Karantin günləri yavaş-yavaş yumşaldılır. İnsanlar həyatın axarına qoşulmaq üçün həsrətlə gözləyir. Yazarlarımız karantindən sonra ilk olaraq nə planlayıb? Kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.
Anar
- Karantin bitdikdən sonra işə gedəcəm, işləyəcəm. Yeni yazılar üzərində çalışıram. Bitirdikdən sonra hansı əsər olduğunu bildirəcəm.
Sabir Rüstəmxanlı
- Dağlara getməyi və Neftçalada seçicilərlə görüşməyi planlayıram.
Səfər Alışrlı
- Karantindən sonra şəhərə, onun adət etdiyimiz həmişəki ritminə qayıdış kövrək hislər yaradacaq. Biz heç zaman fikir vermədiyimiz şəhər küçələrinin həyatımız üçün necə mühüm əhəmiyyət daşıdığını görəcəyik. Əlbəttə, dostlarla görüşüb haradasa oturmaq, bəşəriyyətin koronavirusdan qurtuluşunu qeyd etmək ləzzətli olar. Məncə, bundan sonra biz hamımız bir-birimizə qarşı daha həssas olacağıq.
Fəxri Uğurlu
- Karantin bitəndən sonra ən böyük istəyim Bakıdan çıxmaqdır. Rayonların birinə getmək istəyirəm. Torpağın qoxusunu duymaq, çiçəklərin səsini eşitmək istəyirəm. Bir sözlə, sağlam həyatın təntənəsini, kainatın harmoniyasını bir daha görmək istəyirəm.
Nəriman Əbdülrəhmanlı
- İşə çıxmağı, vəzifə borcumu yerinə yetirməyi, çoxdandı üzbəüz görüşmədiyim insanlara baş çəkməyi. Əlbəttə vaxt olsa, qadağalar götürülsə, Gürcüstana, Qaraçöpə baş çəkməyi də arzulayıram. Ümid eləyirəm ki, may ayının sonunacan azadlığa çıxacağıq.
Azad Qaradərəli
- İlk olaraq nəvələrimi görməyə gedəcəyəm. Bir gün anamın məzarını ziyarət edəcəm, indi ot basıb yəqin. Təmizlədəcəm, gül qoyub üzr istəyəcəyəm ki, bu qara bayramda onu ziyarət edə bilmədim pandemiyaya görə. Sonra şəhəri doyunca gəzəcəyəm. O tozlu, küləkli şəhərimizin küçələri üçün çox darıxmışam. Sonra dostlarla hardasa bir kafedə-zadda görüşüb bir az dərdləşəcəm. Əkrəm müəllim üçün darıxmışam, onunla zəngləşmişik, görüşəcəyəm. Və, bu ilin martında çıxmış "Morq çiçəkləri" romanımın təqdimatını keçirməyi də düşünürəm. Bir də artıq çapda olan "Qadağan zonası" kitabımın ilk nüsxələrini götürmək üçün nəşriyyata yollanacam. Bir də mənim bir romanım var, ötən ildən bitirmişəm: "Erməni doktorun gündəliyi", onun çapı ilə bağlı məsləhətləşmələr aparacam... Bir də Xəzəri də ayrıca görməyə gedəcəm. Bu dənizə deyəcəklərim var...
Rüstəm Behrudi
- İlk işim doğulduğum kəndə getmək olacaq! Bu karantin dövründə mənə elə gəldi ki, bir də o kəndi görməyəcəyəm! Bir də Tarqovını təkbaşına səhərdən-axşamacan dolaşacam yəqin!
Varis Yolçuyev
- Karantin ədəbiyyatla bağlı mənə elə də əngəl törətməyib, yaradıcılığımı dayandırmayıb, üzərində işlədiyim romanımı yazmaqda davam etmiş, hekayəmi bitirmiş, 989 səhifə Osmanlı tarixi ilə bağlı arxiv materialı ilə tanış olmuş, bir romanımı tərcüməyə hazırlamışam. Yalnız yaradıcılıq görüşlərimi, xarici səfərlərimi, kitab prezentasiyamı, beynəlxalq jürilərdə və redkollegiyalardakı işimi, ədəbiyyat funksioneri kimi beynəlxalq öhdəliklərimin icrasını təxirə salmalı olmuşam.
Yazıçılığım karantindən sonra əvvəliki iş rejimini bərpa etməkdən, vəziyyətdən asılı olaraq təxirə salınanları gerçəkləşdirməkdən ibarət olacaq.
Mehriban Vəzir
- Öncə bir doyunca yürüyəcəm. Sonra yarımçıq qalmış işlərimin ardıyca gedəcəm. Üç-beş yaxın dostum var, onlarla kofe içib söhbət edəcəm. İstədiyin vaxtda evdən çıxmağın müstəsna bir lütf olduğunu düşünəcəm.
Aqşin Yenisey
- Karantin bitən kimi özümə yeddi gün yeddi gecə toy edəcəyəm.
Rəbiqə Nazimqızı
- Planlar çoxdur. İlk növbədə iş üçün darıxmışam, sən demə, biz açıq havada keçirdiyimiz hər ana sevinməliydik. Çoxlu gəzmək istəyirəm. Rayonlara səfər etmək, nə bilim, o qədər arzu var ki, özümü, yəqin ki, azadlığa çıxan məhbus kimi hiss edəcəm. İlk növbədə isə əlbəttə, açıq havada çay və mürəbbə!
Qəşəm Nəcəfzadə
- Ən birinci sevdiyim adamı qucaqlayıb öpmək. Ayrılıq yaman şeydi. Metronun həsrətini çox çəkmişəm. İki saat o başa bu başa metro ilə gedib gəlmək. Bulvarı gəzmək. Şəhərə və adamlara tamaşa eləmək. Çoxlu şəkillər çədirmək. Qumruları yemləmək. Dilənçiləri axtarmaq. Avtobuslara minib boş-boşuna gedib gəlmək. Doyunca çayaxanalarda çay içmək. Hətta Dayandur Sevginə qonaqlıq vermək. Yəqin ki, ilk üç günümü belə keçirəcəm.
Elnaz Eyvaz
- Sağ-salamat bitsin bu karantin, dostlarımı görmək! Burnumun ucu göynəyir dost-tanışdan ötrü. Bir də məktəblər açılsa, şagirdlərimi...