"Çəmənzəminli niyə şaman ayinindədir?" - Rəvan Cavid

"Çəmənzəminli niyə şaman ayinindədir?" - Rəvan Cavid
18 sentyabr 2023
# 16:00

Kulis.az Rəvan Cavidin "AzTV-dəki şəxsiyyət pozuntusu" adlı yazısını təqdim edir.

Son vaxtlar Azərbaycanda çəkilən, Azərbaycanın tarixindən və şəxsiyyətlərindən bəhs edən sənədli filmlərə baxıram.

Bu filmlərin çoxunda AzTV imzası var. “Qızıl fond”un arxivlərindən istifadə edib maraqlı işlər görə biləcək potensialdadırlar. Təəssüf ki, bütün kamera kültləri kimi sənədli film mədəniyyətində də ən az əlli-altmış il arxadayıq. İzlədiyim on sənədli filmdən cəmi-cümlətanı biri normal idi.

Amma indi ən dəhşətlisindən və ən təhlükəlisindən danışacam.

AzTV-nin Yusif Vəzir Çəmənzəminli haqqında hazırladığı “Azad buludlar kimi” sənədli filminə beş-on dəqiqə heç nə anlamadan baxdıqdan sonra fikirləşdim ki, yəqin ssenari müəllifi Varisdir.

Sonra titrları oxuyanda gördüm, yox, bu başqa bir əcaib istedada bürünmüş kəsimizdi.

Yumşaq desək, bu sənədli film Yusif Vəzir Çəmənzəminli şəxsiyyətini alçaltmaqdan, onun fəaliyyətini anlamamaqdan doğan, “yaradıcı olmaq lazımdır” deyərkən istedadsızlığın pik həddini göstərməkdən başqa bir şey deyil.

Hansı ehtiyac bir ssenari müəllifinə belə təhqiredici film yazmağı diqtə edə bilər, onu da bilmirəm. Və ya AzTV-nin bədii rəhbəri, doğrudanmı, bu filmi izləməyib? Çəmənzəminlinin ruhundan üzr istəyərək bunu da deyim ki, düşmənləri heç onunla belə məzələnməyib.

AzTV tarixi şəxsiyyətlərimizi gözdən salmaqla məşğuldur. 2000-lərin əvvəllərində şairlər haqqında sənədli film çəkirdilər. Hansısa şair (bu çox vaxt bığı olan və yaltaqlıqdan beli bükülmüş qocaman nəğməkar şair olurdu) evin bağında, ya da bələdiyyənin hansısa meyvə bağında asta-asta yeriyib barmaqları ilə yarpaqlara toxunurdu.

Sonra həmin ağacın qoca gövdəsinə sarılıb düşünürdü. Sonra bardaş qurub otururdu yaşıl otların üstündə. Birdən yanında bir aşıq peyda olurdu. Bu danışdıqca aşıq da “Ruhani”, “Baş sarıtel” çalırdı. Şairin danışdıqları da aşağı-yuxarı belə idi: “Mən uşaqlıqdan şeir yazıram. Dağları, daşları, quşlar Süleyman peyğəmbər kimi dinləyirəm. Şairlik ilahi bir sənətdir. Var olsun Azərbaycan!”
Sonra dövr dəyişdi. Digital dünya, robotlar, “Tesla”lar, medianın ahəngi, reklamlar, post-tru dövr və başqa şeylər.

AzTV gördü ki, şairlər artıq çəmənlikdə gəzişmir, asfaltda maşın sürür, onlar da sənədli filmlərin üslubunu (bütün estetlərdən üzr istyirəm) dəyişdi.

İndi şairləri iş otaqlarında elə yaltaqlanan yerdəcə çəkirdilər. Həmin şairlər də məktəb illərindəki sevgilərindən dəm vururdu. Sonra isti çaydan bir qurtum alıb başlayırdılar: “Bilirsiniz necədi...”
Hə, bax, mən o ifadədən sonra kanalı dəyişirdim. Çünki mənim tanıdığım şairlər fikirlərini bu qədər istedadsız ifadə etmirlər.
Dövr bir az da dəyişdi. AzTV-də də təmir işləri getdi. Bütün heyət dəyişdi. Kanal canlandı. Ümid verirdi ki, hər şey gözəl olacaq. Olmadı. Başladılar yazıçılar, şairlər haqqında çəkdikləri filmlərə əndirabadi don geyindirməyə.
Məsələn, elə “Azad buludlar kimi” filmindən danışaq.

Birincisi, Çəmənzəminlinin ağrılı həyat hekayəsi ilə bu adın nə əlaqəsi var? Cabbarlı haqqında film çəkərsən, adını qoyarsan “Azad bir quşdum”, yenə başa düşmək olar ki, ssenaristin istedadı hələ dəyməyib, kaldı, nəsə etmək istəyir. Amma Çəmənzəminli, dərinə getsək, heç siyasi, sosial azadlıq axtarmırdı axı.

İstədiyi rahat bir həyat idi ki, oturub romanlarını yazsın. Onu da vermədilər. Azərbaycan ədəbiyyatının ilk sanballı romanını yazan bu yazıçının həyatını bu ad ifadə etmir axı.

Film otuz dəqiqə Ramil Zeynalov adlı pafosdan boğulan, zarıldaya-zarıldaya vərəqdən mətni oxuyan, bir qram da Çəmənzəminli haqqında hansısa hissi “autotune” edilmiş səsi ilə ötürə bilməyən nəfərin əks-səda verən mənasızlığı ilə müşayiət olunur.
Beş-altı aktyor da guya şaman-dərviş qrupu yaradıb yazıçının ətrafında fırlanır, ona nəsə deyir.

Əziz AzTV, şamanların kim olduğunu bilirsiniz? Şamanlar təlxək deyil axı, onların ayinləri belə yüngül keçmir axı? Çəmənzəminli niyə şaman ayinindədir? Dəli yığıncağı qurub Çəmənzəminlinin narahat ruhunu niyə bir az da narahat edirsiniz? Şamanın əlində tutduğu qaval qənim olar axı sizə.

Deməli, Ramil Zeynalov iyirmi beş dəqiqə yazıçının “Qızlar bulağı” və “Bir cavanın dəftəri” əsərlərindən hissələr oxuyur. Beş dəqiqə də Çəmənzəminlinin həyat və yaradıcılığından danışır. Bir cümlə də olsun yeni nəsə yoxdur.

Kulisin “Maraqlı faktlar”ından daha çox şey öyrənə bilərsiniz. Əlinin altında o boyda arxiv, “Qızıl fond” ola, ölkədə istədiyin adamın yaxasından tutub müsahibə ala biləsən, istədiyin yerə giriş-çıxışın rahat ola, ancaq istifadə etməyəsən, götürüb kameranı belə bir rəzil film çəkəsən. Günahdı, vallah.

Filmin sonunda Çəmənzəminli dərvişlərlə oynaya-oynaya 28-dəki yeraltı keçidlərdən birinə girir. Niyə? Niyə bu kadr var? Filmin elə bir hissəsi yoxdur ki, orda gülməyim. Belə Çəmənzəminli həyatı olmaz axı, müəllim. İndi bu filmdən sonra mən “Studentlər”i necə ciddiyə alım?!

Hələ axırda da yazıblar ki, filmdə AzTV-nin arxiv materiallarından istifadə edilib. Başa düşmədim ki, ölkənin birinci televiziyasının arxivi vikipediyadan qurulub? Belə arxiv olar, müəllim?
Filmdə deyilən hər şey, hətta daha artığı quqlda var da. Bəs bu ssenarist nə yazıb, nə araşdırıb? Həmid Herisçini işdən çıxarıb yerinə belələrini gətirirsiniz ki, ölkənin tarixini təhqir edəsiniz?

AzTV hamımızı təhqir edir, üzümüzə tüpürür, müqəddəs nəyimiz varsa, hamısını çeynəyib atır qabağımıza.

Niyə? Nəyə görə Azərbaycanın ən görkəmli, dünyaya təqdim edə biləcəyimiz bir romançısı ilə məzələnirlər? Çəmənzəminli dəli meymun olub məgər? Lap dəli olub, niyə gözünə şaman görünür bu yazığın? Şaman da şaman deyil e, şeyx qiyafəsindəki bir dəlibaşıdır. Hətta dəlini də normal təqdim edə bilməyən telekanal necə ölkənin birinci telekanalı statusunu daşıyır, anlamıram.

AzTV-nin belə filmləri olduqca bizə düşmən-zad lazım deyil, özümüz öz dəyərlərimizi unudacağıq. Təsəvvür edin, məktəbli biri Çəmənzəminlini araşdırır və qabağına bu film çıxır. Səhər gedib məktəbdə deyir ki, müəllim, Yusif Vəzir Çəmənzəminli elə də böyük kişi deyil, aşağı-yuxarı bir dəli idi, yeraltı keçiddə ürəyi partlayıb ölüb.
Faciədir.

# 3138 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #