“Bəşir gəlir” meyxanasına əsəbləşən saxtakarlar

“Bəşir gəlir” meyxanasına əsəbləşən saxtakarlar
12 aprel 2021
# 11:30

Neçə gündür, “Yutub” trendinin ilk pilləsində “Bəşir gəlir” videosu durur və bəzi həmvətənlərimizin qəzəbinə səbəb olub. Açığı, söhbəti uzatmadan bəri başdan deyim ki, bizim bu mahnının trend olmasına və bu qədər baxılmasına əsəbləşməyimiz mənə saxtakarlıq kimi gəldi. Guya bizim camaat illərdir sənət nümunələrinin trend olması uğrunda savaşıb və bir gün “Bəşir gəlib”, ondan sonra hər şey bayağılığa bürünüb.

Siz Allah, bu yalançı intellektual görüntünü üstünüzdən götürün. Dünyanın hər yerində bu cür əyləncəli videolar trend olur. Bunun Azərbaycanla uzaqdan-yaxından əlaqəsi yoxdur. Hətta o trendi yaradan da sizlərsiniz. Niyə? Bir video çıxır, bayağılığı özünə sənət seçmiş adamlar girib ona baxır və baxış sayı artır, reytinqlər tavana qalxır. Sonra nə baş verir? Bu dəfə araya intellektuallar girir, onlar da videoya baxıb tənqidlərini yazırlar və nəticədə mahnı əməlli-başlı baxış sayı qazanır, bütün ölkə o videodan danışır.

Nitşe “Zərdüşt belə deyirdi” əsərində təlxəkliyin insanları əyləndirdiyini və bundan zövq aldıqlarını yazırdı. İnsanları nə qədər ciddi söhbətlərə dəvət etməyə çalışsaq da, onlar “Bəşir gəlir”ə tərəf qaçırlar. Bunun da çox sadə və anlaşıqlı səbəbi var. Çünki bəsit, bayağı şeylər daha rahat həzm olunur və düşünməyə ehtiyac qalmır. Sadəcə, dinləyirsən, baxırsan, yaxud oxuyursan, vəssalam, gülürsən, hırıldayırsan, çəpik çalıb oynayırsan, bitir, qurtarır.

Dünyanın hər yerində bayağılıq qalib gəlir. Ona görə də sənət aşiqləri barmaqla sayılacaq qədər azdır. Siz heç hansısa ciddi əsərin günlərlə trend olunduğunu görmüsünüz? Olmur. Olanda da uzaqbaşı sənətlə həşir-nəşir olan tayfa arasında olur, vəssalam. O trendin də ömrü iki-üç gün, bəzən də çox az çəkir. Bəs elə-belə deməyiblər, sənət ucsuz-bucaqsız azlıq üçündür.

Biz isə trenddə olanlara qarşı elə qəzəblə yanaşırıq ki, sanki belə bir şey ilk dəfə baş verir. Hamı tənqid edir, hamı yıxıb sürüyür, hamı lağ-lağı edir. Yaxşı, bəs kimdi bu zövqsüz, əttökən verilişlərə, videolara baxan, mənasız, bədii təfəkkürdən uzaq kitabları oxuyan? Kimlərdir? Axı biz niyə özümüzü aldadırıq? Şəxsən mənim, ilin-günün bu vaxtı “Bəşir gəlir” söhbəti ilə qulağım dəng olmuşdu və açıb “Yutub”da baxdım ki, bu nə söhbətdir. Sonra araşdırdım ki, bu Bəşir kimdir, söhbəti bildim, ürəyim rahatladı. Tay özümü intellektual göstərmək üçün “biz heç vaxt düzələn deyilik, bayağı söhbətlərin ölüsüyük” kimi bir pozaya girmədim. Buna ehtiyac duymadım. Çünki mənə görə sənətin yeri ayrıdır və o həmişə başqa bir respublika kimi qıraqda durub bizə baxır.

O sənətə doğru gedənlər var, olacaq. Sənət yerindədir. Bayağı, əttökən, mənasız şeylər sənətin varlığının təhdidi ola bilməz. Bəzən bizim yazı-pozu adamlarında da yersiz qəzəb görürəm. Filan şey niyə çox baxıldı? Filankəs niyə belə mənasızdı, amma hamı onu izləyir?

Bu qəzəb hardandır, dostlar? Siz sənət yaratmaq iddiasında deyildinizmi? Yuxarıda yazdığım həqiqəti hamınız məndən yaxşı bilirsiniz: ucsuz-bucaqsız azlıq! Siz sənətin, ədəbiyyatın, ciddi söhbətlərin trend olmasını arzulayırsınızsa, üzr istəyirəm, heç nəyi başa düşməmisiniz. Heç kim və heç nə sənətin yerini dar eləmir. Sənətlə məşğul olanlar azlıqla barışmalıdırlar. Çünki sənət “Bəşir gəlir” kimi gündəlik bir şey deyil, o, zamana, tarixə hesablanır. Və narahat olmayın, tarix sənət olan heç nəyi unutmur. Buna adım kimi əminəm!

# 5015 dəfə oxunub

Oxşar xəbərlər

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

18:40 31 avqust 2026
Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

18:38 31 avqust 2026
Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

18:15 31 avqust 2026
Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

17:30 31 avqust 2026
“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

15:30 31 avqust 2026
Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

15:00 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər