacibdir, həm də məşğulluq. İnsanları işə cəlb etmək lazımdır. İnsanın dünyagörüşü nə qədər geniş olsa, bu cür təsirlərə düşmə ehtimalı bir o qədər az olar.

- Bildiyiniz kimi, Freyd öz təcrübə və müalicələrində narkotik vasitələrdən istifadə edib. Ümumilikdə, bu vasitələrin hər hansı müsbət tərəfi varmı?

- Bəli, Freydin narkotik maddə istifadə etdiyini deyənlər var. Bu, tam dəqiq deyil. Bəziləri deyir, tədqiqat üçün edib, bəziləri deyir, etməyib, amma əsas məsələ budur ki, Freyd bundan asılı olmayıb. Freyd 32 dəfə alt çənəsindən əməliyyat olunub və uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Onun kifayət qədər fiziki ağrıları olub. Ona görə də bu məsələylə bağlı konkret nəsə demək çətindir. Bəli, cəmiyyətdə belə fikir də var ki, narkotik vasitələrin müsbət təsiri var. Onlar da nəyə istinad edirlər? Tutaq ki, 20-30 il bundan öncə yaradıcı adamlar, şairlər marixuanadan istifadə edib, yaradıcılıqla məşğul olurdular. Mən düşünürəm ki, bu fikirlərin arxasınca düşmək lazım deyil, çünki hər marixuana çəkən yaradıcı adam olmur, şair olmur. Diqqətli olmaq lazımdır. Xüsusən yeniyetmələr və gənclərə belə örnək olmaq lazım deyil.

- Asılılıqdan azad olmağın mümkünsüzlüyü haqda söz-söhbətlər işin xeyrinə deyil...

- Asılılıqdan qurtarmaq mümkündür. Bundan xilas olanlar, qurtulanlar var. Bizə müraciət edənlər də var. Yetər ki, qurtulmağı istəsinlər. Mütəxəssis dəstəyi alsınlar. Yetər ki, qurtulmaq üçün addım atsınlar. Bu halda qurtula bilərlər.

- Sonda gənclərimizə, ümumilikdə bu cür vərdişlərə meylli olanlara nə deyərdiniz?

- Gənclərimizə demək istəyirəm ki, narkotik vasitələrdən, psixoaktiv maddələrdən uzaq dursunlar. Bu, ağ ölümdür! Bu, böyük bir faciədir! Tək insanın özü üçün yox, onun doğmaları, yaxın çevrəsi üçün də. Həyatda o qədər ləzzət alınası, zövq alınası şeylər var ki, onun üçün ayıq, sağlam baş lazımdır... O gözəlliyi, o möhtəşəmliyi duymaq üçün... Ona görə də gənclərə tövsiyə edirəm ki, elmə, təhsilə, biliyə yiyələnsinlər. Bu zaman həm özləri, həm yaxınları, həm də cəmiyyət üçün faydalı olarlar.

# 3888 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #