Çimnaz Sultanovaya rəhmət oxuyanlar - Nəyi sübut etmək istəyirsiniz?

Çimnaz Sultanovaya rəhmət oxuyanlar - Nəyi sübut etmək istəyirsiniz?
16 yanvar 2025
# 12:25

Kulis.az Eminqueyin dünən vəfat etmiş aktrisa Çimnaz Sultanova haqqında yazısını təqdim edir.

Əvvəla, hamınızın ölənləri rəhmətlik.

Allah gecindən versin!

Sonrası...

Aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı yazılan yazılar, yazılara bildirilən fikirlər və dahası.

Dahası budur ki, yenə də hərə öz qustar üsulla düzəltdiyi insanlıq hissini əlinə alıb çıxıb bazara, soxmağa adam gəzir. Orasına baxırsan, burasına baxırsan, yaxşıca bir etiket tapırsan, görürsən ki, əllə tikilib. Okazıvayetsya, bu heç ərəbiski də deyilmiş, nə bilim, nə zibiliskidir?!

Guyammış, bunların hamısı ömrü boyu insanlıq faktoruna söykənib yaşayır, artıq cənnətin yeddinci qatında özlərinə ev alıb adlarına da keçiriblər. Guyammış, bircə dəfə də olsun, ölünün dalınca danışmamış, lal-dinməz plovundan yeyib, dovğasından içib noxudunu axıra saxlamış, sonra o noxudu da qaşıqla aşırtmış, lavaşarası halvadan dürtmüş, fatihə surəsini oxuyub getmişlər.

Həmişə düşünmüşəm, ədalət donu, həqiqət libası ancaq diri adamın əyninə biçilməlidir? Yəni, bir adam öldüsə, onun mahiyyəti yoxamı çıxır? Dünyasını dəyişən adam haqqında “mərhumu necə tanıyırdınız?” sualının cavabı niyə həmişə “yaxşı” olur? Axı bu sualın cavabı iki-üç adamın arasında ayrı cürdür?! Axı heç kim heç vədə nəşəxorun ölüsünə imanlı demir, əxlaqsızın ölüsünə mənəviyyat abidəsi qoymur?! Bəs, necə olur, canı-dildən “yaxşı” cavabı verə bilir? Elə dovğanın noxudu dibində gizləndiyi kimi həqiqət də gizlənib, içib-içib bu söhbətin dibinə çıxmaq lazımdır.

Gəlin, belə deyək. Nəinki ölünü, heç dirini də söymək yaxşı şey deyil. Amma ölünü olmayan yerdən mazata mindirmək... bu da, bir növ, söyüşdür. Özünə və dəyərlərinə. İndi camaat neyləsin ki, Çimnaz Sultanova bir az başqa cür yaşadı?!

Elə aktyorlar, aktrisalar var ki, onları məşhur edən obrazdan çıxa bilmirlər. Məncə, belə aktrisalardan biri Çimnaz Sultanova idi.

"Vicdan haqqı" serialının Larisası, daha dəqiqi, evli kişinin gəzdiyi ikinci arvad. Bir növ, ailə dağıtmaq missiyası ilə məşğul idi. O serialdan sonra bu xanımın qapısı açıldı. Allah hamının qapısını açsın! Başladı oxumağa. Ehtiraslı səslə (cıqqan səsi olar, ya olmaz).

Sonra ehtiraslı fotolar çəkdirdi. İri yan(aq)larını ora oynatdı, bura oynatdı, sinəsini dikəldib pozalar verdi. Sonra eyvanda alt paltarsız - qara tül paltarda videosunu paylaşdı. Və nəhayət, çıxıb dedi ki, Azərbaycanın seks simvolu özüməm.

Dəhşətli xəstəlikdir.

Nə bilim, hər bu xanımı görəndə, istər-istəməz qıcıqlanırdım. Yastı-yapalaq danışığı, əzilib-büzülməyi, müəyyən əzalarını gözə dürtməyi... Bəzən insan hansısa filmdə, serialda özünü oynamaqla da məşhurlaşa bilir. Əclaf rolunu oynamağa nə var? Aşağı-yuxarı, çox adam özünü oynayır. Ən çətini yaxşı, dürüst insan rolunu oynamaqdır.

Belə bir obraz yaratmışdı Çimnaz xanım. “Mərhumu necə tanıyırdınız?” sualı adamlara tək-tək verilmir axı... Ki, onu yaxından tanıyan adamların fikirləri nəzərə alınsın. Azlıq çoxluğa tabe olur. Külli-camaat da onu belə tanımışdı...

Kimisi yaza bilirdi, deyə bilirdi bu məqamları, kimisi yox. İstənilən halda, nəticə dəyişmir. Dəyişən insanların sifətidir. O insanların ki, özləri də diri-ölü tanımayıb ağız büzərlər, söyüş söyərlər, əşşi, olsun, lap elə söyüşsüz-zadsız sağ ikən bəyənməzlər bu tip adamları, amma di gəl, indi olublar qolçomaqlı, düşüblər həmfikir olmadıqlarının üstünə.

Ay qardaş, pulsuz-parasız niyə oynayırsınız? Niyə özünüzü həlak edirsiniz? Niyə dəridən-qabıqdan çıxırsınız? Niyə isbat etməyə çalışırsınız ki, ölənin obrazı, reputasiyası əla, siz də yaxşı insansınız? Baxın, hətta, hətta və hətta sizin bu süniliyinizin, ikiüzlülüyünüzün müqabilində Çimnaz xanım “mən Azərbaycanın seks simvoluyam” deyib lüt şəkillər çəkdirəndə daha təbii idi...

İndi nə başlamısınız ki, belə idi, elə idi.

Əslində, çox sərt yaza bilərdim, amma nə mən sizin linçinizə hazıram, nə də siz bu həqiqətə.

Əsas odur ki, ölənə baxıb dərs götürün, öləni öyəndə də, söyəndə də yaxşıca düşünün: Sizi kim öyəcək, sizi kim sevəcək?

# 1180 dəfə oxunub

Oxşar xəbərlər

Hollivudu tərk edən Kemeron Diaz ilk dəfə qırmızı xalçada

Hollivudu tərk edən Kemeron Diaz ilk dəfə qırmızı xalçada

14:00 16 yanvar 2025
Xalq yazıçısına Prezidentin fərdi təqaüdü veriləcək

Xalq yazıçısına Prezidentin fərdi təqaüdü veriləcək

13:35 16 yanvar 2025
“Xəzər” jurnalı ADU-da nəşr olunacaq

“Xəzər” jurnalı ADU-da nəşr olunacaq

13:04 16 yanvar 2025
2025-ci ildə nümayiş olunacaq filmlər - Siyahı

2025-ci ildə nümayiş olunacaq filmlər - Siyahı

12:20 16 yanvar 2025
Qədim kitablar bərpa edilir

Qədim kitablar bərpa edilir

11:49 16 yanvar 2025
"Kral uduzarsa" serialı başlayır - Treyler

"Kral uduzarsa" serialı başlayır - Treyler

11:33 16 yanvar 2025
# # #